Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-28/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra Lpo "xxxx" ASC-nin LƏSF) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı Lpo "xxxx" ASC-nin LƏSF-nun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Lpo "xxxx" ASC-nin LƏSF-nun Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-38/2021 nömrəli qətnaməsindən iddiaçı Lpo "xxxx" ASC-nin LƏSF və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 23 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən cavabdehə 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 45.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. xx.xx.2015-ci il tarixli, ********* nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətindəki Qazax rayonunun Çaylı kəndində yerləşən, ümumi sahəsi 141,6 v.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evi ipoteka ile yüklü etmişdir. İpoteka predmeti 65.000 manat məbləğində qiymətləndirilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № 0638269, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan çıxarışın surətindən görünür ki, Qazax rayonunun Çaylı kəndində yerləşən, ümumi sahəsi 141,6 v.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu 43.550,20 manat, faiz borcu 7.883,08 manat, cərimə borcu 1.586,06 manat olmaqla, ümumi borc 53.019,34 manat təşkil edir.
5. İddiaçı tərəfindən cavabdehlə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/781 nömrəli ekspet rəyindən görünür ki, Cavabdeh iddiaçı LPO "xxxx" ASC-nə xx.xx.2018-ci il tarixə olan əsas borc üzrə 44052,87 manat, faiz borcu üzrə 7230,79 manat olmaqla, ümumilikdə 51.283,66 manat təşkil edir.
7. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 179 saylı rəyindən görünür ki, Cavabdeh Qazax rayonunun Çaylı kəndində yerləşən, ümumi sahəsi 141,6 v.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinin real bazar dəyəri 50.000 manat qiymətləndirilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/7896-9/8750 nömrəli ekspert rəyindən görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 51000.0 manat, hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyərinin isə təqribən 46000.0 manat məbləğində olduğu müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3541-9/3728 nömrəli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın alqı-satqı bazarında, brija məlumatlarına, eləcə də internet saytlarında yerləşdirilən məlumatlarda fərdi yaşayış evlərinin alqı-satqısı həmin evlərin yerləşdiyi torpaq sahələri ilə birlikdə həyata keçirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Lpo "xxxx" ASC-nin LƏSF Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 43550,20 manat əsas, 7883,08 manat faiz, 1586,06 manat cərimə, cəmi 53019,34 manat nəbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tutmanın Cavabdeh məxsus 0,08 ha torpaq sahəsi ilə birlikdə Qazax rayonunun Çaylı kəndində yerləşən, ümumi sahəsi 141,6 kv.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il 23 aprel tarixli ********* №-li kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-nin Qazax filialından illik 20 %-lə 24 ay müddətinə 45000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 51566 manat təşkil edir. Borcun təminatı olaraq Cavabdeh məxsus Qazax rayonu, Çaylı kəndində yerləşən ümumi sahəsi 141,6 kv.m, 48 kv.m yaşayış və 93.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə 2015-ci il 23 aprel tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 23 aprel tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 faiz dərəcəsi ilə, aylıq isə 3,33 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənir. 2018-ci il oktyabrın 18-dək cavabdehin ləğv prosesində olan "xxxx" ASCyə 43550,20 manat əsas borc, 7883,08 manat faiz borcu, 1586,06 manat cərimə borcu olmaqla ümumilikdə 53019,34 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.
12. Qazax Rayon Məhkəməsinin 2(023)-38/2021 saylı mülki iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilmiş, Cavabdeh 43550.20 manat əsas, 7230.79 faiz, 400 manat cərimə, cəmi 51180.99 (əlli bir min bir yüz səksən manat doxsan doqquz qəpik) manat kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borcun ödənilməsi ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan, Qazax rayonunun Çaylı kəndində yerləşən ümumi sahəsi 141,6 kv.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi, Qazax rayonunun Çaylı kəndində yerləşən ümumi sahəsi 141,6 kv.m, yaşayış sahəsi 8,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunan vəsaitin və girov predmetinin hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, 145 (bir yüz qırx beş) manatın ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, 300 (üç yüz) manatın Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 465.2, 467, 470.1, 472.2 və 739.2-ci maddələrinə istinad etmiş, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 4, 33, 34.1.1 və 59-cu maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı Lpo "xxxx" ASC-nin LƏSF apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-38/2021 nömrəli qətnaməsinin faiz və cərimə borcunun qismən təmin edilməsi, eləcə də ipoteka predmetinin qiymətinin bazar qiymətinə əsasən müəyyən edilməsi hissəsində əsassız olduğundan ləğv edilməsi, ipoteka predmetinin likvid qiyməti müəyyən edilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki,məhkəmə faiz borcunu azaldarkən ekspert rəyini əsas götürmüş, iddia ərizəsi ilə birgə təqdim olunmuş maliyyə arayışını nəzərə almamışdır. Bundan başqa cərimə borcunun azaldılmasını əsassız hesab edirlər. Eyni zamanda məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini real bazar dəyəri ilə müəyyən edərkən qanunun tələblərini pozmuşdur.
16. Həmçinin, Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-38/2021 nömrəli qətnaməsinin dəyişdirilməsi və iddianın faiz borcunun tutulması hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, məhkəmə işi ümumiyyətlə araşdırmamışdır. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi maliyyə arayışında gecikdirilmiş faiz borcu həddən artıq çox göstərilmiş,bu gecikdirilmiş əlavə faiz borcunun nəyə əsasən şirildilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Bank əsassız olaraq işi məhkəmə keçirməyərək, uzadaraq istədiyi faiz yazmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Lpo "xxxx" ASC-nin LƏSFnun nümayəndəsi X4 apellyasiya cavabdeh tərəfindən şikayətinin dəlillərini əsassız hesab edərək və verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onlar tərəfindən verilmiş şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun qismən təmin edilməsi, eləcə də ipoteka predmetinin qiymətinin bazar qiymətinə əsasən müəyyən edilməsi hissəsində əsassız olduğundan ləğv edilməsi, ipoteka predmetinin likvid qiyməti müəyyən edilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
34. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
35. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
36. Maddə 59. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
51. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmunundan görünür ki, qətnamənin faiz və cərimə borcunun tutulması, eləcə də ipoteka predmetinin qiymətinin bazar qiymətinə əsasən müəyyən edilməsi hissələri mübahisələndirilir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-38/2021 nömrəli qətnaməsi - Qazax rayonunun Çaylı kəndində yerləşən ümumi sahəsi 141,6 kv.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi - hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 46.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır.
53. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, xx.xx.2015-ci il tarixli, ********* nömrəli - kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh illik 20 faiz dərəcəsiylə 24 ay müddətinə 45.000 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminat olaraq, Cavabdeh mülkiyyətindəki Qazax rayonunun Çaylı kəndində yerləşən, ümumi sahəsi 141,6 v.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, ********* nömrəli sonrakı ipoteka müqaviləsilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra borcalan kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və lazımınca üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
55. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdehlər isə borclu statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
57. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca vaxtında icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
58. Borcun düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2021-ci il tarixli, 9/781 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı LPO "xxxx" ASC-nə xx.xx.2018-ci il tarixə olan əsas borc üzrə 44052,87 manat, faiz borcu üzrə 7230,79 manat olmaqla, ümumilikdə 51.283,66 manat təşkil edir.
59. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
60. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
61. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq borcalandan tutulmalı olan xx.xx.2021-ci il tarixli, 9/781 nömrəli kredit müqaviləsi üzrə yalnız faiz borcunu rəyə uyğun müəyyən etmişdir.
62. Əsas borcun rəydə çox göstərilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə ekspert rəyində əsas borc artıq göstərilsə də, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi haqlı olaraq əsas borcu həmin müqavilə üzrə tələb olunan həddə müəyyən etmişdir.
63. Məhkəmə kollegiyası eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticəni əsaslı hesab edir.
64. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
65. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
66. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
67. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
68. Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
69. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
70. Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Həmçinin işin hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmış, 400 manat məbləğində müəyyən etməklə əsaslı nəticəyə gəlmişdir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
71. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları tutmanın Cavabdeh məxsus Qazax rayonunun Çaylı kəndində yerləşən, ümumi sahəsi 141,6 v.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi üçün əsasdır.
72. Çünki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
73. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır.
74. Yuxarıda göstərildiyi kimi, məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir.
75. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
76. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
77. Birinci instansiya məhkəməsi 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının tutulmasının da ipoteka predmetinə yönəldilməsində haqlı olmuşdur.
78. Belə ki, “İpoteka haqqında” Qanunun 4-cü maddəsində ipoteka ilə təmin edilən tələbin həcmi müəyyən edilərək göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərər, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərcləri və digər xərclər də daxil edilməklə tam həcmdə təmin edilir.
79. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur.
80. Həmçinin, “İpoteka haqqında” Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
81. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.
82. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 179 saylı rəyindən görünür ki, Cavabdeh Qazax rayonunun Çaylı kəndində yerləşən, ümumi sahəsi 141,6 v.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinin real bazar dəyəri 50.000 manat qiymətləndirilmişdir.
83. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, mübahisəli ipoteka predmetinin ilkin satış qiymətini 50.000 manat məbləğində müəyyən etmişdir.
84. İddiaçı bank tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan dəlillərin araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspetin xx.xx.2021-ci il tarixli, 10/7896-9/8750 nömrəli rəyindən görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 51000.0 manat, hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyərinin isə təqribən 46000.0 manat məbləğində olduğu müəyyən edilmişdir.
85. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
86. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 38.2.2-ci maddəsindən görünür ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.
87. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
88. Kollegiya bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 46.000 manat məbləğdə müəyyən edilməsi əsaslıdır. Çünki, rəy kifayət qədər əsaslandırılmışdır və müqayisəli təhlilin nəticələrinə istinad edilməklə reallığı əks etdirir.
89. Həmçinin, kollegiya göstərir ki, ipoteka predmetinin satıldıqdan boşaldılmasının tələb edilməli olması da əsaslıdır.
90. Belə ki, “İpoteka haqqında” 59.3-cü maddəsində göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
91. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
92. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
93. Cavabdehin apellyasiya şikayətinin bank tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun şişirdilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər də iş materialları ilə təsdiqini tapmır. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə edilmiş hər hansı bir ödəniş barədə sənəd (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəmələrə təqdim olunmamışdır.
94. Halbuki Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Eyni zamanda kollegiya onu da qeyd edir ki, cavabdeh borcalan bankın kredit müqaviləsi üzrə əsas və faiz borcunun şişirdilməsini göstərsə də, bu nəticəyə hansı əsaslarla gəlməsini apellyasiya şikayətində yetərincə əsaslandıra bilməmişdir. Kollegiya xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
95. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
97. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
98. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
99. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-38/2021 nömrəli qətnaməsi - Qazax rayonunun Çaylı kəndində yerləşən ümumi sahəsi 141,6 kv.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi - hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 46.000 manat məbləğdə müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməlidir.
100. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
101. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.3, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-38/2021 nömrəli qətnaməsi - Qazax rayonunun Çaylı kəndində yerləşən ümumi sahəsi 141,6 kv.m, yaşayış sahəsi 48,0 kv.m, yardımçı sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi - hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti 46.000 (qırx altı min) manat məbləğdə müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza xərci borcalana aid edilməklə, 100 (yüz) manat pul Cavabdeh tululub SAP (XİİS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.