Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-280/2025 27.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin (bundan sonra- BOKT) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tаrixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları BOKT ilə Cavabdeh1(borcalan) arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli, 2019/00001EQ-0266 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 40 faiz dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə BOKT ilə Cavabdeh2 və Cavabdeh3 arasında 08 yanvar 2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. BOKT tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 08 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın 08 may 2020-ci il tarixə əsas kredit borcu 2247,92 manat, faiz borcu 602,76 manat, cərimə borcu isə 630 manat olmaqla, cəmi 3480,68 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı, Cavabdeh1 ilə bağlanmış 08 yanvar 2019-cu il tarixli 2019/00001EQ-0266 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2247,92 manat əsas, 602,76 manat faiz, 630 manat cərimə borcu olmaqla, cəmi 3480,68 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən BOKT tərəfindən Cavabdeh1 illik 40 faizlə 24 ay müddətinə 3000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borc alanın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə BOKT ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən tələb olunan məbləğdə kredit borcu yaranmışdır. Qazax Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 2(023)-786/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli, 2019/00001EQ0266 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2247,92 manat əsas, 602,76 manat faiz, 220 manat cərimə borcu olmaqla, cəmi 3070,68 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 08 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən onun 2247,92 manat əsas, 602,76 manat faiz, 630 manat cərimə borcu yaranmışdır. Məhkəmə işi hallarının nəzərə alaraq hesab etmişdir ki, 630 manat məbləğində cərimə pulunun 220 manat məbləğində azaldılması məqsədəuyğundur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 449.2, 467, 470.1, 472.2, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh3 apellyasiya şikayəti verərək həmin qətnamənin ona münasibətdə olan hissədə ləğv edilməsi və iddia tələbinin ona münasibətdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 hərbçidir, məhkəmə işi ilə bağlı xidmət etdiyi hərbi hissəyə heç bir məktub, bildiriş, çağırış, qətnamə göndərilməmiş və buna görə də o, məhkəmədə olan işdən xəbərsiz olmuşdur. Bundan əlavə, iddianın əsasını təşkil edən 08 yanvar 2019-cu il tarixli zaminlik müqaviləsi onun tərəfindən imza edilməmiş və həmin müqavilədən xəbəri olmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri BOKT apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. BOKT, cavabdehlər Cavabdeh1, Cavabdeh2 apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qətnamədən yalnız Cavabdeh3 apellyasiya şikayəti verdiyi üçün qətnamənin əsaslılığı və qanuniliyi ona münasibətdə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür(kredit müqavilsi bağlanan zaman- 08 yanvar 2019-cu il tarixdə qüvvədə olan redaksiyada). Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər(kredit müqavilsi bağlanan zaman- 08 yanvar 2019-cu il tarixdə qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, BOKT tərəfindən Cavabdeh1 08 yanvar 2019-cu il tarixdə illik faiz dərəcəsi 40% olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə BOKT ilə Cavabdeh2 və Cavabdeh3 arasında 08 yanvar 2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 apellyasiya şikayətində BOKT ilə 08 yanvar 2019-cu il tarixdə bağlanmış 2019/00001EQ-Z0266 nömrəli zaminlik müqaviləsinin onunla bağlanmadığını, müqavilədəki imzanın ona məxsus olmadığını bildirərək iddia tələbinə etiraz etmişdir. Cavabdehin sözügedən dəlilinin yoxlanılması üçün Məhkəmənin 23 iyun 2025-ci il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və ekspert qarşısında aşagıdakı sual qoyulmuşdur: İş materiallarında olan 08 yanvar 2019-cu il tarixli, 2019/00001EQ-Z0266 nömrəli zaminlik müqaviləsindəki imza Cavabdeh3 tərəfindən icra edilmişdirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1112 nömrəli, 29 iyul 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh3 adlarından 08 yanvar 2019-cu il tarixli 2019/0001EQ-Z0266 nömrəli Zaminlik müqaviləsinin 1-ci səhifəsinin aşağı hissəsindəki imza və arxa tərəfində “Zamin Cavabdeh3” qrafasındakı imza X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi qanunvericiliyin tələbləri pozulmuş, zaminlik müqaviləsinin bağlanmasında Cavabdeh3 iradəsi ifadə olunmamışdır. Belə olan halda BOKT Cavabdeh3 hər hansı öhdəliyin icrasını tələb edə bilməz. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə Cavabdeh3 münasibətdə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə ləğv edilməli və ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə MPM-nin 119.1-ci maddəsinin tələblərini və apellyasiya şikayətinin təmin olunmasını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 126 manat BOKT-dan Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tаrixli qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilsin və Cavabdeh3 aid hissədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 126(bir yüz iyirmi altı) manat İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-280/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-280/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver