Məhkəmə qərarları › İş №2(104)-2809/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2809/2023

19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2809/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-1251/2023 saylı mülki iş üzrə13 oktyabr 2023cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlə birgə nikahlarından doğulmuş, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəlki məhkəmə qətnaməsi ilə iki uşağa təyin olunmuş cəmi 260 manat alimentin miqdarının dəyişdirilməklə, hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin və onun tərəfindən ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan narazılıqlara görə ayrı yaşayırlar. Nikahları pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqlar onun himayəsində qalmışlar. Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa 130 manat olmaqla ümumilikdə 260 manat sabit pul məbləğində alimentin alınıb ona veriıməsi qət edilmişdir. Artıq uzun müddətdir ki, uşaqları ilə birlikdə cavabdehlə yaşamırlar. Cavabdehin kifayət qədər gəliri mövcuddur. Hazırda aldığı alimentin məbləği azlıq təşkil edir. Cavabdeh isə övladlarının saxlanmasında əlavə maddi köməkliklər etmir. Cavabdehlə aralarında olan mübahisənin həlli üçün o, Mediasiya Şurasına müraciət etmiş, lakin mediasiya prosesi təyin olunsa belə cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Hazırda kirayədə yaşayır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək onun üçün çətindir. Odur ki, məhkəmədə sözügedən iddianı qaldırmağa məcbur olmuşdur. Tərtər Rayon Məhkəməsinin 2(061)-1251/2023 saylı mülki iş üzrə13 oktyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbi qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilərək, Cavabdeh alınıb, İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumu olaraq 62 (altmış iki) manatın alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı ödədiyi 101 (yüz bir) manat dövlət rüsumu, eləcə də Mediasiya Sesiyasında ödədiyi 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə alimentin məbləğinin nə səbəbə artırılmasını əsaslandıra bilməmişdir. Belə ki, heç bir yerdə işləmir, maddi durumu çətindir. Bundan başqa məhkəmə iddianın qiymətini hesablayarkən yalnışlığa yol vermişdir. Belə ki, məhkəmə artırılan aliment miqdarı ilə hazırki aliment miqdarı arasındakı fərqi hesablamaq əvəzinə, artırılacaq olan 350 manat məbləği 12 aya vuraraq, 4200 manat məbləğ müəyyən etmişdir. Halbiki iddianın qiyməti 2160 manat təşkil edir. Həmin məbləğin rüsumu isə 41.6 manatdır. Aliment 350 manat müəyyən edildiyi üçün ondan tutulmalı olan dövlət rüsumu 350-260x12=1080 manat təşkil etməli idi. Məhkəmə həmçinin, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin ondan tutulması hissəsində də iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh dövlət rüsumu olaraq 62 (altmış iki) manatın alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı ödədiyi 101 (yüz bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı verilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, İddiaçı ödədiyi 101 (yüz bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı verilməsi hissədə iddia tələbi təmin olunmamalı, Cavabdeh dövlət rüsumu olaraq 30.8 manatın alınaraq dövlət nəfinə ödənilməsi, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki işin materiallarında olan AZ-İİ 984360 saylı və AZ-İV 356032 saylı doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır. İşdə olan AZ-İ 390469 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarına Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci ildə Tərtər rayon Qeydiyyat Şöbəsində xitam verilmişdir. Mülki işin materiallarında olan, Tərtər Rayon Məhkəməsinin əvvəlki-xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərərflərin birgə nikahından doğulmuş Mələk və Yağmur adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər bir uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, bu arayış İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması tələbi ilə bağlı mübahisə üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 12-10-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasınn tarixi, saatı və yeri barədə ünvanına məktub göndərilməklə məlumat verilmişdir. İddiaçı ilkin mediasiyasında iştirak etdi və ilkin mediasiya keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Məhkəmə kolegiyasına hesab edir ki, birinci instnasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericilikdə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cavabdeh X3 isə əmək qabiliyyətli olmaması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə kollegiyası, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bundan başqa, mülki işin materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya Təşkilatına müraciət etmək üçün 50 manat məbləğində rüsum ödəmişdir. Cavabdeh isə heç bir səbəb göstərmədən mediasiya prosesində iştirak etməmişdir. ........... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdeh tərəfin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. Bundan başqa məhkəmə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan 101 manat və 62 manat dövlət rüsumunun tutulması ilə bağlı hissədə əsaslıdır. Belə ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. İddiaçı isə dövlət rüsumu ödəməkdən azad olduğu halda, özü səhv edərək 101 manat məbləğində dovlət rüsumu ödəmişdir. Həmin məbləğ məhkəmə xərclərinə aid olmadığından cavabdehdən tutulub,iddiaçıya verilə bilməz. Belə olan halda, kollegiya qeyd edir ki, cavabdehdən 101 manat məbləğin tutulub dövlət büdcəsinə ödənilməsi barədə məhkəmə iş üzrə düzgün nəticəyə gəlmədiyindən qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Həmçinin kollegiya göstərir ki, məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləğini 62 (altmış iki) manat müəyyən etməklə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. Məhkəmənin təmin etdiyi artırılmış aylıq alimentin bir illik məcmusu (350 manat-260 manat)=90 manat х 12 ay)=cəmi 1080 manat məbləğini təşkil edir. Həmin məbləğ üçün isə ödənilməli olan dövlət rüsumu 30,8 manat məbləğini təşkil edir. Ona görə də, Cavabdeh dövlət rüsumu olaraq 30,8 manatın alınaraq dövlət nəfinə ödənilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 384.0.2.-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qərara gəlir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1251/2023 saylı mülki iş üzrə13 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh dövlət rüsumu olaraq 62 (altmış iki) manatın alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı ödədiyi 101 (yüz bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı verilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, İddiaçı ödədiyi 101 (yüz bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı verilməsi hissədə iddia tələbi təmin olunmamalı, Cavabdeh dövlət rüsumu olaraq 30.8 manatın alınaraq dövlət nəfinə ödənilməsi barədə qərar qəbul edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, məhkəmənin təmin etdiyi artırılmış aylıq alimentin bir illik məcmusu 1080 manat, ləğv edilmiş hissədə isə 101 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğlər 5000 manatdan aşağı məbləğdir. Ona görə də, məhkəmə kollegiyası göstərir ki, hazırki iş üzrə qəbul edilən qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüquqları nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-1251/2023 saylı mülki iş üzrə13 oktyabr 2023cü il tarixli qətnaməsi qismən-Cavabdeh dövlət rüsumu olaraq 62 (altmış iki) manatın alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı ödədiyi 101 (yüz bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı verilməsi hissələrində ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddiaçı ödədiyi 101 (yüz bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı verilməsi hissədə iddia tələbi təmin olunmasın, Cavabdeh dövlət rüsumu olaraq 30,80 (otuz) manat 80 qəpik məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar