Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-282/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə , Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-23/2021 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İşin mübahisəsiz halı bundan ibarətdir ki, İddiaçı ASC ilə X4 arasında Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində "xxxx" MMC tərəfindən inşa olunan üçüncü binanın üçüncü mərtəbəsində yerləşən sahəsi 125.1 m2 olan 3 otaqlı yaşayış sahəsinin alınması məqsədilə cavabdehə 180 ay müddətinə, illik 9 % faiz dərəcəsi ilə 50.000 manat məbləğində kredit verilməsi barədə 18 aprel 2011-ci il tarixli, 05 saylı kredit müqaviləsi tərtib edilmişdir. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 18 aprel 2011-ci il tarixli, 04 saylı müqaviləyə əsasən, Şirkət, ümumi dəyəri 62.550 manat müəyyən edilmiş Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində yerləşən çoxmərtəbəli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra üçüncü binanın üçüncü mərtəbəsindəki (yaşayış mərtəbəsində birinci mərtəbə) 125.1 m2 təşkil edən 3 otaqlı mənzili cavabdehə verməyi, sonuncu isə ona ayrılmış sahəni qəbul etməyi öhdəsinə götürmüş və tərəflər arasında eyni tarixdə yaşayış binasının sakinlərinin birgə yaşayış qaydası haqqında müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 18 aprel 2021-ci il tarixli, 89 nömrəli xəzinə məxaric orderində Bank tərəfindən cavabdehə 62.550 manat verildiyi qeyd olunmuşdur. İddiaçı bildirir ki, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək, kredit məbləğini cavabdehə vermiş və həmin vəsait hesabına cavabdeh tərəfindən müqavilədə qeyd olunan yaşayış sahəsi alınmışdır. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, qeyd edilən müqavilə üzrə Bankdan kredit götürməmiş, onun müqavilədən xəbəri olmamış, iddiada göstərilən məbləğdə pul ona verilməmiş, Bank tərəfindən təqdim edilmiş kredit müqaviləsində və xəzinə məxaric orderindəki imzalar ona məxsus olmamışdır. Həmin pul Bankın vəzifəli şəxsləri tərəfindən mənimsənilmişdir. Hazırda bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmaqla istintaq aparılır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim olunmuş kredit müqaviləsinin və kassa məxaric orderinin əsilləri əsasında keçirilmiş məhkəməxətşünaslıq ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2020-ci il tarixli, 4886 nömrəli rəyinə əsasən, tərəflər arasında bağlanmış 18 aprel 2011-ci il tarixli, 05 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzaların cavabdeh tərəfindən icra olunduğu; 05 mart 2021-ci il tarixli, 4/164 nömrəli rəyə əsasən isə, cavabdehin adına olan 18 aprel 2021-ci il tarixli, 89 nömrəli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imzanın cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 mart 2021-ci il tarixli, 4/164 nömrəli rəyinə əsasən, 18 aprel 2011-ci il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza – X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat Göygöl Rayon Məhkəməsinin 2(066)-23/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizaların rəylərini əsas götürməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 89.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcunun olmasını təsdiq edən hər hansı hal aşkar edilməmişdir. Məhkəmə tərəfindən eyni tarixdə, Bankın əməkdaşlarının əməllərində cinayət tərkibinin olub-olmadığı məsələsinin araşdırılması məqsədilə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında nümayəndə tərəfindən kredit üzrə sənədlərin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edildiyi bildirilsə də, məhkəmə bu xüsusatı tam və dəqiq araşdırmadan, yalnız iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, məzmununu bilmədən hansısa sənədə imza atmış, lakin ona kredit verilməmiş, Bankdan hər hansı məbləğ almamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3704/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə kredit müqaviləsi bağlamadığını göstərsə də, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Bankla arasında bağlanmış 18 aprel 2011-ci il tarixli, 05 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzaların onun tərəfindən icra olunduğu müəyyən edilmişdir. Lakin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin predmeti 180 ay müddətinə illik 9 % dərəcəsi ilə 50.000 manat məbləğində kredit verilməsi olmuş, xəzinə məxaric orderində isə, hansı ki həmin maliyyə sənədi kreditor tərəfindən müqavilənin predmeti olan məbləğin borcalana verilməsini təsdiq edir, cavabdehə 62.550 manat məbləğində nağd pulun verilməsi göstərilmişdir. İş üzrə alınmış ekspert rəyi ilə cavabdehin adına olan həmin xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imzanın cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Belə olan halda, kreditor borcalandan aralarında bağlanmış müqaviləyə əsasən borcun ödənilməsini tələb etmək üçün ilk növbədə müqavilənin predmeti olan pul məbləğini borcalanın mülkiyyətinə keçirmək vəzifəsini yerinə yetirməlidir ki, sonradan tələbetmə hüququnu həyata keçirsin. Hazırki işdə isə, Bankın 18 aprel 2011-ci il tarixli, 05 saylı kredit müqaviləsində nəzərdə tutulmuş kredit vəsaitini cavabdehə verməsi, yəni kreditorun üzərinə düşən öhdəliyini icra etməsi müəyyən edilmir. Ona görə də, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki icraat İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması və ya işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4215/2022 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3704/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 05 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, illik 9 faiz dərəcəsi ilə 50.000 manat məbləğində kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclası zamanı nümayəndə tərəfindən kredit üzrə sənədlərin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə təqdim edildiyi bildirilsə də, məhkəmə bu xüsusatı araşdırmadan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə ödənişlərin kim tərəfindən həyata keçirilməsinə dair sənədlərin təqdim edilməsi məqsədilə keçən məhkəmə iclasların təxirə salınmasını xahiş etsə də, hazırda həmin sənədləri məhkəmə kollegiyasına təqdim edə bilmir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı apellyasiya şikayətində birinci instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizaların rəylərini əsas götürməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcunun olmasını təsdiq edən hər hansı hal aşkar edilməmişdir. Məhkəmənin bu yanaşması əsaslıdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmə iclasında nümayəndə tərəfindən kredit üzrə sənədlərin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edildiyi bildirilsə də, məhkəmə bu xüsusatı tam və dəqiq araşdırmadan, yalnız iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş və apellyasiya şikayətində göstərdiyi dəlillərə uyğun mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin kassasiya instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin ödənişlərin kimin tərəfindən həyata keçirildiyini araşdırmamışdır. Qeyd olunan halın müəyyən olunmasının əhəmiyyəti bundan ibarətdir ki, əgər həmin ödənişlər cavabdeh tərəfindən həyata keçirilmişsə, bu hal əqdin bəyənilməsi kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Digər tərəfdən, "xxxx" MMC ilə cavabdeh arasında kredit müqaviləsi ilə eyni tarixdə mənzil alınması ilə bağlı müqavilə imzalanmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinə əsasən cavabdehə kredit məhz həmin mənzilin alınması üçün verilmiş, həmin müqavilə üzrə alınan mənzilin qiyməti ilə kassa məxaric orderində göstərilən məbləğ eyni olmuşdur (62.550 manat). Lakin, apellyasiya instansiya məhkəməsi həmin hal üzrə araşdırma aparmamaqla, həmin hala da hüquqi qiymət verməmişdir. Halbuki, müvafiq sorğular verilməklə həmin mənzilin cavabdeh tərəfindən əldə edilibedilmədiyi, mənzilin onun mülkiyyətində və ya sahibliyində olub-olmaması müəyyən edilə bilərdi. Eyni zamanda, işdən görünür ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bankın vəzifələri şəxsləri barədə cinayət işi başlanılmış, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin və kassa məxaric orderi də müvafiq sorğular əsasında cinayət işinin materiallarından əldə olunmuş, həmçinin birinci instansiya məhkəməsi tərəfindən də müvafiq hallarla bağlı xüsusi qərardad çıxarılmış, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin nəticəsi və araşdırmanın gedişatı ilə bağlı heç bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsində qeyd edilir ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda qeyd olunan hallarla bağlı "xxxx" MMC-yə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəməyə daxil olmuş məktubdan görünür ki, "xxxx"' MMC tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Xanlar avtomobil yolunun sol tərəfində inşa edilmiş yüksəkmərtəbəli yaşayış binası və ticarət obyektlərindən ibarət tikili kompleksinin sahələrinə dair icra edilmiş müqavilələrin siyahısında "sorğuda X4 ilə "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixdə bağlandığı göstərilmiş 04 nömrəli müqavilə" qeydə alınmamışdır. Qeyd olunan tikili kompleksində X2 mənzil və ya qeyri-yaşayış sahəsi təhvil verilməmişdir. Sorğuya daha ətraflı aydınlıq gətirilməsi üçün "xxxx" MMC üzrə 2011-ci ilin aprel ayından sonrakı müddətlərdə maliyə sənədlərinə baxılmışdır. X1 adından maliyyə sənədi aşkar edilməmişdir. "xxxx" MMC-nin kassa və bank hesabı üzrə 2011-ci ilin aprel ayından sonrakı müddətlərdə X1 adından ödənişlər qeydə alınmamışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcunun olmasını təsdiq edən hər hansı hal aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/164 nömrəli ekspert rəyi ilə X1 adına olan 89 nömrəli, 18 aprel 2011-ci il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imzanın X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Həmçinin iş materiallarında "xxxx" MMC ilə cavabdeh arasında kredit müqaviləsi ilə eyni tarixdə mənzil alınması ilə bağlı müqavilə olsa da, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-də X4 ilə "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixdə bağlandığı göstərilmiş 04 nömrəli müqavilə aşkar edilməmiş, qeyd olunan tikili kompleksində X2 mənzil və ya qeyri-yaşayış sahəsi təhvil verilməmiş, X1 adından maliyyə sənədi aşkar edilməmiş, "xxxx" MMC-nin kassa və bank hesabı üzrə 2011-ci ilin aprel ayından sonrakı müddətlərdə X1 adından ödənişlər qeydə alınmamışdır. Digər tərəfdən kassasiya instansiyasının göstərişinə əsasən məhkəmə tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu verilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-23/2021 saylı xüsusi qərardadına əsasən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmanın nəticələri barədə məlumat əldə edilmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işindən xx.xx.2018-coi il tarixdə İddiaçı ASC-nin vəzifəli şəxsləri və qeyriləri barəsində Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 313-cü maddələri ilə ayrılaraq istintaq aparılır. Hal-hazırda qeyd edilən cinayət işi üzrə İddiaçı ASC-nin vəzifəli şəxsləri və qeyrilərinin barəsində əməllərində aşkar edilmiş cinayət faktları ilə bağlı istintaq davam etdirilməklə nəticəsindən asılı olmayaraq təqsirli şəxslərin əməllərinə cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla istintaqın yekununda hüquqi qiymət veriləcəkdir. Göründüyü kimi İddiaçı ASC-nin vəzifəli şəxsləri və qeyrilərinin barəsində əməllərində aşkar edilmiş cinayət faktları ilə bağlı istintaq hərəkətləri hazırda davam edir. Yuxarıda qeyd olunanlardan əlavə, iddiaçının nümayəndəsi kredit müqaviləsi üzrə ödənişlərin kim tərəfindən aparılmasına dair mötəbər sənədlərin məhkəmə kollegiyasına təqdim edilə bilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və məhkəmə iclası iki dəfə təxirə salınmışdır. Lakin, buna baxmayaraq iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında qeyd olunan sənədləri təqdim edə bilmədiyini bildirmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-23/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-282/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-282/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver