Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-285/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, «pul tələbinə» dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(062)-1767/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2022-ci il tarixli sadə yazılı qəbzdən görünür ki, Cavabdeh 2021-ci ildə İddiaçı 19500 manat borc pul almış və həmin məbləği qaytaracağını öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddia tələbini qəbul edir, iddia ərizəsində göstərilən məbləğlə razıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 19500 manat məbləğində pulun və 148.5 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə əvvəllər qonşu olmuş və uzun illərdi ki, bir-birilərini tanıyırlar. 2020-ci ildə cavabdeh ondan hissə-hissə olmaqla, ümumilikdə 19500 manat məbləğində borc pul almış, aldığı pulu onun ehtiyacı olan zaman dərhal ödəyəcəyini bildirmişdir. Bir neçə ay bundan əvvəl o, pulunu tələb etdikdə qısa zaman ərzində ödəyəcəyini bildirmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu könüllü şəkildə ödəməkdən yayınır. Pulu ondan alıb Zenfira Alıyeva adlı şəxsə verəcəyini bildirmişdir. Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(062)-1767/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işə əlavə olunmuş sadə yazılı qəbzdən görünür ki, Cavabdeh 2021-ci ildə İddiaçı 19500 manat borc pul almış və həmin məbləği qaytaracağını öz öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş Cavabdeh iddianın etirafına dair ərizədən görünür ki, iddianı tamamilə etiraf etmiş, iddia ərizəsində göstərilən məbləği iddiaçıya ödəməyə razıdır. İddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halları aşkar edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinir 52.2, 52.5,191.1 və 191.3-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(062)-1767/2022 nömrəli qətnaməsindən vermiş olduğu şikayətin icraatının dayandırılmasını, dayandırılmadığı təqdirdə qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həm Mülki Prossesual, həm də Mülki Məcəllənin tələblərini kobud surətdə pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Bunu onunla əsaslandırır ki, məhkəmə qətnamə qəbul edərkən, cavabdehin konkret olaraq kim olması, yəni iddia tələbinin faktiki mübahisə ilə əlaqədar kimə yönəlməli olduğunu iddiaçıya bildirməli idi. İddiaçıya hüquqlarını başa salmalı idi. Baxmayaraq ki, onunla İddiaçı arasında yazılı əqd olsa belə, sadəcə olaraq o, ortada vasitəçi olmuş, pulu da Zenfira Əliyeva adlı şəxs almışdır. İddiaçı özü də iddia tələbində göstərir ki, pul onun vasitəsilə Zenfira Əliyevaya verilmişdir. Bu gün Zenfira Əliyeva pulu qaytarmaqdan yayınır, vermək istəmir, İddiaçı iddia tələbini sırf ona qarşı qaldırmaqla qərəzli münasibət sərgiləmiş olur. Məhkəmə bu halları iddiaçıya izah etməli idi ki, ən azından iddia tələbi tək ona deyil, onunla birgə Zenfira Əliyevaya qarşı da qaldırılmalı idi. Yəni, cavabdeh o, və Zenfira Əliyevanı qoyulmalı idi. Məhkəmə göstərdiyi halları nəzərə almayaraq, birtərəfli qaydada qərəzli qərar qəbul etmişdir. Digər cavabdehin cəlb edilməsi istiqamətində hərəkətlər etməli idi. Bundan başqa MM-nin 740-cı maddəsinin tələbi də pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə nəlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli sənəddə qeyd olunur ki, «mən Cavabdeh 2021-ci ildə İddiaçı 19500 manat borc pul alıb X4 vermişəm və X3 razılığı ilə sənət və kimliyimi təsdiqi ilə bunu yazdım. Həmin pulun dəst qaytarılmasına mən mənə məxsus olan əmlakımla məsuliyyət daşıyıb və pula ödəməyə söz veririk». Cavabdeh qeyd olunan sənəd üzrə öhdəliklərini yerinə yetirməmiş və iddiaçı tərəfindən hazırki iddia tələbi irəli sürülmüşdür. Birinci instansiya məhkəməsində işə baxılan zaman Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etdiyini, iddia ərizəsində göstərilən məbləğlə razı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ərizəsi icraata qəbul edilərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2, 52.5,191.1 və 191.3-cü maddələrinə əsasən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Hazırki apellyasiya şikayətində cavabdeh onunla birlikdə pulu alıb verdiyi digər şəxsin cavabdeh kimi cəlb edilməsinin mümkünlüyünün iddiaçıya təklif edilmədiyini və MM-nin 740-cı maddəsinin tələblərinə riayət olunmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh borcun olmasını təsdiq edən xx.xx.2022-ci il tarixli sənədin özü tərəfindən yazılmasını və həmin tarixə 19500 manat borcunun olduğunu tərəfindən məhkəməyə verilmiş ərizə ilə etiraf etmiş, həmin sənəd və ərizənin özü tərəfindən yazılması və təsdiqlənməsi halına şübhə yaradacaq dəlil irəli sürməmişdir. Başqa sözlə, cavabdeh tərəfindən borc sənədinin yazılması, imzalanması və ya məzmunu mübahisələndirilməmişdir. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbindən məlum olduğu kimi borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanması imperativ qaydada nəzərdə tutulmuşdur və hazırki iş üzrə tərəflər arasında borc sənədi yazılı formada bağlanmışdır. Belə olduqda cavabdehin özünün sərbəst iradəsinə əsaslanaraq tərəfindən yazılan ərizədə sonuncunun borcu etiraf etməsi sübutun mötəbərliyinə əsas vermişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin yazdığı sənədə istinad etmişdir. Cavabdeh həmin pulun başqa şəxsə verilməsini, iddiaçının həmin şəxsdən pulunu tələb etməsini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı apellyasiya baxışında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində Zenfira Əliyevaya qarşı pul tələbinə dair iddiası baxılıb qurtaranadək icraatın dayandırılmasını xahiş etsə də iş üzrə Mülki Prosessual Məcəllənin 254-255-ci maddələrində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”. Beləliklə, iddiaçı tərəfindən 19500 manat pulun cavabdehə verilməsinə dair sübut iş materiallarında olsa da, cavabdeh tərəfindən qeyd olunan məbləğin iddiaçıya ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Mülki-Prosessual Məcəllənin 191.3cü maddəsinə əsasən cavabdeh iddianı etiraf etdiyindən və məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmış, lakin iddia tələbi üzrə tətbiq edilməli olan maddi hüquq norması müəyyən edilməmiş və tətbiq olunmamışdır. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(062)- 1767/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(062)-1767/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. 19500 (on doqquz min beş yüz) manat məbləğində pul və ödənilmiş 148.5 (yüz qırx səkkiz manat əlli qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov və Rəşad Mamedov