Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2856/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdeh Borclu qarşı “pul” tələbinə dair iş üzrə Tərtər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(061)-245/2022 saylı qərardadından iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs qismində "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3599,86 ABŞ dolları əsas, 377,52 ABŞ dolları faiz, 175,06 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 4152,44 ABŞ dolları məbləğində pul vəsaitinin tutlması barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişlər. Tərtər Rayon Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(061)-389/2016 saylı məhkəmə əmri ilə Borclu 3599,86 ABŞ dolları əsas, 377,52 ABŞ dolları faiz, 175,06 ABŞ dolları cərimə olmaqla, cəmi 4152, 44 ABŞ dolları məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumu tutulmuşdur. Cavabdeh Borclu Tərtər Rayon Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli 2(061)- 389/2016 saylı məhkəmə əmrinə etiraz verərək, məhkəmə əmirinin ləğv edilməsini və mülki işin idda icraatında baxılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 17 yanvar 2022-cı il tarixli, 2(061)-245/2022 saylı qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(061)-389/2016 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(061)-245/2022 saylı qərardadı ilə (hakim K.Rzayev) Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinin tələbinə əsasən, yəni iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verilmişdir. Tərtər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(061)-245/2022 saylı qərardadından narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs qismində "xxxx" ASC şikayət verərək, Tərtər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(061)-245/2022 saylı qərardadının ləğv edilməsini və iddia üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC şikayətini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-045/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İş üzrə icraata xitam verilərkən "xxxx" KB ASC-in nümayəndəsinin ərizəsi nəzərə alınmışdır. Həmin ərizədə Banka olan borcun tam olaraq ödənildiyinə görə iddiadan imtina edildiyi göstərilmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-389/2016 nömrəli xx.xx.2016-cı il tarixli əmri ilə cavabdeh Borclu 4152,44 ABŞ dolları və dövlət rüsumu olaraq 20 manat pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə qəbul edildikdən sonra borclu ümumilikdə 577,82 ABŞ dolları ödəniş etmişdir. Borcun qalığı 3595,64 ABŞ dolları təşkil etmişdir. Borcun aid olduğu kredit müqaviləsi üzrə tələb hüququ xx.xx.2021-ci il tarixli, 02/21 UB nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC-yə keçmişdir. Buna baxmayaraq ərizəni "xxxx" KB ASC vermiş, halbu ki, ərizə vermək "xxxx" ASC-yə məxsus olmuşdur. Bu da "xxxx" ASC-nin qanunla qorunan mənafeyini pozmuşdur. Qeyd edilənlərə əsasən Tərtər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(061)-245/2022 saylı qərardadının ləğv edilib, iddia üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(061)-245/2022 saylı qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(061)-245/2022 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Borclu oğlu "xxxx" ASC-nin şikayətinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC-i hələ 2022-ci ildə ona qarşı 3599.86 ABŞ dolları əsas, 377.52 ABŞ dolları faiz və 175.06 ABŞ dolları cərimə, cəmi 4152.44 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia üzrə işə baxılarkən iddiaçı "xxxx" KB ASC-i məhkəməyə müraciət edərək cavabdeh Borclu qarşı pul vəsaitinin tutulması tələbi ilə bağlı mülki işə dair 515nkBRDT5 saylı kredit müqaviləsi üzrə kreditin, ona hesablanmış faizlərinvə cərimənin tutulmasına dair mülki iş üzrə iddia tələbinədnə imtina etmişdir. Bu səbəbdən hazırki şikayət tam əsassızdır və təmin edilə bilməz. Yəni, hazırki şikayətə də xitam verilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və şikayətə baxılmasına dair Tərtər Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(061)-245/2022 saylı qərardadı ləğv edilməli və verilmiş şikayətin mümkünlüyü məsələsinə baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(061)-245/2022 saylı qərardadını "xxxx" ASC-nin nümayəndəsi X1 10 oktyabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza edərək qəbul etmiş, lakin "xxxx" ASC tərəfindən şikayət 25 oktyabr 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir ki, bununla da qanunla müəyən edilmiş 10 günlük şikayət müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsi isə şikayətin qanunla müəyyən edilmiş müddətdə verilib-verilməməsini aydınlaşdırmadan, həmçinin şikayətin “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə verilməməsini yoxlamadan şikayətə mahiyyəti üzrə baxmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcələnin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tərtər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(061)-245/2022 saylı qərardadından iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs qismində "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şikayətə baxılmasına dair Tərtər Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(061)-245/2022 saylı qərardadı ləğv edilsin və verilmiş şikayətin mümkünlüyü məsələsinə baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2856/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2856/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver