Məhkəmə qərarları › İş №2(104)-288/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-288/2025

07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-288/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: alimentin artırılması tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(015)-1008/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında şəhadətnamələrin surətinə əsasən müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur;

2. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 29 iyul 2024-cü il tarixli MŞT/024/2024-0714 nömrəli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı mediyasiya prosesi baş tutmamışdır;

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2017-ci il tarixli 2(104)-3774/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(015)-884/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh 17 iyul 2011-ci il tarixdə anadan olmuş X2 və 04 yanvar 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011ci il tarixdə anadan olmuş X4 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq iki uşağın saxlanılması üçün alimentin miqdarını artıraraq iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi və 50 manat mediasiya üçün ödədiyi pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü Səma və xx.xx.2014-cü il təvəllüdlü Əhliman adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə ayrılmışlar və uşaqlar hazırda onun himayəsindədir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağa görə 125 manat olmaqla iki uşağa görə cəmi 250 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və cavabdehdən hər ay bir uşağa görə 136 manat olmaqla iki uşaq üçün 272 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda 272 manat aliment məbləği ilə uşaqların tələbatını qarşılaya bilmir. Belə ki, uşaqların xəstəlikləri var. Cavabdeh mal-heyvan saxlamaqla kifayət qədər gəliri var.

6. Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(015)-1008/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia qismən təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3774/2017 saylı, 20 noyabr 2017ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi; Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4 və 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentə dair hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə hər uşaq üçün 14 manat olmaqla ümumilikdə iki uşaq üçün 28 manat aliment artırmaqla onun və uşaqların diqqətəlayiq ehtiyaclarının təmin olunmasının qarşısını almaqla hüquq pozuntusu etmişdir. Hazırda 272 manat aliment alır və alimentlə uşaqların ehtiyaclarını qarşılamaq çox çətindir. Cavabdeh kənd təsərüffatı ilə məşğul olaraq yaxşı qazanc əldə etdiyi halda məhkəmə aliment məbləğini cüzi artırmışdır. Hansı ki, uşaqların saxlanılması üçün yaşayış minumumu 235 manat məbləğdə nəzərdə tutulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların hər ikisi xroniki bronxit xəstəsidirlər. Cavabdeh uşaqların saxlnılmasına görə aliment və hər uşaq üçün əlavə 25 manat müalicə xərci ödəyir. Uşaqların dolanacaq xərcləri artmışdır. Cavabdeh alimentdən başqa heç bir maddi köməklik göstərmir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur və həmin ailə münasibətindən də iki uşağı vardır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, işləmir və iddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaqların saxlanılmasına görə yüksək məbləğdə aliment ödəməyə imkanı yoxdur. Günəmuzd işlər olduqla fəhləlik edir və hər ay 300-350 manat civarında gəlir əldə edir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdirki, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin ailə münasibətindən də iki uşağı vardır. Həmin uşaqlara öz atasının maddi köməkliyi ilə baxır. İddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaqların xəstəliyinə görə də hər ay ümumilikdə 50 manat müalicə xərci ödəyir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

14. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

18. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

29. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3774/2017 saylı, 20 noyabr 2017ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi» hissədə dəyişdirilməli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3774/2017 saylı, 20 noyabr 2017ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində müəyyən edilməli və apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onların uşaqlarının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 136 manat sabit məbləğdə aliment tutulmuşdur. Hazırda iddiaçı müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etmədiyini bildirir və müəyyən olunmuş alimentin artırılmasını tələb edir. Cavabdehin dəlili ondan ibarətdir ki, maddi imkanı zəif olduğundan yüksək məbləğdə aliment ödəyə bilməz.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğininin artırılmasının mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, lakin alimentin miqdarını düzgün müəyyən etməmişdir.

33. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi).

35. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi).

36. İlk növbədə qeyd edilməlidir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 2017-ci ildə məhkəmə qətnaməsi əsasında hər ay hər uşaq üçün 136 manat sabit məbləğdə aliment tutulmuşdur. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edilən vaxt xx.xx.2011-ci il təvəllüdlü Səma adlı uşaq 6, xx.xx.2014-cü il təvəllüdlü Əhliman adlı uşağın isə hələ 3 yaşında olmuşdur. Alimentin təyin edildiyi vaxtdan hazırkı vaxtadək 7 ildən çox müddət keçmişdir və hazırda xx.xx.2011-ci il təvəllüdlü Səma adlı uşağın 13, xx.xx.2014-cü il təvəllüdlü Əhliman adlı uşağın isə 10 yaşındadır. Nəzərə almaq lazımdır ki, bir çox hüquq münasibətləri kimi uşaqların saxlanılması üçün tutulan aliment də davam edən hüquq münasibətidir. Azərbaycan Respublikasının qanunvericiliyi dinamik inkişaf edir və dövri olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı, həmçinin hüquq və vəzifələrə təsir edən hüquqi faktların meydana çıxması mümkündür. Bundan əlavə, ölkə iqtisadiyyatında baş verən iqtisadi proseslər çərçivəsində bazar qiymətlərinin də mütəmadi artımı müşahidə olunur. Bu hallar isə aliment məbləğinin artırılması üçün qanuni əsas sayılır.

37. Lakin, işə baxan birinci instansiya məhkəməsi tutulacaq alimentin məbləğini hər uşağa görə 150 manat məbləğində müəyyən edərkən, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmasını, onların geyim, qida, sağlamlıq və təhsil xərclərinin olmasını və böyüdükcə həmin tələbatın daha da artmasını, hər uşaq üçün müəyyən edilmiş 150 manat məbləğin həmin uşaqların xərclərinin ödənilməsi üçün yetərli olmamasını nəzərə almamışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3774/2017 saylı, 20 noyabr 2017- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Həmdə bu miqdarda aliment uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir.

39. “2024-cü ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün minimum əməkhaqqı 345 manat müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası izah edir ki, yoxlanılan hissədə alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(015)-1008/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni «xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3774/2017 saylı, 20 noyabr 2017- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi» hissədə dəyişdirilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3774/2017 saylı, 20 noyabr 2017- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar