Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-29/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı1 ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-775/2020 saylı mülki iş üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 14 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 180 ay müddətinə, illik 9 faiz ödənilməsi şərtilə 129300 manat məbləğində kredit verilməsi barədə bağlanmışdır. Həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh1 aldığı 129300 manat məbləğində kreditə görə 106759,33 manat məbləğində faiz ödəməyi öz öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan xx.xx.2011-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 həmin tarixdə İddiaçı1 ASC-dən 143700 manat məbləğində pul almışdır. (sənəddə Şəhriyar Mütalib oğlunun soyadı Mustafazadə kimi qeyd edilmişdir).
3. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli, 14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı1 ASCyə xx.xx.2019-cu il tarixə 106508.97 manat əsas borc, 24939.95 manat faiz borcu, 4963.28 manat cərimə borcu olmaqla, cəmi 136412.20 manat təşkil edir.
4. İş materiallarına əlavə olunan hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2011-ci il tarixli, 14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-nin hesabına 22719,03 manat məbləğində əsas borc və 48124,81 manat məbləğində faiz borcu olmaqla, cəmi 70843,84 manat məbləğində pul ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 106508.97 manat əsas borc, 24939.95 manat faiz borcu, 4963.28 manat cərimə borcu olmaqla, cəmi 136412.20 manat (bir yüz otuz altmı min dörd yüz on iki) manat 20 qəpik məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, LPO İddiaçı1 ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(021)-775/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 106508.97 manat əsas borc, 24939.95 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla, cəmi 131453.92 AZN (yüz otuz bir min dörd yüz əlli üç manat doxsan iki qəpik) məbləğində pulun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulаrаq, iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 390.1, 442, 443.1, 445.1, 448.1, 449.1 və 462.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-775/2020 saylı mülki iş üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, bankla xx.xx.2011-ci il tarixli müqavilə bağlamamış, həmin müqavilə əsasında bankdan heç bir məbləğdə kredit götürməmiş və həmin tarixdə bankda olmamışdır. Kredit müqaviləsini, kassa məxaric orderini, ödəniş tapşırığını imzalamamışdır. Odur ki, iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 2(021)-775/2020 saylı mülki iş üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı1 ASCnin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
16. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
26. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qeyd edilən kredit müqaviləsi, kassa məxaric orderi və ödəniş tapşırığı onun tərəfindən imzalamamışdır.
27. Şikayətin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 avqust 2022-ci il tarixli 4/948 saylı rəylinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 11-15-ci vərəqələrində olan İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 iyun 2011-ci il tarixli 14 nömrəli kredit müqaviləsinin kserosurətinin 1-5-ci vərəqələrində “Borcalan” qrafalarında əks olunmuş imzalar, mülki işin 36-cı vərəqində olan 28 iyun 2011-ci il tarixli 163 nömrəli (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasında əks olunmuş imzaların Cavabdeh1 tərəfindən icra olunduğu barədə rəy verilmişdir. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 iyun 2011-ci il tarixli 14 nömrəli kredit müqaviləsinin və 28 iyun 2011-ci il tarixli 163 nömrəli (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin əsilləri mülki işin materiallarında olmadığından ekspertiza həmin sənədlərin mülki işin materiallarında olan kserosurətlərinə əsasən keçirilmişdir. Bundan sonra İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 iyun 2011-ci il tarixli 14 nömrəli kredit müqaviləsinin və 28 iyun 2011-ci il tarixli 163 nömrəli (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin əsilləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi tərəfindən məhkəməyə göndərilmişdir. Bundan sonra məhkəmənin iş üzrə 29 noyabr 2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardada əsasən ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli 4/1856 saylı rəylərinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 11-15-ci vərəqələrində olan İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 iyun 2011-ci il tarixli 14 nömrəli kredit müqaviləsinin kserosurətinin 1-5-ci vərəqələrində “Borcalan” qrafalarında əks olunmuş imzalar, mülki işin 36-cı vərəqində olan 28 iyun 2011-ci il tarixli 163 nömrəli (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasında əks olunmuş ilə mülki işin 168-172-ci vərəqələrində olan (əsilləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş) İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 iyun 2011-ci il tarixli 14 saylı kredit müqaviləsinin əslində “Borcalan” qrafalarındakı və mülki işin 167-ci vərəqəsində olan 143700 manat məbləğində kreditin verilməsi barədə 28 iyun 2011-ci il tarixli 163 nömrəli (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin əslində “Alanın imzası” qrafasındakı imzalarin-EYNİLİK təşkil etdiyi barədə rəy verilmişdir.
28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli xəzinə məxaric orderində İddiaçı1 ASC-dən 143700 manat məbləğində pul almış şəxsin soyadının Mustafazadə kimi qeyd edilsə də alınmış ekspert rəylərinə əsasən həmin sənəddə 143700 manat məbləğində pul almış şəxsin imzasının Cavabdeh1 aid olması müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası bu qənaətdədir ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 iyun 2011-ci il tarixli 14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 129300 manat məbləğində kreditin verilməsi işin faktiki halı kimi təsdiq olunur.
29. Cavabdehin kredit borcunun məbləginin müəyyən edilməsi ilə baglı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunan hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2011-ci il tarixli, 14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-nin hesabına 22719,03 manat məbləğində əsas borc və 48124,81 manat məbləğində faiz borcu olmaqla, cəmi 70843,84 manat məbləğində pul ödənilmişdir. Halbuki, xx.xx.2011-ci il tarixli, 14 saylı kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən müəyyən olunur ki, iddia ərizəsinin məhkəməyə verildiyi 16 dekabr 2019-cu il tarixə Cavabdeh1 aldığı kreditə görə cəmi (101 ay x 1311,45 manat)=132456,45 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş cədvəli üzrə hesablama aparıldıqda müəyyən olunur ki, həmin 132456,45 manat məbləğinin 81114,01 manat məbləği faiz borcundan ödənilməli olan borc məbləği kimi nəzərdə tutulmuşdur.
30. Yenə də, adi riyazi hesablamadan müəyyən olunur ki, xx.xx.2011-ci il tarixli, 14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas kredit borcu (129300- 22719,03)=106580,97 manat məbləğini, iddia ərizəsinin məhkəməyə verildiyi 16 dekabr 2019-cu il tarixə isə faiz borcunun məbləği (81114,01-48124,81)=32989,02 manat məbləğini təşkil etmişdir
31. Göründüyü kimi, iddiaçı Təşkilat tərəfindən Cavabdeh1 qarşı həm əsas kredit borcu, həm də faiz borcu üzrə daha az məbləğlərdə tələb irəli sürülmüşdür. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, xx.xx.2011-ci il tarixli, 14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit borcunun müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibat ekspertizasının keçirilməsinə zərurət yoxdur.
32. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək, hesab edir ki, apellyatorun şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə kollegiyası iddia edilən kredit borcunun cavabdehdən tutulmasını əsaslı tələb hesab edir.
34. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 1 avqust 2022-ci il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 138 manat, bundan əlavə, 4/948 saylı 28 dekabr 2022-ci il tarixli 4/1856 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 138 manat məbləğini təşkil edir. Adi riyazi hesablamadan müəyyən edilir ki, işə apellyasiya qaydasında baxılarkən aparılmış ekspertiza tədqiqatlarının dəyəri (138 x 2)=276 manat məbləğini təşkil edir.
35. İrəli sürülən iddia təmin edildiyindən və cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri cavabdehə aid edilməli və ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-775/2020 saylı mülki iş üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 276 (iki yüz yetmiş altı) manat məbləğində pul Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.