Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-291/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollügiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(044)-3645/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh banka borclu olduğu 1602.14 ABŞ dolları əsas borc, 313.87 ABŞ dolları məbləğində faiz, gecikmiş faiz borcu üzrə 165.13 ABŞ dolları, cəmi 2081.14 ABŞ dolları məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 09-xx-xx-044483 saylı kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi məqsədləri üçün illik 27 faiz hesablanmaqla 36 ay müddətinə qaytarılması şərti ilə 1800 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, Cavabdeh NQ 09-xx-xx-044483 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəalarını pozaraq, müqavilədə göstərilən ohdəlikləri lazımınca icra etmir. Tərəflər arasında bağlanmış NQ 09xx-xx-044483 saylı, xx.xx.2015-ci tarixli kredit müqaviləsinin müddəalarıı pozaraq, müqavilədə göstərilən öhdəliklərini lazımınca icra etmir. Həmin kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfındən pozulmuşdur. Belə ki, həmin kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. 09-xx-xx-044483 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinın 5.4.2-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı Əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.6-cı bəndində əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfinə ödəməlidir. 16 may 2018-ci il tarixli MİN/174 saylı Arayışa əsasən, Cavabdeh oglunun xx.xx.2018-ci il tarixinə "xxxx" ASC-nə əsas borcu 1602.14 ABŞ dolları, faiz borcu 313.87 ABŞ dolları, gecikmiş faiz borcu 165.13 ABŞ dolları, cəmi borcu isə 2081.14 ABŞ dolları təşkil edir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(044)- 3645/2018 saylı qətnaməsi ilə (hakim A.Mahmudov) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1602.14 ABŞ dolları əsas borc, 313.87 ABŞ dolları məbləğində faiz, gecikmiş cərimə borcu üzrə 10 ABŞ dolları olmaqla, cəmi 1926.01 (min doqquz yüz iyirmi altı dollar bir sent) ABŞ dolları borcun qətnamə icra olunan günə manat məzənnəsi üzrə, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması və iddianın cərimə ilə bağlı qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli, 09-xx-xx-044483 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1602.14 ABŞ dolları əsas borc, 313.87 ABŞ dolları məbləğində faiz, gecikmiş faiz borcu üzrə 165.13 ABŞ dolları, cəmi 2081.14 ABŞ dolları borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 09-xxxx-044483 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə illik 27 faiz hesablanmaqla 36 ay müddətinə 1800 ABŞ dolları məbləğində kredit verilmişdir. Problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 01 mart 2019-cu il tarixinə olan borcu 2723,64 manat təşkil etməklə, "Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının icrası ilə əlaqədar ona 1027,94 manat kompensasiya məbləği müəyyən edilmiş və qalıq borc 1695,69 manat təşkil etmişdir. Restruktruzasiya edilməli olan məbləğ 1695,69 manatdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(044)- 3645/2018 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(044)-3645/2018 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o iddiaçı bankdan kredit müqaviləsi bağlayaraq borc pulu manatla götürmüş, lakin iddiaçı müqavilədə kredit borcunu dollarla göstərmişdir. O bu barədə iradını bildirəndə demişlər ki, belə yazılmasına baxmayaraq manatla ödəniləcəkdir. Həmin vaxt 100 dolların manatla ekvivalenti 105 manat idi. Kredit müqaviləsində 1800 ABŞ dolları borc göstərilsə də ona 1600 manat pul verildi. Ödəmə cədvəli üzrə o 30 oktyabr 2018-ci il tarixədək 2645.47 ABŞ dolları pul ödəməli idi. Lakin bank özü ona demişdir ki, o manatla ödəyəcəkdir. O, 2019-cu ilin mart ayına kimi banka 2987 manat pul ödəmiş, pulu ödəyəndən sonra banka yaxınlaşıb borcun olmaması barədə arayış tələb edəndə onlar arayış verməkdən imtina etdilər. Səbəbini isə aydın izah etmədilər. O 2022-ci ilin iyul ayının pensiyasını götürəndə görmüşdür ki, pensiyasından pul tutulmuşdur. Səbəbini öyrənəndə məlum oldu ki, bank onu məhkəməyə verib. Məhkəmə isə onun xəbəri olmadan xx.xx.2018-ci il tarixli qətnaməsi ilə bankın iddiasını qismən təmin etmişdir. Məhkəmə qətnaməsində göstərilir ki, iddiaçı tərəfindən ona pretenziya məktubu göndərilmişdir. Halbuki, o belə bir məktub almamışdır. Onun maddi cəhətdən vəziyyəti ağırdır. O bankın qurbanı olaraq göstərilən məbləği ödəməli deyil. Bank onun yaşlı olmağından, savadsızlığından istifadə edərək ona dollarla olan kredit müqaviləsinə imza etdirmişdir. Məhkəmə isə onun iştirakını təmin etmədən, əsil həqiqəti aydınlaşdırmadan bankın xeyrinə düzgün olmayan qətnamə qəbul etmişdir. O məhkəmə qətnaməsindən xəbər tutanda xx.xx.2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş "vicdanlılıq" anlayışına nə məhkəmə, nə də iddiaçı bank əhəmiyyət vermişdir. Belə ki, bank onu aldadaraq manatla kredit versə də kredit müqaviləsini dollarla bağlamışdır. O iradını bildirəndə isə demişdir ki, bunun ona heç bir ziyanı olmayacaqdır, o borcu manatla ödəyər. Məhkəmə isə onun iştirakı olmadan bankın yalanlarına əsaslanaraq iddianı qismən təmin etmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. O kredit müqaviləsini bağlayanda dolların məzənnəsi 1.05 manat idi. Dolların 2-ci devalvasiyasından sonra isə 1.55 manat olmuşdur. Bank heç bir ədalətlilik prinsipinə əməl etməmiş,ona şişirdilmiş faiz hesablamışdır. Məhkəmə isə korkoranə bankıb xeyrinə qətnamə çıxarmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən dolların 2-ci devalvasiyası (2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə) nəticəsində yaranmış məzənnə fərqi dövlət tərəfındən ödənilir. Buna görə ona 600 ABŞ dolları kompensasiya hesablanmışdır. O pulu tələb edəndə bank işçiləri dedilər ki, onu məhkəməyə veriblər. Nəyə görə ona çatası məzənnə fərqi məhkəməyə verilib? Bütün bunlar məhkəmə tərəfındən araşdırılmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin nüamyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasınını iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətinin təmin edilməsini xahiş etmişdir. n dəlillərinə uyğun izahat verib, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin iyul ayından başlayaraq onun pensiyasından bir neçə dəfə borc üzrə tutulmalar aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi banklara tövsiyyə edilsin. 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(044)-3645/2018 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavadbehin kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışa əsasən Cavabdeh iddiaçı kredit təşkilatına 01 mart 2019-cu il tarixinə borcu 1695,69 manat olmaqla, restrukturizasiya məbləği də 1695,69 manat təşkil etmişdir. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq hesablanmış faizlərin silinməsi nəzərədə tutulmuşdur. Buna görə də Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(044)-3645/2018 saylı qətnaməsi ləğv edilməli və cavabehdən 1695,69 manat əsas borc məbləği tutularaq, iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 01 mart 2019-cu il tarixdən sonra cavadbeh tərəfindən edilmiş ödənişlər və tutulmalar, icra qaydasında hazırkı qətnamə ilə qət edilən 1695,69 manat borc məbləğindən çıxılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(044)-3645/2018 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 1695,69 (min altı yüz doxsan beş manat 69 qəpik) manat borc məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu məbləği tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(044)- 3645/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(044)- 3645/2018 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 1695,69 (min altı yüz doxsan beş manat 69 qəpik) manat borc məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu məbləği tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.