Məhkəmə qərarları › İş №2(104)-291/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-291/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-291/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" ASC-nin cavabdeh X6 qаrşı mülki iş üzrə Açar sözlər: əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı BOKT "xxxx" ASC-nin cavabdeh X6 qаrşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(042)-575/2024 nömrəli qətnaməsindən iddiaçı BOKT İnternational ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 14 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(004)-190/2022 nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin ilk iddia üzrə cavabdeh X6 qarşı “icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi; Qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir;

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli 2(103)- 4011/2022 nömrəli qətnaməsi ilə iddiaçı BOKT "xxxx" QSC-nin apellyasiya şikayətinin təmin edilməməsi; Cavabdeh X4 apellyasiya şikayətinin qismən təmin edilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsinin qismən – qarşılıqlı iddianın maddi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv olunması və göstərilən hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi; Dəymiş zərərin əvəzi olaraq 44767,45 manat (qırx dörd min yeddi yüz altmış yeddi manat, qırx beş qəpik) pul vəsaitinin BOKT "xxxx" QSC-dən alınıb X6 ödənilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2/(102)-5566/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli 2(103)-4011/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

4. X13 Vergi Cədvəldən görünür ki, 2 iyun 2021- ci il tarixdən 03 dekabr 2021-ci il tarixədək X8 hər ay 895.35 manat olmaqla cəmi, 6267.45 manat vergi ödəmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı BOKT "xxxx" ASC cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 iddiaçının xeyrinə 5372,1 manat vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 73.72 AZN məbləğində vəsaitin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı BOKT "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı yerləşən 105.3 kv.m qeyri-yaşayış sahəsinin keçmiş mülkiyyətçisi X9 ilə BOKT "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış, aylıq icarə haqqı 6395,35 manat razılaşdırılmaqla qeyri-yaşayış sahəsi 5 il müddətində X9 tərəfindən BOKT "xxxx" ASC-yə icarəyə verilmişdir. Alim Babayev qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdə X5, sonuncu isə xx.xx.2021-ci il tarixdə cavabdeh X11ma satmışdır. Tərəflər arasında bağlamış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən vergi daxil 6395,35 manat məbləğində icarə haqqını icarəçiyə ödəməli idi. Vergi qanunvericiliyin tələblərinə əsasən icarəyə verənin VÖEN-i olmadığı üçün həmin məbləğdən vergini tutmaq və dövlət büdcəsinə ödəmək hüquqi şəxs olan icarəçinin vəzifəsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının sorğusu əsasında verilmiş xx.xx.2023-cü il tarixi aravışdan görünür ki, iddiaçı icarə obyektindən icarə müqaviləsi üzrə faktiki istifadə etdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 5372,1 manat məbləğində vergi ödəmişdir. Sonradan isə tərəflər arasında yaranan mübahisə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4011/2022 nömrəli qətnaməsi ilə 2021-ci ilin iyul-2022-ci ilin yanvar ayları üçün icarə müqaviləsində göstərilən məbləği vergi daxil olmaqla (6395,35 manat x 7 ay) yeni mülkiyyətçiyə ödəməli olmuşdur. Belə olan halda BOKT tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində vergi məbləği həm vergi orqanına, həm də cavabdeh Mirvari Kazımovaya ödənilmişdir. Bu isə cavabdeh Mirvari Kazımovanın əsassız olaraq varlanmasına səbəb olmuşdur.

7. Gədəbəy Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(042)-575/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddiа tələbinin təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 14.2.6, 14.2.7, 1091 və 1092-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı BOKT "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı BOKT "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə tutulan 44767.45 manat məhz 2021-ci ilin iyul - 2022-ci ilin yanvar ayları üçün (6395,35 x 7) icarə haqqının əvəzi kimi tutulmuşdur. Belə ki, bu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. iddiaçı tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulan 44767,45 manat məhz 2021-ci ilin iyul - 2022-ci ilin yanvar ayları üçün (6395,35 x 7 aylıq) icarə haqqının daxilində aylıq vergi məbləği olan 895,35 manatın olması işin mübahisəsiz halıdır. Bundan əlavə, icarə müqaviləsi bağlandıqdan sonra iddiaçı qanunun tələbinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ciil tarixədək hər ay üçün 895,35 manat olmaqla, cəmi 5372,1 manat məbləğində vergini ödəmə mənbəyindən ödəməkdə davam etmişdir. Belə ki, icarə müqaviləsi üzrə icarəçi BOKT hər ay ödəmə mənbəyindən vergini ödəyib. Buna icarəyə verən vergi uçotunda olmayan fiziki şəxs (sadə vətəndaş) olması, icarəçinin isə hüquqi şəxs olması səbəb olmuşdur. Qanunvericiliyin tələbinə görə belə olan halda hüquqi şəxs icarə haqqı ödədikdə ödəmə mənbəyində verginitutub dövlət büdcəsinə ödəməlidir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi üzrə xx.xx.2021-ciiltarixdən xx.xx.2021-ci il tarixədək həray üçün vergiməbləğiiki dəfə ödənilmişdir. Belə ki, birinci dəfə 6395,35 manat icarə haqqının (5500 manat icarə haqqı + 895,35 manat vergi) məhkəmə qətnaməsinə əsasən sonuncu mülkiyyətçiyə ödənilməsi, yəniiddiaçı 6 ay ərzində faktiki olaraq 895,35 manat (cəmi 5.372,1 manat məbləğində), həmçinin ikinci dəfə isə icarə müqaviləsi üzrə ödəmə mənbəyindən verginin ödənilməsi nəticəsində isə əqdin tərəfi olan icarəçi BOKTun əlavə maddi ziyana düşməsinə səbəb olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

16. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, mülkiyyətçi X9 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 105,3 kv.m. olan qeyri-yaşayış sahəsini 03 mart 2020-ci il tarixli icarə müqaviləsi ilə BOKT "xxxx" QSC-yə aylıq icarə haqqı 6395,35 manat razılaşdırılmaqla 5 il müddətinə icarəyə vermişdir. Qeyri-yaşayış sahəsi X9 tərəfindən X1, bundan sonra X7 02 iyul 2021- ci il tarixli alqı-satqı müqaviləsi ilə qeyri-yaşayış sahəsini X2. Qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə cavabdehin adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixli ilkin icarə müqaviləsi ilə X12 icarəyə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə cavabdeh və X14 arasında qeyri-yaşayış sahəsininın icarəyə verilməsinə dair müqavilə bağlanmış, müqavilə notarial qaydada təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ərizə ünvanlanmış və iddiaçıdan qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixə kimi boşaldaraq təhvil verilməsini tələb etmişdir. Bundan sonra iddiaçı BOKT "xxxx" QSC cavabdeh X6 qarşı “icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması və dəymiş maddi zərərin ödənilməsi” barədə iddia qaldırmış, cavabdeh də iddiaçıya qarşı “müqavilənin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli 2(103)-4011/2022 nömrəli qətnaməsi ilə dəymiş zərərin əvəzi olaraq 44767,45 manat pul vəsaitinin BOKT "xxxx" QSC-dən alınıb X6 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı BOKT "xxxx" QSC onun tərəfindən xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində vergi məbləğinin həm vergi orqanına, həm də cavabdeh Mirvari Kazımovaya ödənildiyini nəticədə cavabdeh Mirvari Kazımovanın əsassız olaraq varlandığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycn Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2/(102)-5566/2022 saylı qərarı ilə iddiaçının təqsirli hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş zərərin əvəzi kimi 44767.45 manatın iddiaçıdan alınaraq, cavabdehə verilməsi qərara alınmışdır. Yəni, iddiaçı bu məbləği cavabdehə aylıq icarə haqqı kimi deyil, vurulmuş zərərin əvəzi kimi ödəməli olmuşdur. İddiaçı tərəfindən vergi orqanına ödənilməsi iddia edillən 5372.1 manat da cavabdehə deyil, vergi orqanına ödənilmişdir. Bu isə cavabdehin əsassız varlanması halını istisna edir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

30. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

31. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlanan əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

32. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.

33. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur və.s.

34. Hazırkı işdən aydın olur ki, cavabdeh X10 ünvan 2 ünvanında yerləşən sahəsi 105,3 kv.m. olan qeyri-yaşayış sahəsini müvafiq alqı-satqı müqaviləsinə əsasən əldə etdikdən sonra BOKT "xxxx" QSC ərizə ünvanlanmış və iddiaçıdan qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixə kimi boşaldaraq təhvil verməsini tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli 2(103)-4011/2022 nömrəli qətnaməsi ilə dəymiş zərərin əvəzi olaraq 44767,45 manat pul vəsaitinin BOKT "xxxx" QSC-dən alınıb X6 ödənilməsi qət edilmişdir. Yəni, məhkəmə qətnaməsi ilə iddiaçı BOKT "xxxx" QSC-dən cavabdeh X4 xeyrinə tutulan 44767,45 manat vəsait iddiaçının qanunsuz olaraq cavabdehin mülkiyyətindəki əmlakı boşaltmamasına görə dəymiş ziyan (əldən çıxmış fayda) kimi tutulmuşdur. Başqa sözlə, iddiaçı BOKT "xxxx" QSC-dən cavabdeh X4 xeyrinə tutulan vəsait nə icarə haqqı, nə də ki, icarə haqqı ilə bağlı ödənilməli vergi borcu olmamışdır.

35. Kollegiya qeyd edir ki, cavabdeh Mirvari Kazımova hazırkı halda əsassız varlanan şəxs deyildir. Bu baxımdan da iddia tələbi əsassızdır.

36. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı BOKT "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(042)-575/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar