Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-298/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(125)-244/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 9800 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(125)-244/2022 nömrəli (hakim X.Səfərli) qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı “pul tələbinə” dair iddia ərizəsinin təmin olunmaması, ödənilmiş 119 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, 28 oktyabr 2021-ci il tarixdə VAZ-21154 markalı, 90HN115 dövlət qeydiyyat nişanlı avtomobil almış, sonradan avtomobili satmaq qərarına gəlmişdir. 2021-ci ilin dekabr ayında cavabdehlə avtomobilin nisyə alqı-satqısı barədə danışıq aparmışlar və avtomobilin qiymətini 9800 manata razılaşmışlar. Cavabdeh ondan avtomobil üçün X1 adına baş etibarnamə verməsini xahiş etmiş, o da həmin şəxsin adına etibarnamə vermişdir. Bundan sonra cavabdeh onu aldadaraq pulu verməmişdir. Ona görə də Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmiş və şikayət əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh ona 9800 manat borcu olduğunu etiraf etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, polis idarəsində araşdırma zamanı cavabdeh ondan 9800 manata avtomobil aldığını və avtomobilin pulunu ödəmədiyini etiraf etmişdir. Bundan əlavə, məhkəmənin iddia üzrə onun subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə düzgün deyil. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 10 avqust 2022-ci il tarixli, 4949-1222 nömrəli məktubundan görünür ki, VAZ-21154 markalı, 90-HN115 dövlət qeydiyyat nişanlı avtomobil 07 yanvar 2022-ci il tarixdən hal-hazıradək X6 adına qeydiyyatdadır; ƏN-Vİİ seriyalı 076418 nömrəli 09 dekabr 2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı1 tərəfindən (X3 nümayəndəsi qismində) X4 VAZ 21154 markalı 90HN115 dövlət qeydiyyat nişanlı avtomobilə dair müvafiq səlahiyyət verilmişdir; İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin HK-1 0195/2022 nömrəli dələduzluq hadisəsi barədə İddiaçı1 müraciəti əsasında toplanmış rədd materialından görünür ki, Cavabdeh1 müraciətlə bağlı Gəncə şəhər Baş Polis İdarəsində vermiş olduğu izahatında bildirmişdir ki, 2021-ci ilin dekabr ayında İddiaçı1 ilə sonuncuya məxsus VAZ21154 markalı 90HN115 dövlət qeydiyyat nişanlı avtomobili nisyə olaraq 9800 manata almaq barədə razılığa gəlmişlər. Onun təklifinə əsasən İddiaçı1 qeyd olunan avtomobilə dair X2 adına baş etibarnamə vermişdir. Sonra həmin avtomobili başqa şəxsə 7200 manata satmışdır. Avtomobilin pulunu İddiaçı1 verməmişdir. Ona məxsus ev satıldıqda avtomobilin pulunu İddiaçı1 verəcəkdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 567-ci, 777.1 və 1091.1-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləninin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı1 2021-ci ilin dekabr ayında ona məxsus VAZ-21154 markalı, 90HN115 dövlət qeydiyyat nişanlı avtomobilin 9800 manata satılması barədə Cavabdeh1 ilə aralarında razılıq olduğunu, Cavabdeh1 tələbi ilə avtomobil üçün X1 adına baş etibarnamə verərək avtomobili faktiki olaraq 9800 manata nisyə olaraq cavabdehə satdığını, lakin cavabdehin avtomobilin dəyəri olan məbləği ona ödəmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının hazırkı iddia üzrə subyektiv hüququ malik olmaması əsası ilə iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş materiallarında olan ƏN-Vİİİ seriyalı 031143 nömrəli 28 oktyabr 2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi X7 VAZ-21154 markalı, 90HN115 dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı1 baş etibarnamə vermişdir. Göründüyü kimi, İddiaçı1 VAZ21154 markalı 90HN115 dövlət qeydiyyat nişanlı avtomobili 09 dekabr 2021-ci il tarixdə baş etibarnamə əsasında faktiki olaraq Cavabdeh1 satarkən öz adına verilmiş etibarnamə əsasında həmin avtomobil onun sahibliyində olmuşdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququ olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Həmçinin kollegiya onu da qeyd edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin HK-1 0195/2022 nömrəli dələduzluq hadisəsi barədə müraciət əsasında toplanmış materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh1 qeyd olunan müraciətlə bağlı Gəncə şəhər Baş Polis İdarəsində vermiş olduğu izahatında bildirmişdir ki, 2021-ci ilin dekabr ayında İddiaçı1 ilə sonuncuya məxsus VAZ21154 markalı 90HN115 dövlət qeydiyyat nişanlı avtomobili nisyə olaraq 9800 manata almaq barədə razılığa gəlmişlər. Onun təklifinə əsasən İddiaçı1 qeyd olunan avtomobilə dair X2 adına baş etibarnamə vermişdir. Həmin avtomobili Vüsaldan aldıqdan sonra başqa şəxsə 7200 manata satmışdır. Avtomobilin pulunu İddiaçı1 verməmişdir. X2 izahatından görünür ki, Cavabdeh1la avtomobili 7800 manata satdığını bildirmiş və o, 7800 manat pulu sayıb Elyara vermişdir. Göründüyü kimi, Cavabdeh1 İddiaçı1 məxsus VAZ-21154 markalı, 90HN115 dövlət qeydiyyat nişanlı avtomobili 9800 manata nisyə olaraq baş etibarnamə əsasında sonuncudan almış, lakin avtomobilin dəyəri olan 9800 manatı İddiaçı1 ödəməmişdir. Eləcə də sonradan həmin avtomobil baş etibarnamə əsasında başqa şəxsə satılmışdır. Belə ki, işin 57-ci səhifəsindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 10 avqust 2022-ci il tarixli 4949-1222 nömrəli məktubundan görünür ki, VAZ21154 markalı 90HN115 dövlət qeydiyyat nişanlı avtomobil 07 yanvar 2022-ci il tarixdən X6 adına qeydiyyata alınmışdır. Belə olan halda kollegiya hesab edir ki, 9800 manat Cavabdeh1 alınaraq İddiaçı1 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdən müəyyən olunur ki, İddiaçı1 iddia ərizəsinin verilməsinə görə 119 manat dövlət rüsumu ödəmişdir. Kollegiya hesab edir ki, həmin dövlət rüsumunun əvəzi də Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(125)-244/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilsin. 9800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 119 manat, ümumilikdə 9919 manat pul Cavabdeh1 alınaraq iddiaçı X5 verilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-298/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-298/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver