Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2987/2023 27.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7154/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7967 manat əsas, 1320,81 manat, 158,45 manat cərimə haqqı olmaqla, cəmi 9446,26 manat borcun 0,40 manat xidmət haqqının və dövlət rüsumu olara ödənilmiş 114,52 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh birinci instansiya məhkəməsində işə baxılan zaman vəsatət təqdim edərək, mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7154/2023 nömrəli qərardadı ilə (hakim Xədicə Səfərli), iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında üzrə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunması və vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, rəsmi olaraq Gəncə şəhərində pasport qeydiyyatında olsa da, faktiki olaraq uzun illərdir ki, ailə üzvləriylə bərabər Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 63, mənzil 27-də yaşayır. O, 29 oktyabr 2015-ci il tarixdən Bakı şəhərində yerləşən və fəaliyyət göstərən "xxxx" MMC-də daxili sürücü vəzifəsində işləyir. Mülki işin ərazi aidiyyatı üzrə Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilməsi ədalətli məhkəmə araşdırması hüququnun və çəkişmə prinsipinin təminatına zəmanət verəcək, eyni zamanda mövcud qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etməyinə şərait yaradacaq. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7154/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7154/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qərardaddan verilmiş şikayətin əsaslılığını müəyyən etmək üçün ilk öncə Azərbaycan Respublikasının MPM-in aşağıdakı normalarını nəzərdən keçirməyi zəruri sayır. Qeyd olunmalıdır ki, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə də həll oluna bilər (MPM-nin 45.1-ci maddəsi). Əgər məhkəmədə baxıldığı zaman işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verə bilər (MPM-nin 44.2.2-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Cavabdeh tərəfindən verilmiş vəsatət əsassız olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası bu nəticəni əsaslandırmaq üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri» məfhumunun anlayışı da qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Bu halda həmin iş əraziyə görə, MPM-nin 35.1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinə aiddir. Cavabdehin şikayətində göstərdiyi dəlillər işin Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməklə aidiyyət qaydalarının pozulmasına əsas vermir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafıq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə kollegiyası əsaslılığı yoxlanılan qərardada hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 35.1, 263, 264, 398.0.1 və 400-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin ediməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7154/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2987/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2987/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver