Məhkəmə qərarları › İş №2(104)-300/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-300/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-300/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(066)-995/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Finca Azeribaijan” MM QBKT və X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********135 nömrəli kredit müqaviləsinə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 10000 ABŞ dollar məbləğində pul vəsaitini kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

2. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə ölmüşdür.

3. “Finca Azeribaijan” MM QBKT və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0391 nömrəli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 5662.06 (beş min altı yüz altmış iki manat altı qəpik) manat qalıq məbləğini ödəməsi məqsədi ilə 5662.06 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

4. “Finca Azeribaijan” MM QBKT və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, **********0391 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.

5. “Finca Azeribaijan” MM QBKT və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0391-891857 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, **********0391 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.

6. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 **********0391 nömrəli kredit müqaviləsi üzrə 5537.95 manat əsas, 38.23 manat faiz və cəmi qalıq borcu 5576.18 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada borcun məbləği 5537.95 manat əsas, 38.23 manat faiz, 0.00 manat cərimə borcu olmaqla cəmi 5576.18 (beş min beş yüz yetmiş altı manat on səkkiz qəpik) manat, həmçinin ödənilmiş 76 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0391 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında "Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilənin imzalanan tarixə 5662.06 AZN (beş min altı yüz altmış iki manat, altı qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 4.88 AZN, dörd il müddətində isə hər ay 120.42 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********0391-891857 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə borcun məbləği 5537.95 AZN ǝsas, faiz borcu üzrə 38.23 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 5576.18 (beş min beş yüz yetmiş altı manat, on səkkiz qəpik) AZN təşkil edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(066)-995/2022 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada **********0391 nömrəli kredit müqaviləsi üzrə 5537.95 manat əsas, 38.23 manat faiz, 0.00 manat cərimə borcu olmaqla, cəmi 5576.18 (beş min beş yüz yetmiş altı manat on səkkiz qəpik) manat pul vəsaitinin və ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun tutularaq iddiaçı “Finca- Azerbaijan” MM QBKT-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 390.1, 405.1, 443.1, 449.1, 465.2, 739.1 və 739.2 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(066)-995/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, “Finca Azeribaijan” MM QBKT və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0391 nömrəli kredit (Restrukturizasiya) müqaviləsi 2014-cü ildə bağlanmış kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlandığı üçün əhəmiyyətsiz əqd hesab olunur. Kredit təşkilatının üzərinə götürdüyü əsas öhdəlik müqavilədə göstərilən məbləğin kredit götürənə verməkdən ibarətdir. Əgər 2014-cu ildə bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən pulun verilməsini təmin etməyib bununla da bağladığı əqdlərin yalan əqd olduğunu bir daha sübut etmiş olur. Əgər ki, kredit təşkilatı tərəfindən 5537 manat pul verilmişdirsə kassa məxaric orderi təqdim edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, o banka zaminlərlə birlikdə getmiş, həyat yoldaşından qalan krediti ödəməyi öhdəsinə götürmüş, yeni tərtib edilmiş kredit (restrukturizasiya) müqaviləsinin şərtlərinə razı olmuş, onu imzası ilə təsdiq etmiş, zaminlər də müqaviləni imzalamışlar. Kredit müqaviləsi əsasında mütəmadi ödənişlər etmişdir.

15. İş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

18. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, işin müəyyən olunmuş hallarına görə, “Finca Azeribaijan” MM QBKT və X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********135 nömrəli kredit müqaviləsinə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 10000 ABŞ dollar məbləğində pul vəsaitini kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə ölmüşdür. İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0391 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında "Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilənin imzalanan tarixə 5662.06 AZN (beş min altı yüz altmış iki manat, altı qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 4.88 AZN, dörd il müddətində isə hər ay 120.42 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********0391-891857 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə borcun məbləği 5537.95 AZN ǝsas, faiz borcu üzrə 38.23 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 5576.18 (beş min beş yüz yetmiş altı manat, on səkkiz qəpik) AZN təşkil etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, “Finca Azeribaijan” MM QBKT və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0391 nömrəli kredit (Restrukturizasiya) müqaviləsi 2014-cü ildə bağlanmış kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlandığı üçün əhəmiyyətsiz əqd hesab olunur. Kredit təşkilatının üzərinə götürdüyü əsas öhdəlik müqavilədə göstərilən məbləğin kredit götürənə verməkdən ibarətdir. Əgər 2014-cu ildə bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən pulun verilməsini təmin etməyib bununla da bağladığı əqdlərin yalan əqd olduğunu bir daha sübut etmiş olur. Əgər ki, kredit təşkilatı tərəfindən 5537 manat pul verilmişdirsə kassa məxaric orderi təqdim edilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, restruktruzasiya – gecikmədə olan əsas borc məbləğinin gecikmədən çıxarılması və adi borc hesabına keçirilməsi əməliyyatıdır. Sözügedən əməliyyat borclunun müraciəti əsasında müqavilə bağlanmaqla rəsmiləşdirilir. Bundan sonra borcluya yeni ödəniş cədvəlinin verilməsi, həmin cədvəlin cavabdeh tərəfindən imzalanması ilə həyata keçirilir. Hazırki iş üzrə də Cavabdeh1 mərhum əri X2 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********135 nömrəli kredit müqaviləsi əsasında restrukturizasiya müqaviləsi bağlamış, eləcə də ödəniş cədvəlini imzalamışdır. Cavabdehlər apellyasiya şikayətinin dəlillərində ümumiyyətlə Cavabdeh1 kredit məbləğinin təqdim olunmadığını, restruktruzasiya barədə müqavilənin əvvəlki kredit müqaviləsini pərdələmək üçün bağlandığını bildirsə də buna dair hər hansı sübut təqdim etməmişlər, həm də bu ağlabatan deyildir. Belə ki, qeyd olunduğu kimi restruktruzasiya borculunun banka müraciəti əsasında reallaşan əməliyyat olmaqla bu barədə müqavilə bağlanılır. Bundan başqa, cavabdehiər həmin müqaviləni imzalamaqla onun şərtlərini qəbul etmişlər. Göründüyü kimi kredit (restrukturizasiya) müqaviləsi mülki qanunvericiliyin tələbləri əsasında düzgün tərtib edilmişdir.

26. Ona görə də, Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(066)- 995/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

28. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(066)-995/2022 nömrəli qətnaməsi zaminə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar