Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-301/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X4 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(076)-2741/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında 21 yanvar 2023-cü il tarixli AZ-İV seriyalı 824237 nömrəli şəhadətnamənin sürətindən görünür ki, X3 04 iyul 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
2. Doğum haqqında 21 yanvar 2023-cü il tarixli AZ-İV seriyalı 824236 nömrəli şəhadətnamənin sürətindən görünür ki, X2 26 noyabr 2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
3. 09 iyun 2023-cü il tarixli, 00649 nömrəli barışıq sazişindən görünür ki, 01 avqust 2023-cü il tarixdən başlayaraq, 04 iyul 2014-cü il təvəllüdlü X3 və 26 noaybr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin, İddiaçı verməsi barədə öhdəlik götürmüşdür.
4. Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(076)- 2228/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2014-cü il tarixdə qeydə alınmış 11 nömrəli nikah qeydi pozulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 04 iyul 2014-cü il təvəllüdlü X3 və 26 noaybr 2017-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün, 09 iyun 2023-cü il tarixdə 00649 nömrəli barışıq sazişi ilə təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 oktyabr 2014cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 04 iyul 2014-cü il tarixdə Mübariz, 26 noyabr 2017-ci il tarixdə Gülbəniz adlı uşaqları anadan olmuşdur. 2014-cü ilin avqust ayınadək birlikdə yaşmışlar, lakin sonradan münasibətləri pozulmuş və Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(076)- 2228/2023 nömrəli qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi pozulmuşdur. 09 iyun 2023-cü ildə mediyassiyada himayəsində qalan iki uşaq üçün cavabdehdən 240 manat alimentin ona ödənilməsinə dair 00649 nömrəli barışıq sazişi bağlamışlar. Buna baxmayaraq həmin məbləğ uşaqlarının təminatını və ehtiyaclarını ödəmir.
7. Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(076)-2741/2024 nömrəli qətnaməsi ilə (hakim T.Musayev) iddia tələbi qismən təmin edilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 04 iyul 2014-cü il tarixdə doğulmuş Mübariz və 26 noyabr 2017-ci il tarixdə doğulmuş Gülbəniz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər 09 iyun 2023-cü il tarixli, 00649 nömrəli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi; İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsi; Cavabdeh 65,60 (altmış beş manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2, 112.1 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 112.3, 216-220, 235, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, barışıq sazişini bağladıqdan sonra maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Hazırda işsizdir və barışıq sazişində qeyd olunmuş alimenti güclə ödəyir. Əlavə ödəniş etməyə maddi imkanı yoxdur. Eləcədə uşaqların maddi ehtiyaclarını qarşılamaq yalnız onun deyil, həmçinin iddiaçının vəzifəsidir. İddiaçı isə cavan və sağlam olmasına baxmayaraq heç bir yerdə işləmir və onun ödəyəcəyi aliment məbləği ilə özü də dolanmağa çalışır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
16. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 12 oktyabr 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və sonuncuların birgə nikahlarından 04 iyul 2014-cü il tarixdə Mübariz, 26 noyabr 2017-ci il tarixdə Gülbəniz adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında münasibətləri pozulduğundan ayrılmışlar və Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(076)- 2228/2023 nömrəli qətnaməsi ilə aralarında bağlanmış 12 oktyabr 2014cü il tarixli 11 nömrəli nikah qeydi pozulmuşdur. Tərəflər arasında 09 iyun 2023-cü il tarixdə 00649 nömrəli barışıq sazişi (mediyasiyada) bağlanmış və 01 avqust 2023-cü il tarixdən başlayaraq, 04 iyul 2014-cü il təvəllüdlü X3 və 26 noaybr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin İddiaçı verməsi barədə öhdəlik götürmüşdür. Sonuncu barışıq sazişində müəyyən olunmuş alimentlə uşaqları saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
33. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarması, barışıq sazişini bağladıqdan sonra maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamsı, hazırda işsiz olması, barışıq sazişində qeyd olunmuş alimenti güclə ödəməsi, əlavə ödəniş etməyə maddi imkanının olmaması, eləcədə uşaqların maddi ehtiyaclarını qarşılamaq yalnız onun deyil, həmçinin iddiaçının da vəzifəsidir, iddiaçı isə cavan və sağlam olmasına baxmayaraq heç bir yerdə işləmir və onun ödəyəcəyi alimentlə özü də dolanmağa çalışır” dəlilini qətnamənin ləğvi üçün əsas saymır.
34. Çünki, cavabdehin ödəmək niyyətində olduğu, yəni barışıq sazişində hər uşaq üçün nəzərdə tutulan 120 manat adı qeyd olunan uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi, eləcədə əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli sayıla bilməz.
35. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən olunmuşdur.
36. Eləcədə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(076)-2741/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.