Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-306/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(015)-57/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh 5.000 manat miqdarında borc pulun və hüquqi xidmət üçün ödədiyi 50 manat pul olmaqla, cəmi 5.050 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, müharibə veterandır. Cavabdeh onun tanışıdır. Cavabdeh ondan 20 fevral 2021-ci ildə bir ay müddətinə qaytarmaq sərtilə 5.000 manat miqdarında borc pul almışdır (bu faktı təsdiq edən pul müqaviləsini ərizəsinə əlavə edir). O, Cavabdeh hazırda pulunun qaytarmasını tələb etməyə başlasa da cavabdeh borcunu qaytarmamış və qaytarmaqdan imtina etmişdir. Buna görə də o borc pulun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(015)-57/2022 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilərək, Cavabdeh 5.050 manatın alınaraq İddiaçı ödənilməsi, həmçinin Cavabdeh 70 manatın alınaraq dövlət büdcəsinə köçürülməsi, 127 manat ekspertiza xərcinin isə alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşdə olan sübutlar: İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2021 -ci il tarixdə 5.000 manat məbləğində borc pul aldığını və 20 mart 2021-ci il tarixədək həmin pulu qaytarmalı olduğunu etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli, 4/1100 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli borc qəbzinin əlyazma mətni və “Məmmədli” sözünün qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri. Ağstafa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(015)-57/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(015)-57/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə iclası zamanı bildirmişdir ki, o, iddiaçıdan aldığı pulu ona verdiyi zaman ona yazdığı 5000 manatlıq qəbzi ona geri qaytramış və o isə həmin qəbzi məhkəməyə göstərmişdir. Məhkəmə isə həmin qəbzdəki imzanı heç bir əsas olmadan ekspertizaya göndərmişdir. Məhkəmə iclası zamanı isə bildirmişdir ki, əgər o, həmin pulu iddiaçıya geri qaytarmasaydı iddiaçı həmin qəbzi ona qaytarmazdı. Göründüyü kimi iddiaçı iddia tələbini ümumi sözlərə əsaslanaraq sözü gedən iddia tələbini heç bir sübuta əsaslanmadan hazırki iddianı vermiş, məhkəmə isə iddianı təmin etmişdir. Onun kifayət qədər sübut etməsinə baxmayaraq məhkəmə işə bir tərəfli qaydada baxmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməmsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı: İddiaçı X1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış (araşdırılmış), məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmuş, qətnamə iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin əsassız, qətnamənin qanuni və əsaslı olmasına dair ikinci dəlili ondan ibarətdir ki, apelyator şikayətində heç bir əsaslı dəlil göstərmədən qətnamənin əsassız oldugunu ümumi cümlə ilə və fərziyələrə əsaslanmaqla qeyd etmiş, lakin qeyd etdiyi əsassızlıgının nədən ibarət olmasına dair aydınlıq gətirməmişdir. Yalnız ekspertizanın keçirilməsinin səhv oldugunu və pul qəbzinin ona verildiyini göstərmişdir ki, bunlar da həqiqətə uygun deyildir. Apelyator öz şikayətində qətnamənin ləgv edilərək yenidən baxılması tələbini yalnız ona görə irəli sürmüşdür ki, qətnamənin icra edilməsinin müddəti süni olaraq uzadılsın. Yəni, apellyasiya şikayətinin verilməsi qətnamənin icra edilməsinin müddətini süni olaraq uzatmaq məqsədi daşıyır və ona görə də apellyasiya şikayəti əmin edilməməıidir. Buna görə də Cavabdeh oglunun Ağstafa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(015)-57/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız oldugundan onun təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında gələ bilmədiyini bildirib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.http://e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(015)-57/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh 20 fevral 2021-ci il tarixdə İddiaçı bir ay müddətinə qaytarmaq şərtilə 5000 manat məbləğində borc pul almış, lakin öhdəliyini vaxtında icra etməmişdir. Cavabdeh borc öhdəliyini icra etdiyini bildirərək bunun təsdiqi kimi borca dair sənədin iddiaçı tərəfindən ona qaytarıldığını iddia etsə də iş materialları ilə cavadbehin bu etirazı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, 20 fevral 2021-ci il tarixli borcun etiraf edilməsinə dair sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim edilmişdir ki, Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbi baxımından da öhdəliyə xitam verilməsi təsdqilənməmişdir. Məhkəmə iclas protokollarından və cavadbehin məhkəməyə ünvanladığı ərizədən isə görünür ki, cavadbeh birinci instansiya məhkəməsində məhkəməyə hər hansı bir sənəd təqdim etməmiş, əksinə iddiaçının təqdim etdiyi borc sənədindəki imzanın və yazınının ona məxsus olmamasını iddia edərək, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, əldə edilmiş ekspert rəyi ilə isə borc sənədində olan imzanın və yazının ona məxsus olması öz təsdiqini tapmışdır. Bundan başqa cavadbeh tərəfindən borcun qaytarılması ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkmə kollegiyası qeyd edir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olsa da, tərəflər Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı deyil, şifahi qaydada bağlamışlar ki, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddəsinin tələbinə əsasən həmin müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından əhəmiyyətsiz, etibarsız əqd olmuşdur. Tərəflər arasında bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd hesab olunsa da, cavabdehin iddiaçıdan 5000 manat borc götürməsi iş materialları ilə təsdiq olunduğundan o, həmin məbləğin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçıya qaytarmaq öhdəliyi daşımaqdadır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsasız hesab edilmişdir. Buna görə də Ağstafa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(015)-57/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Ağstafa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(015)-57/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(015)-57/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavadbeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.