Məhkəmə qərarları › İş №2(104)-310/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-310/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-310/2023 07.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkil) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, ödəniş anında ödəniş yerinin manata məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, 47.510 (qırx yeddi min beş yüz on) ABŞ dolları, 144.030 (yüz qırx dörd min otuz) manat, ödənilmiş 670 (altı yüz yetmiş) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhərində alınmış mənzilə görə 45000 (qırx beş min) ABŞ dolları, avtomaşına görə ödənilmiş 14000 (on dörd min) ABŞ dolları, Tovuz rayonu, Quşçu kəndində yerləşən qeyri-yaşayış binasının alınması üçün 61000 (altmış bir min) ABŞ dolları, həmin obyektin tikintisi və təmir-bərpasına çəkilmiş 80000 (səksən min) ABŞ dolları, obyektin icarəsi ilə əlaqədar əldən çıxmış faydaya görə 42000 (qırx iki min) manatın, dövlət rüsumu hesabına ödənilmiş 670 (altı yüz yetmiş) manatın və vəkil xərci kimi ödənilmiş 300 (üç yüz) manatın, cəmi 200000 (iki yüz min) ABŞ dolları və 42970 (qırx iki min doqquz yetmiş) manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə ççıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bacısı Cavabdeh ilə münasibəti çox yaxşı olmusdur. Azərbaycanda yaşamadığı üçün ona ən etibarlı insan doğma bacısı Cavabdeh olmuşdur. Bu səbəbdən də Azərbaycanda əmlak almaq qərarına gələrkən bacısı Cavabdeh adına əmlak almaq qərarına gəlmişdir. Çunki, onun ümümiyyətlə bütün xərclərini o qarşılayırdı. Ona inanırdı. Ona bu fikrini bildirəndə o, məmnuniyyətlə razılaşdı və 2012-ci ildən bu yana ona əmlak alması üçün Rusiya Federasyasından bank vastəsi ilə pullar göndərirdi. Bundan əlavə Azərbaycana gələndə də, nağd şəkildə pul gətirirdi, əmlakı birlikdə gedib taparaq alırdılar, pulunu isə o, özü verirdi. Bundan əlavə o, Rusyaya tez qayıtmalı olduğu üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Azərbaycanda qalmaq imkanı olmamışdır. Bu günlərdə Azərbaycana gəlmək istəyini bacısına bildirəndə hiss etdi ki, bacısı söhbətlərdən yayınır. Avtomaşını onun əlindən alınaraq anasının evində saxlanılır. Odur ki, həmin əmlakların pulunu ona qaytarmalıdır və ya əmlakın özünü ona qaytarmalıdır. Hazırda tələbi pul tələbidir. Belə ki, 2014-cü ildə Gəncə şəhəri, Heydər Əliyev prospektində, yəni Gəncə şəhərində yerləşən Mərkəzi Univermağın yanında, pəncərəsi Univermağa baxan 9 mərtəbəli binanın 4-cü mərtəbəsində 2 otaqlı mənzili X26 Xidmət mərkəzində Şəmkirli dostu Rəhmanın yanında 45000 dollar məbləğində pulu notariusun depozit hesabına qoyaraq Cavabdeh adına rəsmiləşdirmişdir. Bundan sonra o, Rusiyaya getdikdən sonra qeyd olunan mənzil daşınmaz əmlakda cavabdehin adına rəsmiləşmişdir. Bu faktı təsdiq edən Rəhmanın müvafiq ərizəsini iş materiallarına əlavə edir. Bundan əlavə o 2017-ci ilin ortalarında anası xəstə olarkən Azərbaycanda olmuşdur. Həmin vaxt Tovuz rayonu Dondar Quşçu dəmir yolu keçidi adlanan yerdə ət alveri ilə məşğul olan Rahib adlı şəxslə birlikdə Gəncə şəhərindən Elvin adlı şəxsdən 14000 dollara “MAZDA CX7” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alaraq Cavabdeh adına rəsmiləşdirmişdir. Onu da qeyd edir ki, nəqliyyat vasitəsinin sahibi Elvin adlı şəxs Gəncə şəhərində türmənin yanında yerləşən binanın sonuncu mərtəbəsində yaşayır. Sonradan o, Rusiyada olarkən təxminən 2015-2019-cü illər arası müxtəlif vaxtlarda Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən qeyri-yaşayış sahəsinin, yəni obyektin alınması üçün bacısı Cavabdeh adına Rusiyadan "xxxx"un Tovuz filialı, "xxxx" ASC-nin Tovuz filialı, "xxxx" ASCnin Tovuz filialı və "xxxx" ASC-nin Tovuz filialı vasitəsi ilə 250000, 200000, 200000, 100000, 200000, ******* rubl, bundan əlavə 26000 dollar pul göndərmişdir. Ümumilikdə dollar hesabı ilə hesablansa köhnə məzənnə ilə 61000 dollar pul göndərmişdir. Bunları təsdiq edəcək bank çıxarışlarını iş materiallarına əlavə edir. Həminin obyektin keçmiş sahibi Yasin Mürşüdov olmuşdur ki, o da əvvəllər məktəb direktoru işləməklə ziyalı adamdır. Hesab edir ki, həmin şəxs şahid qismində dindirilərsə göstərdiyi faktları təsdiq edəcək. Qeyd olunan obyektin onun tərəfindən alınmasında qardaşı Faiq Səfərov, dostu Rahib adlı şəxs və anası da iştirak etmişdir. Obyekt bacısı Cavabdeh adına rəsmiləşdirdikdən sonra qeyd olunan obyektdə tərəfindən əsaslı təmir-bərpa işləri aparılmışdır. Təmir bərpa işlərinin aparılması üçün yuxarıda adlarını çəkdiyi şəxslərin iştirakı ilə 80000 dollardan artıq pullar xərcləmişdir. Qeyd edilən obyekt alındığı vaxtdan başqa şəxsə icarəyə verilmişdir. Aylıq icarə haqqı orta hesabla 700 manatdan hesablansa 60 ayın icarə haqqı 42000 manat təşkil edir ki, həmin pulları da İlahə götürmüşdür. İlahə ona bu vaxta qədər heç bir ödəniş etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X7 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının maddi imkanı yaxşı olduğu dövrdə o, bacısının adına iddia ərizəsində göstərilən əmlakları almış, bacısı isə onun verdiyi tapşırıqları vicdanla yerinə yetirməmiş, həmin əmlakları Vaqifin adına keçirməmişdir. Rusiyada baş verən məlum iqtisadi tənəzzüllə əlaqədar o, maddi sıxıntılara düçar qalmış və belə olduğu halda bacısından həmin obyektləri satıb pulunu ona verməyi xahiş etmişdir. İlahə isə Vaqifin həmin təklifindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddia tələbində göstərilən əmlakların hamısı qardaşı tərəfindən ona hədiyyə edilmişdir. Ona görə ki, qardaşı Rusiya Federasiyasında yaşadığından anasının bütün yükü onun üzərinə düşmüşdür. Anasına o qulluq edərək baxmışdır. Qeyri-yaşayış sahəsini anası ilə birlikdə olduğu vaxtda 60000 manata almışdır. Əlavə olaraq izahatında göstərmişdir ki, Gəncə şəhərindəki ev alınarkən Vaqifin dostu Rəhman da iştirak etmiş, evə görə 45000 ABŞ dolları pul verilmişdir. 2014-cü ildə ABŞ dollarının Azərbaycan manatına ekvivalenti ilə götürüldükdə ev 31000 manata alınmışdır. Pulu Vaqif ödəyərək evi onun adına rəsmiləşdirmişdir. O, illərdir anasına baxır. Vaqif də, məhz buna görə evi, qeyri-yaşayış binasını və maşını onun adına almışdır. Maşın 14000 manata alınmış, maşını da ona Vaqif hədiyyə etmişdir. Məhkəmənin qərardadı ilə avtomaşının özgəninkiləşdirilməsi qadağan edildikdən sonra o maşını Vaqifə təhvil vermişdir. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Bildirmək istəyir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh anasına baxmağın qarşılığında əmlak vəzifəsindən azad edilməsi ilə bağlı dəlillər irəli sürsə də, bu hal məhkəmə iclasında dindirilmiş tərəflərin anasının ifadəsi ilə inkar edilmişdir. Məhkəmə həmin maddi hüquq normasına istinad edərək düzgün nəticəyə gəlməmişdir. Belə ki, o, ifadəsində bildirməyib ki, anasına baxdığı üçün iddiaçı ona hədiyyə alıb. Məhkəmə qətnaməsində onun ifadəsini təhrif etmiş və düzgün yazılmamışdır. Məhkəmənin işin araşdırılmasında belə nəticəyə gəlməsi o anlama gəlir ki, məhkəmə özündə bağışlama faktını qəbul edib və işin bu halına mövqeyini bildirərək səhf maddi hüquq norması istinad etmişdir. Həmçinin bu bağışlama hər hansı könüllü öhdəliklə şərtlənməyib ki, birinci instansiya məhkəməsi belə bir qənaətə gəlsin. İddiaçı özü könüllü olaraq cavabdehə hədiyyə edərək pul vəsaiti köçürmüşdür. Həmçinin məhkəmə bu qənaətə gəlmişdir ki, guya iddiaçı tərəfindən ona hədiyyə edilən pul kredit kimi və ya borc kimi verillməsi aydın olunmur. Çünki həmin pullar ona hədiyyə kimi verilmişdir. Cavabdeh isə özü gedib bəzi daşınmaz əmlakları rəsmi alğısatqı yolu ilə əldə etmişdir. İş materialları ilə müəyyən olunur ki, həmin vəsaitlər əmlakın alınmasına sərf edilmişdir. İddiaçı tərəfindən və onun tərəfindən təqdim edilmiş yalançı şahidlərdə də təsdiq edir ki, iddiaçı özü onunla birlikdə həmin əmlakların alğı-satqısında iştirak etmişdir. Həmçinin qətnamədə qeyd olunur ki, iddiaçı xarici vətəndaş olduğu üçün öz adına əmlakları ala bilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, əcnəbi vətəndaşlar öz adlarına istənilən daşınmaz əmlakı rəsmiləşdirə bilərlər. Belə olan halda iddiaçı niyə öz adına rəsmiləşdirməmiş, yalnız cavabdehin yanında olub və guya satıcıya pul vermişdir. Birinci instansiya məhkəməsi yalançı şahid ifadələrinə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə “X17” mağazasının sahibi X5 məhkəməyə göndərdiyi iddiaçının təsiri ilə yazılmış ərizəyə istinad etmişdir. Halbuki, həmin şəxs məhkəməyə dəvət olunub iltizam alınaraq ifadə verməli idi. Həmçinin həmin mağazanın iddiaçı alğı-satqı müqaviləsi bağlaması da araşdırılmamışdır. O, özü X5 mağazada satıcı işləyən qardaşı X12 ilə alğı-satqı müqaviləsi bağlamışdır. O, X6 şahid kimi dəvət edilməsini xahiş etsə də, lakin məhkəmə buna qiymət verməmişdir. Məhkəmə şahid ifadələrinə istinad etsə də, verilmiş şahid ifadələri ziddiyyətlidir. Həmçinin obyektin alınması ilə bağlı Tovuz rayon Notariat Kontorunda alğı-satqı müqaviləsi bağlanmış və bu zaman alıcının pulu notarius depozitinə yerləşdirilir və o da, bir daha sübut edir ki, ödənişi məhz cavabdeh aparmışdır. Pul vəsaiti ona bağışlanmışdır, o da, öz növbəsində qanuni olaraq həmin əmlakları öz adına rəsmiləşdirmişdir. Şahid ifadələri ilə təsdiq edilir ki, əmlak alınarkən iddiaçı özü orda olmuşdur. Məhkəmə qətnaməsində 160000 manat pulun 7,5 % məbləğində, yəni 12000 manat məbləğində faizin cavabdehdən alınıb iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Lakin 160000 manat borcun haradan yaranmasını araşdırmamış, hansı riyazi hesablama və ya ekspert, mütəxəssis rəyinə istinad etməmişdir. Həmçinin məhkəmə qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı əldən çıxmış faydanı müəyyən edərkən də, məhkəmə faiz hesablayaraq iddia tələbindən kənara çıxmışdır. Odur ki, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkil) X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o tərəflərin anasıdır. İlahə onun qızı olsa da o ona baxmamışdır. Oğlu tərəfindən İlahəyə xeyli sayda pullar göndərilmişdir ki, İlahə iş qursun və həmin işdən həm İlahə, həm də Vaqif qazanc götürsün. Vaqifin ailəsi Rusiyada olduğu üçün və hər an Azərbaycana gedib-gələ bilmədiyi üçün işlərin görülməsini İlahəyə həvalə etmişdir. O, Rusiya vətəndaşı olduğundan öz adına torpaq sahəsi əldə edə bilmədiyi üçün bütün əmlakları bacısı İlahənin adına almışdır. Hətta işlərin görülməsində çətinlik çəkməsin deyə Vaqif İlahəyə avtomaşın da almış və nə zamansa Azərbaycana qayıdanda həmin əmlakları öz adına keçirməli olduğunu bildirmişdir. Vaqifin əvvəllər maddi imkanı yaxşı olsa da, hazırda imkanı yaxşı deyildir. Ona görə də, İlahədən həmin əmlakların satılmasını tələb etmiş, İlahə isə boyun qaçırmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, İlahənin həm müəllimi, həm də məktəb direktoru olmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsi onun olmuş və o, 60000 manat məbləğində pulu Vaqifdən alaraq həmin qeyri-yaşayış sahəsini İlahənin adına rəsmiləşdirmişdir. İş materiallarına əlavə edilmiş X5 01 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, X13 “Qərb İnşaat Tikinti” materialları mağazasının sahibidir. İddiaçı tanıyır. Onun Tovuz rayonu, Quşçu kəndində obyekti vardır. Həmin obyektin təmir-tikinti işlərini aparan vaxt tikinti materiallarını onun mağazasından almışdır. Hissə-hissə həmin obyektin tikintisinə onun mağazasından 60000 manatlıq tikinti materialları alınmışdır. Pulunu da İddiaçı hissə-hissə Rusiyadan gələndə nağd şəkildə mağazasına ödəmişdir. İş materiallarına əlavə edilmiş hesablaşma bank olmayan kredit təşkilatının verdiyi 16 vərəqlik çıxarışdan görünür ki, İddiaçı Azərbaycan banklarına və yaxud bank xidməti göstərən təşkilatlara ayrı-ayrı vaxtlarda cəmi 10030 (on min otuz) manat, ******* (iki milyon səkkiz yüz qırx altı min) rus rublu, 2658 (iki min altı yüz əlli səkkiz) ABŞ dolları pul göndərmiş, həmin pullardan yalnız 10000 (on min) rus rublu X8,148 (yüz qırx səkkiz) ABŞ dolları X1, 100000 (yüz min) rus rublu isə X9 adına göndərilməklə, qalan pullar Cavabdeh adına göndərilmişdir. Ümumilikdə Cavabdeh adına ******* (iki milyon yeddiz yüz otuz altı min) rus rublu, 2510 (iki min beş yüz on) ABŞ dolları və 10030 (on min otuz) manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş hesablaşma bank olmayan kredit təşkilatının verdiyi 15 iyun 2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı adından onun arvadı X18 tərəfindən Cavabdeh adına 65000 (altmış beş min) rus rublu məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş proses iştirakçılarının yoxlama məlumatlarından görünür ki, Cavabdeh adına ********** qeydiyyat nömrəli qeyri-yaşayış binası və ********** qeydiyyat nömrəli mənzil vardır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Cavabdeh adına buraxılış ili 2008, “MAZDA CX-7” minik markalı, qara rəngli avtomobil vardır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon sakini X16 tərəfindən yazılmış ərizədən görünür ki, 2014-cü ilin payız fəslində Tovuz rayonunda Vaqiflə birlikdə olarkən o, Vaqiflə ev almaq məqsdilə Gəncəyə getmiş, o, evi 45000 ABŞ dollarına alaraq bacısı İlahənin adına rəsmişləşdirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən göndərilmiş (xx.xx.2023-cü il tarixli məktubla) xx.xx.2013-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı tərəfindən Cavabdeh adına göndərilən beynəlxalq pul köçürmələrinin siyahısından görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixdə 100000,00, xx.xx.2015-ci ildə 50000,00 rubl, xx.xx.2015-ci ildə 120000,00 rubl, xx.xx.2016-cı il tarixdə 100000,00 rubl, xx.xx.2016-cı il tarixdə 100000,00 rubl, xx.xx.2016-cı il tarixdə 2510,00 rubl, xx.xx.2016-cı il tarixdə 20000,00 rubl, xx.xx.2016-cı il tarixdə 40000,00 rubl pul göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdıraraq, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh arasında yaxın qohumluq münasibətləri vardır, onlar qardaş və bacıdırlar. İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda pul verərək və göndərərək öz adına əmlakların alınmasını və müxtəlif işlərin görülməsini tapşırdığını, o cümlədən o Rusiyadan Azərbaycana qayıtdıqdan sonra qeyri-yaşayış binasının icarəsindən əldə edilmiş qazancdan ona da müəyyən fazilər verilməsini tapşırdığını, Cavabdeh tapşırığı qəbul etsə də, tapşırıq müqaviləsinin tələblərindən irəli gələn öhdəliyi yerinə yetirməyərək ona ziyan vurduğunu və həmin əmlakları onun adına keçirməkdən imtina etdiyini bildirmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə əsasən, əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. (Mülki Məcəllənin 16.1-ci maddəsi) Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qismən düzgün nəticəyə gəlmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda pul vermiş və göndərmiş, Cavabdeh isə İddiaçı tapşırığı əsasında iddiaçının vəsaiti hesabına müxtəlif əmlak almışdır. Tapşırığın şərtlərinə əsasən cavabdeh həmin əmlakları iddiaçının adına rəsmiləşdirməli olduğu halda sonradan bundan imtina etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı tapşırıq müqaviləsindən yaranmış öhdəlik münasibətlərinin olmadığını bildirmişdir. Lakin cavabdehin by xüsusatda etirazının dəlilləri iş materialları ilə təkzib edilir. Cavabdehin qeyd edilən tapşırığı həyata keçirməyi öhdəsinə götürdüyü işin faktiki halları ilə müəyyən edilir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının həmin əmlakları ona anasına qulluq etdiyi üçün bağışlaması ilə izah etmişdir. Belə ki, cavabdehin birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi izahatı ilə bilavasitə müəyyən olunur ki, qardaşı həmin əmlakları ona anasına qulluq etməsi və baxmasının müqabilində bağışlamışdır. Apellyasiya icraatı zamanı bu xüsusatı bildirməmişdir. Göründüyü kimi, mübahisəli əmlakların mövcudluğu və onun iddiaçının vəsaiti hesabına alınması işin mübahisəndirilməyən halıdır. Bu hal tərəflərin izahatları ilə, iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapır. Cavabdeh tərəfin iddia tələbinə etirazının dəlilləri ondan ibarət olmuşdur ki, iddia tələbinin predmetini təşkil edən pul vəsaiti və bu əsasda əldə edilmiş daşınmaz əmlak iddiaçı olan qardaşı tərəfindən ona bağışlanılmışdır. Cavabdeh həmin əmlakların iddiaçı tərəfindən ona bağışlandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bu vəziyyətdə isə iddia tələbinə etirazının dəlillərinin sübutetmə yükü əksinə olaraq cavabdehin üzərinə düşür və o da, göstərdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla iddia tələbinin predmetini təşkil etmiş pul vəsaitinin, həmçinin həmin vəsait əsasında əldə edilmiş əmlakın tapşiriq müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinin mötəbərliyini isə təkzib edən əsaslar mövcud deyildir. Belə ki, şahid kimi dindirilmiş şəxlərdən biri tərəflərin hər ikisinin anasıdır, digər şahid isə cavabdehin müəllimi və həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin əvvəlki sahibi olmuş, onlar həmin faktların mövcudluğunu bilavasitə müşahidə etmişlər. Belə ki, birinci instansiya məhkəməsindəki icraat zamanı şahid qismində dindirilmiş X3 ifadəsində, İlahənin ona baxmadığını, iddiaçı tərəfindən cavabdehə xeyli sayda pullar göndərildiyini, iddiaçının bütün əmlakları bacısı olan cavabdehin adına aldığını və Azərbaycana qayıdanda həmin əmlakları oğlunun adına keçirməli olduğunu bilavasitə təsdiq etmişdir. Göründüyü kimi şahid ifadəsi ilə cavabdehin iddia tələbinə etirazının dəlilləri təkzib edilir. Digər tərəfdən, əqd kimi bağışlama müqaviləsinin anlayışı Mülki Məcəllənin 666.1-ci maddəsində müəyyən edilərək göstərilmişdir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Qeyd edilən maddənin dispozisya şərtlərindən göründüyü kimi bağışlama müqaviləsi zamanı bağışlayan şəxs öz əmlakını digər şəxsə bağışlamaqla onu zənginləşdirmək məqsədi daşıyır. Hazırkı mübahisə üzrə iddiaçının cavabdehə pul vəsaiti və ya hər hansı əmlakını bağışlamaqla onu zənginləşdirmək kimi bir iradə ifadəsinin olması işin halları ilə istisna edilir. Məhkəmə kollegiyası qeyri-yaşayış obyektinə çəkilmiş xərc ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Qərb İnşaat” Tikinti Materiallarının sahibi X5 01 sentyabr 2022-ci il tarixli ərizəsi ilə Tovuz rayonu, Quşçu kəndində yerləşən obyektin təmir-tikinti işlərinə İddiaçı tərəfindən 60000 manat xərcin çəkildiyi müəyyən edilir. Məhkəmə kollegiyası şahidin məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatətin təmin edilməməsi ilə əlaqədar şikayətinin dəlillərində göstərilənlərə münasibətdə qeyd edir ki, iş materiallarında və keçirilmiş məhkəmə iclaslarınının protokollarında cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə şahidin dindirilməsi ilə bağlı vəsatətin verilməsi müəyyən edilmir. Həmçinin cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən izahatının təhrif edildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olduğu halda, prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı protokola qeyd verilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməli idi. Lakin iş materiallarında belə bir ərizənin verilməsi müşahidə olunmur. İddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əldən çıxmış fayda hissəsində təmin etməkdə haqlı olmamışdır. Göründüyü kimi, iddiaçının pul vəsaiti onun sahibliyində olacağı təqdirdə adi dövriyyə şəraitində hansı formada fayda əldə edəcəyini təsdiqləyən mötəbər sübutlar iş materiallarında mövcud deyildir və belə sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən qismən düzgün hüquqi qiymət verilməklə, maddi və prosessual hüquq normalarının qismən pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsi qismən, yəni əldən çıxmış faydaya görə 12000 (on iki min) manat faiz məbləğinin Cavabdeh alınaraq İddiaçı verilməsinin təmin edildiyi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar