Məhkəmə qərarları › İş №2(104)-311/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-311/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-311/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 2(013)-2449/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sadə yazılı qəbzdən görünür ki, Cavabdeh1 Ağdam rayonu Evoğlu kəndində 1991-ci ildə anadan olmuş, İddiaçı 24000 manat nağd pul almış, həmin məbləğin geri qaytarılması üçün pensiya kartını İddiaçı vermişdir. Əgər 24000 manat nağd pul tam ödənilməmiş kartın qabağı bağlanarsa və ya hər hansı bir ödənişdə problem yaranarsa məsuliyyəti özü daşıyacağını qeyd etmişdir. Həmin qəbzə həmiçinin 6768 6753 3412 4953 nömrəli əmək haqqı kartı əlavə edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 24000 manat borc və ödənilmiş 162 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ondan 24000 manat borc almış və bu barədə yazılı qəbz vermişdir. Cavabdeh borcu pensiya kartı vasitəsi ilə ödəməsi barədə öhdəlik götürdüyünə görə kartını ona vermişdir. Kartı ona verdikdən dərhal sonra cavabdeh kartdan pul çıxarılmasına əngəl olmaq üçün ona verdiyi pensiya kartının qarşısını bağlatdırmışdır. Halbu ki, cavabdeh kartın qabağını bağlatmayacağı və ya ödənişdə problem yaranarsa məsuliyyət daşıması barədə yazdığı qəbzdə qeyd etmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Ağdam Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 2(013)-2449/2024 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia təmin edilərək, Cavabdeh1 – 24000 (iyirmi dörd min) manat və dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 162 (bir yüz altmış iki) manat, cəmi 24162 (iyirmi dörd min bir yüz altmış iki) manat pul tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 425.1, 442, 448, 739-cu maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217, 216-237 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, iddiaçı onun qardaşının arvadıdır və cavabdehin oğlu guya onun oğluna xəsarət yetirdiyinə görə pul tələb etmişdir. 1900, 400, 100, 200, 200 manat olmaqla iddiaçının əri, yəni qardaşı Sədi Məmmədovun **********153353 nömrəli kart hesabına göndərilmişdir. Lakin 1900+200+200 manat göndərişlərin çeki yoxdur, digər 400+100 manat ödənişlərin çeki mövcuddur. Həmin göndərişlərin çıxarışının **********153353 nömrəli kart hesabından çıxarılması məqsədə uyğundur. 1900 manat pulu Ağdam rayon Bənövşələr qəsəbəsində yerləşən Oba Marketdə Milliön aparatından, 200 manatı Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən "xxxx" ASC-nin yanındakı mağazanın Milliön aparatından ödəmişdir. Digər 200 manatı isə hansı Milliön aparatından ödənildiyini xatırlamır. Bundan sonra ondan böyük məbləğlərdə pul tələb etmişlər. İddiaçı gah hədələyərək, gah da yumşaq danışaraq xəstə uşağının müalicəsi üçün ondan pul istəməyə başlamışdır. Ona psixoloji təzyiq göstərildiyi üçün məcbur qalıb kartını vermişdir. Halbu ki, onun oğlu iddiaçının övladına fiziki zərər vurmamışdır. Bir müddət sonra isə qardaşı ona bildimrişdir ki, rahat istifadə etməsi üçün kartı öz razılığı ilə verməsi barədə ərizə yazmalıdır. Ona təziq göstərildiyi üçün yazını yazarkən nə yazdığını, nəyə də imza atdığını bilməmişdir. Sonradan söhbət əsnasında kartını qaranlıq və şübhəli işlərlə məşğul olan adamların yanında girov qoyub pul götürdüklərini bilmişdir. Ona görədə kartın qarşısını bağlatdırmışdır. İddiaçı ona qarşı iddia qaldırdıqdan sonra 24000 manat pul alması barədə ərizədən xəbəri olmuşdur. İş üzrə keçirilən məhkəmə iclaslarında onun izahatı, etirazı, vəsatəti nəzərə alınmamış, qanunla qorunan hüquqları pozulmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh baldızıdır və 2024-cü ilin yanvar ayında uşağının xəstəliyi ilə əlaqadar əvvəlcə ondan15000 manat, daha sonra isə 12000 manat almışdır. Həmin puldan 3000 manat qaytarmış, 24000 manat qaytarmamışdır. Cavabdeh pensiya kartını versədə, dərhal bağlatmışdır. Eləcədə cavabdehə qəbz yazması barədə onu heç kim hədələməmiş və məcbur etməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

15. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 2024-cü ilin yanvar ayında Cavabdeh1 ümumilikdə 27000 manat borc vermiş, sonuncu isə həmin borcdan 3000 manat qaytarmışdır. Cavabdehin ödənilməmiş 24000 manat borcu qalmış və bu barədə sadə yazıli qəbz tərtib etmişdir. Borcun qaytarılması qismində cavabdeh iddiaçıya kart versədə, lakin sonradan kartı bağlatmışdır. 24000 manatı qaytarmadığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidəiddianı təmin etmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

29. Apellyasiya şikayətinin dəlillərini kollegiya əsaslı saymır və hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

30. Belə ki, kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

31. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh1 İddiaçı 24000 manat borc alması Cavabdeh1 özü tərəfindən yazılan qəbzldən müəyyən olunur.

32. Cavabdeh1 apellyasiya şikayətində iddiaçıdan borc almadığını, 24000 manat borc alınması barədə qəbzi qardaşının (iddiaçının əri) ona göstərdiyi təzyiq altında yazdığını və imzaladığını bildirsədə, kollegiya onun bu dəlilini inandırıcı saymır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, qəbz onun tərəfindən yazılmışdır, ancaq psixoloji durumu normal olmadığı üçün niyə yazdığını bilməmişdir. Digər tərəfdən əgər cavabdeh iddiaçıdan borc almadığı halda 24000 manat qəbz yazmağa məcbur edilmişdirsə, onad Cavabdeh1 bu barədə polisə və ya digər müvafiq orqanlara müraciət etmiş olardı. İş materiallarından, eləcədə verilmiş apellyasiya şikayətindən də görünür ki, cavabdeh polisə, elələcədə digər orqanlara şikayət etməmişdir.

33. Apellyasiya şikayətinin iddiaçıya məxsus **********153353 nömrəli kart hesabına göndərilən pulun onun uşağı tərəfindən iddiaçının uşağına yetirilən xəsarətə görə göndərilməsi dəlilinidə kollegiya əsaslı saymır. Belə ki, cavabdehin irəli sürdüyü bu dəlildə hər hansı bir möhtəbər sübutla təsdiq olunmur.

34. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 2(013)-2449/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar