Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-315/2023 09.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(125)-543/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh1 qаrşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 17900 manat kredit borcu, ödənilmiş 165 manat dövlət rüsumu və vəkilə ödənilmiş 110 manat xidmət haqqı olmaqla, cəmi 18175 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(125)-543/2022 nömrəli (hakim C.Quliyev) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17900 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat, cəmi 18175 manat İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 19 may 2021-ci il tarixdə Gəncə şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi bağlanmış və sonuncuya 04 may 2022-ci il tarixdə qaytarmaq şərti ilə 24800 manat borc vermişdir. Cavabdeh ilk aylarda öhdəliklərini icra edərək 6900 manat ödəniş etsədə, lakin 17900 manat qalıq borsu ödəməkdən imtina etmişdir. Halbu ki, kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh 10 gündən bir 700 manat ödəmək şərti ilə ondan borc almışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı1 ilə işgüzar münasibətlər olmuş və şifahi razılaşmaya əsasən İddiaçı1 ona 24800 manat dəyərində müxtəlif çeşidli ayaqqablar satmışdır. Ayaqqabları sata bilmədiyindən dəyərini ödəyə bilməmişdir. Razılığa əsasən ayaqqabları İddiaçı1 qaytarmaq istəsədə, sonuncu qəbul etməkdən imtina etmişdir. Borc müqaviləsi formal olaraq bağlanmışdır. Apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 19 may 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 tərəfindən 04 may 2022-ci il tarixədək 10 gündən bir 700 manat ödəmək şərti ilə Cavabdeh1 24800 manat verilmişdir. Gəncə şəhəri 3 saylı Notariat ofisi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Kəpəz” filialına ünvanlanmış 19 may 2021-ci il tarixli, 146 nömrəli məktubun surətindən görünür ki, notariat qaydasında təsdiq ediləcək borc müqaviləsi üzrə ödənilməli olan 24800 manat müvafiq müqavilə notarius tərəfindən təsdiq edilikdən sonra Cavabdeh1 verilməsi üçün İddiaçı1 tərəfindən ediləcək ödənişin Gəncə şəhəri 3 saylı Notariat ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Kəpəz” filialındakı hesabına ödənilməsi xahiş edilmişdir. 19 may 2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı1 tərəfindən X1 verilməsi nəzərdə tutulan 24800 manat 19 may 2021-ci il tarixli, 146 nömrəli məktuba əsasən Gəncə şəhəri 3 saylı Notariat ofisinin "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin “Kəpəz” filialındakı hesabına qəbul edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 427, 448, 529-cu maddələrinə istinadən, iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2. maddəsinə görə isə borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (31 may 2016-cı il tarixli, 269-VQD nömrəli Qanunla maddənin mətninin yeni redaksiyası). Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında notarial qaydada 19 may 2021-ci il tarixli kredit müqaviləsi bağlanmış və sonuncuya 04 may 2022-ci il tarixədək 10 gündən bir 700 manat ödəmək şərti ilə 24800 manat borc verilmişdir. Qeyd olunan məbləğ Gəncə şəhəri 3 saylı Notariat ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Kəpəz” filialındakı hesabına ödənilmişdir. əsi xahiş edilmişdir. ünvan 2 ünvanladığı 09 yanvar 2023-cü il tarixli 10 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-nin Kəpəz filialında notariusun depozit hesabına qoyulmuş 24800 manat müqavilə bağlandıqdan və təsdiq edildikdən sonra notariusun qəbzi əsasında həmin məbləği borcalan Cavabdeh1 məxaric edilmişdir. Borcalan Cavabdeh1 həmin müqavilə üzrə 6900 manat ödəniş etsədə, 17900 manat ödəməmişdir. Ona görədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh1 apellyasiya şikayətində kredit müqaviləsinin görünüş üçün bağlandığını və iddiaçıdan həmin məbləğdə nisyə ayaqqabı almasını qeyd etsədə kollegiya onun bu dəlilini əsassız hesab edir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi tərəflər arasında bağlanmış 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 24800 manat əvvəlcədən notariusun bankdakı depozit hesabına qoyulmuş və notariusun qəbzi əsasında da borcalan Cavabdeh1 həmin məbləği məxaric etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(125)-543/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-315/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-315/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver