Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-319/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(076)-2667/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçının xeyrinə 2582,60 manat əsas, 238,82 manat faiz, 5,85 manat cərimə olmaqla, cəmi 2827,27 manat borcun, 0,40 manat xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 48,28 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək şərtilə 2615 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci madddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilkə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 iyul 2022 tarixinə "xxxx" KB ASC-yə 2582,6 manat əsas, 238,82 manat faiz, 5,85 manat cərimə borcu olmaqla, cəmi 2827,27 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(076)-2667/2022 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddia təmin edilərək, Cavabdeh 2582,6 manat əsas, 238,82 manat faiz, 5,85 manat cərimə borcu olmaqla, cəmi 2827,27 (iki min səkkiz yüz iyirmi yeddi manat iyirmi yeddi qəpik) manat borc məbləğinin, məhkəmə xərci qismində 0.40 (qırx qəpik) manat xidmət haqqının və 48,28 (qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək şərtilə 2615 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" KB ASC-yə 2582,6 manat əsas, 238,82 manat faiz, 5,85 manat cərimə borcu olmaqla, cəmi 2827,27 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(076)-2667/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2667/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilərək, iddianın onun etiraf etdiyi hissədə yəni 1208 manatın tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, o qeyd olunan məbləğdə iddiaçı olan bankdan 2650 manat kredit götürmüşdür. Lakin iddiaçı kredit verərkən faizi çox hesablamışdır. Bununla yanaşı onun banka ödədiyi borcu nəzərə almamışdır. O banka olan borcundan 1442 manatını ödəmiş və onun hazırda banka cəmi 1208 manat borcu qalıb. Lakin məhkəmə iclasında düzgün hesablama aparılmadığı və onun iştirakı olmadan proses keçirildiyi üçün o qalıq borcunu deyə bilməmişdir. Qeyd olunanlara görədə apellyasiya şikayəti verir. İşin faktiki hallarından göründüyü kimi, iddia tələbi 1208 manat hissədə təmin edilməli idi. Lakin buna baxmayaraq, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Bununla bağlı qeyd edir ki, işin hallarındada göstərdiyi kimi, məhkəmə qətnaməni qəbul edərək sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə cavabdehin məhkəmə iclasında borcunu tam etiraf etməsini və sonrada qərəzli olaraq həmin pulu qismən etiraf etməsini nəzərə almışdır. Birinci instaniya məhkəməsi tərəfındən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. İşə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halları hökmən araşdırmağa borcludur. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün ilkin olaraq MPM- nin 9-cu maddəsinin tələblərinə riayət etməli idi. Lakin məhkəmə həmin maddənin və Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əməl etməmiş, bununla da məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin nüamyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(076)- 2667/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(076)-2667/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində kredit borcunun cox hisssəsini, yəni 1442 manatını ödədiyini, hazırda iddiaçı banka 1208 manat borcu qalmasının iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdehin şikayətində göstərilən dəlillərin araşdırılması, yəni müvafiq sübutlarını məhkəməyə təqdim etməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(104)-3045/2022 saylı qərardadı ilə iddia icraatına keçilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməməklə yanaşı, sübutlarını da məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 1.3-cü bəndindən görünür ki, həmin müqavilə əsasında verilən 2615 manat borc məbləği cavadbehin 19 fevral 2021-ci il tarixli, 119sSMKR/21 saylı kredit müqaviləsi üzrə borcunun bağlanması məqsədi ilə verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavadbeh 1442 manatını ödədiyini iddia etdiyi məbləğ 19 fevral 2021-ci il tarixli, 119sSMKR/21 saylı kredit müqaviləsi üzrə ödəmiş olduğu pul məbləğləri olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(076)-2667/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(076)-2667/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(076)-2667/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(076)-2667/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir.