Məhkəmə qərarları › İş №2(104)-323/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-323/2023

10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-323/2023 10.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və cavabdeh X2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı «pul» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-142/2022 saylı qətnaməsindən cavabdeh X5 və nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 tərəfindən ona vurulmuş ziyan olan 2.000 (iki min) manat pulun alınmasını və dövlət rüsumu hesabına ödənilmiş 30 manat məbləğində pulun cəmi 2.030 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia həcminin artırılması barədə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh X5 tərəfindən ona vurulmuş ziyan olan 3630 manat pulun alınmasını və dövlət rüsumu hesabına ödənilmiş 30 manat məbləğində pulun cəmi 3660 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-142/2022 saylı qətnaməsi (hakim Q.Baxşıyev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 dəymiş ziyana görə 2119,1 manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh X5 və nümayəndəsi X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2020-ci ilin sentyabrında evində təmir işləri gördürmüşdür. Bu vaxt qaynı Saləddin xəbər tutub onlara günlərdən gəlibgetmişdir. Əl çəkməmişdir ki “qışdı imkan yoxdur pula ehtiyacım var, ver bu işləri mən görüm, birazda ucuz edəcəm”. O da etibar edib razılaşmışdır. Həyətində əl damı, zabor tikməli və suvaq çəkilməli idi. Əl damı tikildikdə həyətindən yığılan çay daşlarını dedi tök xima (təməlinə). O isə ona bildirmişdir ki lazım deyil, narahat olma Bakıda hamı belə tikir. Qoymadı çay daşını ora istifadə etməyə. Hətta dedi ki “usta mənəm sənin nə başın çıxır”. O oktyabırın 1-i işə çıxmalı idi. Dedi, “zaborun daşını, qumunu, sementini al qoy mən tikəcəm narahat olma”. O isə 1700 ədəd daş, 64 kisə sement və qum alıb qoyub getmişdir. Oktyabırın 9-u başa qan sızma və boyunda 5 dənə şiş diaqnozu ilə xəstəxanaya yatırılmışdır. Oradan 22 oktyabrda çıxmışdır və 23 oktyabrda o gəldikdə zabor tikili idi. Bu müddət ərzində qızı onunla əlaqə saxlayıb 250 manat pul göndərib. 23 oktyabrda isə 490 manat onun əl haqqından qalan pul verilib. Ümumi tək zabora 600 manat əl haqqı ona verilib. 6 may 2021-ci ildə axşam tərəfi həmin zabor uçub. Həmin vaxt Saləddin hamamın yanında ona bildirdi ki onun səhvi ucbatından zabor uçub çünki, bünövrəsiz olub və hər zərəri özü qarşılayacaq və bir həftə ərzində tikiləcək. Lakin, halhazırda onun 2000 manat xərc çəkdiyi zabor yerdədir. Yenidən tikməyə isə imkanı yoxdur. Mülki iş materiallarında olan: Hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində Tovuz rayonu, Yuxarıöysüzlü kəndində yerləşən 0.10 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Epkspertizası Mərkəzi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli 10/2970 saylı rəydən müəyyən olunur ki, cavabdeh tərəfindən daş hasar inşa edilən zaman daş hasar inşa edilən zaman bünövrə qoyulmaması nəticəsində hasar uçmuş və əl damı inşa edilən zaman antiseysmik kəmərin tökülməməsi səbəbindən əl damında çatlar əmələ gəlmişdir. Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən iddiaçının uçmuş daş hasarının bərpası və əl damında yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək işlərin hazırki orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2119.1 manat məbləğ müəyyən olunur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı ona inşa ediləcək hasara bünövrə tökülmədən inşa edilməsini bildirmişdir. Ona görə də hasarı bünövrəsiz tikmişdir. Həmçinin, 31 avqust 2022-ci il tarixli ekspert rəyində mənim tərəfimdən daş hasa inşa edilən zaman bünövrənin tökülməməsi nəticəsində hasarın uçduğu bildirilir. Ekspert həm daş hasarın, həm də əl damının yenidən inşasına sərf olunacaq məbləğin 2119,1 manat təşkil etdiyini müəyyən edib. Halbuki, mən həmin hasarı və əl damını inşa edən zaman orada iddiaçı tərəfindən metal konstruksiyanın qurulması üçün armatur, xamut alınmamışdır. Bunu həmin tikintiyə baxış keçirən ekspert də şahidi olmuşdur. Hasar uçsa da hasarın hörülməsində istifadə olunan mişar daşlarının demək olar ki, hamısı yerindədir. O yalnız iddiaçının günahı və məsuliyyətsizliyi nəticəsində bünövrə tökmədən hasar inşa etmişdir. Bunu onun yanında işləyən ustalar da təsdiq edə bilərlər. Ekspert həmin işlərin sıfırdan keyfiyyətli görülməsi üçün tələb olunan məbləği müəyyən edib. Məhkəmə isə iddiaçı tərəfindən tikintinin aparılması üçün alınmış materilların dəyərini müəyyən etməli olduğu halda bunu etmədən ekspertin rəyinə yalnış olaraq əsaslanmışdır. O, X7 tələb etdiyi kimi işi görmüşəm. Ekspert isə tikinti-texniki tələblərə uyğun tələb olunan qaydada inşa edilməli olan hasar və əl damının inşasına tələb olunan məbləği müəyyən edib. Bu tamamilə fərqli bir məsələdir. X9 hansı materialları alıbsa ona o məbləğdə zərər dəyə bilər. Ancaq göstərilən hallar birinci instansiya məhkəməsi tərəfində nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, hasarın tikilməsi üçün çəkilən xərclər düzgün hesablanmamış və ekspert rəyində göstərilən tikinti materialların hamısı olmamışdır. Hasarın tikilməsində istifadə olunan mişar daşları hazırdada yararlı vəziyyətdədir. Tikinti zamanı 13-14 kisə sement və 3-4 kub qum işlənmiş olar. Həmçinin, hasar tək qat tikilmişdir. Həmin hasar tikilin zaman İddiaçı pulunun olmadığı üçün hasarın bünövrəsiz tikilməsini bildirmişdir. Buna görə də hasarı bönüvrə olmadan inşa edilmiş və iddiaçı tərəfindən su axıdılan zaman hasar uçmuşdur. O, gördüyü işlərə görə iddiaçıdan pul almamışdır. Qiddiaçı ondan həmin tikililərin görməsini xahiş etmiş, oda qardaşının xatirinə evinin hasarını hörmüş və balaca dam tikmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında göstərdi ki, hasarın tikilməsi üçün 1920 ədəd mişar daşı və 60 kisə sement vermişdir. Hasarın 25 metr uzunluğu və 3 metr hündürlüyü olmuşdur. Hazırda 920 ədəd mişar daşı vardır. Cavabdeh ona demişdir ki, bünövrə armaturdan olmalıdır. Lakin, sonra armaturdan istifadə olunmamışdır. Həm hasar həm də əl damı uçmuşdur. Bir maşın xırda daş almışdır. Həmçinin, həyətində xırda daşlarda olmuşdur. Bundan əlavə qum da istifadə olunmuşdur. Ancaq, alınan xırda daşlarda tikintidə istifadə olunmamışdır. Hasarın tikintisində istifadə olunmuş mişar daşlarının sağlam olanı da var, yarasız hala düşən də var. Görülən işlərə görə isə 900 manat ödəniş etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq iddiaçı bildirmişdir ki, hasarın yenidən tikilməsi zamanı əvvəlki çınqıl daşlardan istifadə olunmuş və hasarın tikintisində armatur və xamutdan istifadə olunmamışdır. Həmçinin suala cavab olaraq bildirmişdir ki, damın tikintisi zamanı çınqıl daşlardan, armatur və xamutdan istifadə olunmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilməli, cavabdeh X1 1195 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, cavabdeh X5 İddiaçı Tovuz rayonu, Yuxarıöysüzlü kəndində yerləşən fərdi yaşayış evində usta olaraq işləmiş, evin həyətində hasarın tikilməsi ona həvalə olunmuşdur. İddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməmişdir, cavabdeh tərəfindən hasar inşa edilən zaman bünövrəsiz qoyulmadığından hasar uçmuş və əl damı inşa edilən zaman antiseysmik kəmərin tökülməməsi səbəbindən əl damında çatlar əmələ gəlmişdir. Ona 3600 manat məbləğində ziyan dəymiş, lakin cavabdeh tərəfindən isə dəymiş zərər ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Kollegiya göstərir ki, tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi üzrə yaranmış hüquq münasibətləridir və aşağıdakı hüquq normaları tətbiqi ilə öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsində tapşırıq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (Mülki Məcəllənin 777.2-ci maddəsi). Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən iddiaçının uçmuş daş hasarının bərpası və əl damında yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək işlərin hazırki orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2119,1 manat məbləğ müəyyən olunur. Məhkəmə ekspertin rəyinə qiymət verərək, hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmayaraq aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Epkspertizası Mərkəzi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli 10/2970 saylı rəyindən görünür ki, cavabdeh tərəfindən daş hasar inşa edilən zaman daş hasar inşa edilən zaman bünövrə qoyulmaması nəticəsində hasar uçmuş və əl damı inşa edilən zaman antiseysmik kəmərin tökülməməsi səbəbindən əl damında çatlar əmələ gəlmişdir. Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən iddiaçının uçmuş daş hasarının bərpası və əl damında yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək işlərin hazırki orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2119.1 manat məbləğ müəyyən olunur. Həmin ekspert rəyində göstərilən smetadan görünür ki, hasar üzrə: 1) köhnə hasarın sökülməsi - 1 m2 5.0 manat olmaqla ölçüsü 25 m2 olan köhnə hasarın sökülməsi 125 manat; bünövrənin qazılması, metal konstruksiyanın qurulması, betonun tökülməsi 1 p/m 10 manat olan 25 p/m olmaqla cəmi 250 manat; 1 kisəsi 7 manat olmaqla 30.0 kisə sement üçün 210 manat; 2.1 kub qum üçün 42 manat; 3.4 kub çınqıl üçün 68 manat; 100 metr armatur 12 mm üçün 100 manat; 85 ədəd xamut üçün 38,25 manat; 2) hasarın hörülməsi üzrə - 75 m2 hasarın hörülməsi üçün 375 manat; hasar üçün mişar daşı, qırıq daşlar nəzərə alınmaq 75 % azalıb (1128-75%) 282 ədəd üçün 225,6 manat; 12 kisə sement üçün 84 manat; 2.6 kub qum üçün 52 manat; Əl damı üzrə: 20 m2 damın sökülməsi və yenidən yığılması üçün 100 manat; əl damı üçün antiseysmik kəmərin tökülməsi və metal konstruksiyasının qurulması xərci 13 p/m üçün 130 manat; 4.0 kisə sement üçün 28 manat; 0,3 kub qum üçün 6 manat; 0,5 kub çınqıl üçün 10 manat; 55.0 metr armatur 12mm üçün 55 manat; 45 ədəd xamut üçün 20,25 manat; əlavə və nəqliyyat xərcləri üçün 200 olmaqla, cəmi 2119,1 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert tərəfindən tərtib edilmiş smetada göstərilən köhnə hasarın sökülməsi zamanı istifadə olunan tikinti materialları sementin, qum, çınqıl, armatur 12 mm və xamutun dəyərinin, eləcə də, metal konstruksiyasının qurulması xərcinin cavabdehdən tutulması əsassızdır. Belə ki, ekspert rəyində nəzərdə tutulan smeta da köhnə hasarın sökülməsində həmin materiallar xərc kimi göstərilsə də, iddiaçı kollegiyanın iclasında suala cavab olaraq bildirmişdir ki, hasarın yenidən tikilməsi zamanı əvvəlki çınqıl daşlardan istifadə olunmuş və hasarın tikintisində armatur və xamutdan istifadə olunmamışdır. Bununla yanaşı ekspert tərəfindən tərtib edilmiş smetada hasarın sökülməsi zamanı 30 kisə sement və hasarın tikintisi zamanı isə 12 kisə sement istifadə olunduğu göstərilmişdir. Kollegiya qeyd edir ki, 30 kisə sementin xərc kimi cavabdehdən tutulması əsaslı ola bilməz ona görə ki, həmin xərc hasarın sökülməsi zamanı deyil, hasarın tikintisi üçün nəzərdə tutulan xərcdir. Həmçinin, məhkəmə kollegiyası digər mübahisə predmeti olan əl damının tikintisi ilə bağlı göstərir ki, damın tikintisi üçün tikinti materialları olan çınqıl, armatur 12 mm və xamutdan istifadə olunmadığından onların dəyərinin cavabdehdən tutulması da əsassızdır. Çünki, göstərilən halları iddiaçı məhkəmə kollegiyasına verdiyi izahatı ilə də təsdiq olunur. Belə ki, iddiaçı verilmiş suala cavab olaraq damın tikintisi zamanı çınqıl, armatur və xamutdan istifadə olunmadığını bildirmişdir. Belə olan halda həmin xərclərin dəyəri cavabdehin ödəməli olduğu məbləğlərdən çıxılmalıdır. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-142/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilməli, cavabdehdən tutulan məbləğ 1195 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsində həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-142/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilsin. Cavabdeh X1 1195 (bir min doqquz yüz beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar