Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-328/2023 06.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(125)-1617/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 25800 manat və 176 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən 28500 manat və ödənilmiş 176 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(125)-1617/2022 nömrəli (hakim Z.İmanov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 28500 manat və məhkəmə xərci qismində 176 manat tutularaq İddiaçı1 ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 2022-ci il iyul ayında ona müraciət edərək pul lazım olduğunu bildirmiş, o da 25 iyul 2022-ci il tarixində Cavabdeh1 28500 manat notarial qaydada borc vermiş və Gəncə şəhər 5 saylı Notariat kontorunda təsdiqlənmişdir. Cavabdeh borcunu könüllü şəkildə ödəməkdən yayındığı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı1 ona borc verməmişdir. Ərizə tərtib edilən gün yəni 25 iyul 2022-ci il tarixdə qaynatası X2 mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 6.8645 ha və 2.2798 ha torpaq sahələri etibarnamə əsasında 100000 manata İddiaçı1 satmışdır. Həyat yoldaşı X14 şəhəri Baş Polis İdarəsinin 4-cü bölməsində sahə müvəkkili işləyən X15 40000 manat sələm vermiş, Kənan isə həmin məbləği tez bir zamanda 55000 manat civarında qaytarmağı öz öhdəsinə götürmüşdür. X16 Kənana 5000 manatda pul vermişdir. 65000 manat pulun əvəzində Faiq Məmmədov onun qaynatasından Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 6.8645 ha və 2.2798 ha torpaq sahələrinə etibarnamə almışdır. Etibarnamə verilən şəxslər Faiq Məmmədov və İddiaçı1 yaxınları olmuşdur. Qeyd olunan məbləğdən 65000 manat çıxmışlar, yerdə qalan 28500 manatı isə ona qaytarılması barədə ərizəyə imza etdirmişlər. Dediklərinin təsdiqi X9 evlərinə gələrkən danışdıqlarını qeydə alan səs yazısıdır. Həmin səs yazısında Faiq Məmmədov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Kənana 40000 manat sələm verdiyini, Kənan isə həmin məbləği tez bir zamanda 55000 manat civarında qaytarmağı öz öhdəsinə götürdüyünü, sonradan Kənana 5000 min manat verdiyini, Kənanın ümumilikdə ona 60000 manat borcu olduğunu bildirmişdir. Həmçinin, ona yaxın adamlara verilmiş etibarnamə ilə torpaq sahəsinin tezliklə satılacağını və onların sələmə verdikləri pul çıxıldıqdan sonra yerdə qalan pulun qaytarılacağını bildirmişdir. X1 Şəhər Məhkəməsində X10 və X6 qarşı Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 6.8645 ha və 2.2798 ha torpaq sahələri satılması nəticəsində alınan 100000 manatın geri qaytarılmasına dair iddia qaldırmışdır. Məhkəmə xx.xx.2022-ci il tarixli, **********113 saylı ərizəni borc müqaviləsi kimi qəbul etməkdə kobud səhvə yol vermişdir. Belə ki, ərizədə onun İddiaçı1 28500 manat götürdüyü yazılır. Ərizəyə borc müqaviləsi kimi yanaşılsa ilk öncə borclunun öhdəliyini müəyyən edilməlidir . Qeyd olunan ərizədə isə onun pulu qaytarmaqla bağlı hər hansı bir öhdəliyi yoxdur. Bu iş üzrə Gəncə şəhəri 5 saylı notariat ofisi işə cəlb edilməlidir. Çünki iş materiallarına və notariat işinə baxıldıqda açıq-aşkar görünür ki, 5 saylı notariat ofisi bu işdə maraqlıdır. Bir tərəf, digər tərəfə pul məbləği verir, ancaq bu borc müqaviləsi kimi rəsmiləşdirilmir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X13 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu şəxs iddiaçıdan borc almamışdır. Cavabdehin qaynatası Komissar iddiaçıya 100000 manat dəyərində torpaq satıb və pul depozitə qoyulub. Həmin pulu İlkin (nümayəndə) götürüb. İlkin isə Elşadın adamıdır. Onlar Komissarın oğluna sələmə pul vermiş, həmin məbləğ sələmi ilə birlikdə 65000 manat olmuş, pul qaytarılmadığından torpaq sahələri ümumilikdə 100000 manata satılmış, sələm çıxıldıqdan sonra 28500 manat Komissarın gəlini Fəridəyə qaytarılmışdır. Nümayəndə X4 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, tərəflər arasında 28500 manat borc verilməsi barədə müqavilə olmasa da, lakin cavabdehin notarial qaydada təsdiqlənərək yazdığı ərizə ilə təsdiq olunur. Tərəflər arasında borc müqaviləsi bağlansaydı, onda həmin məbləğ notariusun bankda olan depozit hesabına qoyulmalıydı və buna görə əlavə rüsum ödəniləcəkdi. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 25 iyul 2022-ci il tarixli, **********113 nömrəli, 8İ-4113 reyestr nömrəli ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 İddiaçı1 28500 manat pulu götürdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425, 442, 443, 445, 448 və 739-cu maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2. maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 739.1. maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir. İddiaçı1 Cavabdeh1 28500 manat borc verməsini iddia etsə də, lakin onun bu dəlili iş materialları ilə sübut olunmur. Belə ki, iddiaçı cavabdehə 28500 manat borc verməsinin əsası kimi Cavabdeh1 notarial qaydada təsdiq olunmuş 25 iyul 2022-ci il tarixli ərizəsinə istinad etsə də, kollegiya hesab edir ki, həmin ərizənin tərəflər arasında borc-öhdəlik hüquq münasibətlərinin yaranmasının əsası kimi qəbul olunması yolverilməzdir. Belə ki, ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 Yakob qızı İddiaçı1 28500 manat götürməsini qeyd etmişdir. Göründüyü kimi həmin ərizədə İddiaçı1 Cavabdeh1 hansı şərtlə 28500 manat borc verməsi, borcalanın isə həmin məbləği hansı müddətə və hansı qaydada qaytaracağı barədə öhdəlik götürmələri şərtləndirilməmişdir. Halbuki, bundan əvvəldə qeyd olunduğu kimi borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında isə belə bir öhdəlik hüquq münasibətlərinin yaranması sübut olunmur. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. İşə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.3. maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut olunmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi əsaslarından biridir. Həmin Məcəllənin 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(125)- 1617/2022 nömrəli qətnaməsi ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(125)-1617/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 176 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-328/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-328/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver