Məhkəmə qərarları › İş №2(104)-330/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-330/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-330/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı1-nin nümayəndəsi X1, Cavabdeh4 iştirakları ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2 (044)-919/2020 saylı mülki iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mülki işin materiallarının167-ci vərəqində olan, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli RO/00574/56/29 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı1 tərəfindən Cavabdeh3 illik 25,97 faiz ödənilməsi şərtilə 60 ay müddətinə 5123,32 manat məbləğində kredit verilməsi barədə bağlanmışdır.

2. Mülki işin materiallarının166-cı vərəqində olan, 3018 nömrəli kassanın məxaric orderindən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə İddiaçı1-dən 5123,32 manat məbləğində pul almışdır. 3.İş materiallarında olan xx.xx.2020-ci il tarixli 0572/2020 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli RO/00574/56/29 saylı kredit müqaviləsinə əsasən İddiaçı1-yə xx.xx.2020-ci il tarixə 4308.21 manat əsas borcu, 2143.12 manat faiz borcu vardır. 4 Mülki işin materiallarına əlavə olunan Cavabdeh3 öz qızı X3 verdiyi, Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərərfindən təsdiq edilmiş 07 dekabr 2022-ci il tarixli AP-İİ 859231 nömrəli, 7E-4923 nömrəsi ilə qeydiyyatdan keçmiş etibarnamədən görünür ki, həmin etibarnaməni Cavabdeh1 şəxsən özü imzalamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı1 Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit borcunun ödənilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 4800.28 manat, faiz borcu üzrə 2312.81 manat və 85.47 manat cərimə olmaqla, cəmi 7208.56 manat və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı1-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)- 4341/2018 saylı məhkəmə əmri ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 cəmi 7208.56 manat və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı1-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmışdır.

7. Məhkəmə əmrinə etiraz verildiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-4341/2018 saylı qərardadı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-4341/2018 saylı məhkəmə əmri ləğv edilmiş və işi iddia icraatına keçirilməklə məhkəmə baxışı təyin edilmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2016cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 5123.32 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəf kredit müqaviləsinin tələblərini pozaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər.

9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2 (044)-919/2020 saylı mülki iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Şirinov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 4308.21 manat, faiz borcu üzrə 2143.12 manat və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı1-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 390.1, 442, 443.1, 445.1, 448.1, 449.1 və 462.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

11. Qətnamədən əvvəlcə Cavabdeh2 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının əvvəlki-2 (104)-236/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə Cavabdeh4 aid olan hissədə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Hazırda qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2 (044)-919/2020 saylı mülki iş üzrə 23 noyabr 2020-ci il tarixli qənaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, borclu Cavabdeh4 tanımır və kredit müqaviləsi üzrə həmin adama zamin durmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmənin əvvəlki-17 yanvar 2023-cü il tarixli iclasında Cavabdeh3 nümayəndəsi-qızı X4 iştirak etmiş, Cavabdeh3 ona verdiyi 07 dekabr 2022-ci il tarixli AP-İİ 859231 nömrəli, 7E-4923 nömrəsi ilə qeydiyyatdan keçmiş etibarnaməni məhkəməyə təqdim edərək, Cavabdeh1 xəstə olmasını, müalicə üçün Rusiyaya getdiyini bildirmiş, mübahisələndirilən müqaviləyə Cavabdeh3 imza etmədiyini qeyd edərək, bu məsəsləyə aydınlıq gətirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Şikayətin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmə kollegiyasının iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayətin təmin edilməməsini xahiş etdi

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1-nin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 19.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 20.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 21.Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası öncə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid olan hissəsinə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının əvvəlki-2(104)-236/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyindən hazırda qətnamə yalnız Cavabdeh3 aid olan hissədə yoxlanılır.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Cavabdeh3 aid olan hissədə qanuni və əsaslıdır.

34. Belə ki, Cavabdeh3 apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, borclu Cavabdeh2 tanımır və kredit müqaviləsi üzrə ona zamin durmamışdır.

35. Şikayətin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadla məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli 4/128 saylı rəylinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 167-ci vərəqində olan 09 mart 2016-cı il tarixli RO/00574/56/29 nömrəli kredit sazişində “Müştəri” qrafasındakı imza, 166-cı vərəqində olan 09 mart 2016cı il tarixli 3018 nömrəli kassa məxaric orderində “Orderdə göstərilmiş məbləği aldım” qrafasındakı imza, 238-ci vərəqində olan 07 dekabr 2022-ci tarixli AP-İİ 859231 nömrəli, 7E-4923 nömrəsi ilə qeydiyyatdan keçmiş etibarnamədə “İmza” qrafasındakı imzanın- EYNİ ŞƏXS tərəfindən icra olunduğu müəyyən edilmişdir. 36.Ekspertizaya təqdim edilmiş mülki işin 238-ci vərəqində olan 07 dekabr 2022-ci il tarixli AP-İİ 859231 nömrəli, 7E-4923 nömrəsi ilə qeydiyyatdan keçmiş etibarnamədə “İmza” qrafasındakı imzada-imzanın qəsdən dəyişdirilməklə icra olunmasının xarakterizə edən əlamətlərin müşahidə olunmadığı müəyyən edilmişdir.

37. Beləliklə, mülki işin materiallarına əlavə olunan Cavabdeh3 öz qızı X3 verdiyi, Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərərfindən təsdiq edilmiş 07 dekabr 2022-ci il tarixli AP-İİ 859231 nömrəli, 7E-4923 nömrəsi ilə qeydiyyatdan keçmiş etibarnamədə Cavabdeh3 öz imzası vardır və 09 mart 2016-cı il tarixli RO/00574/56/29 nömrəli kredit sazişində “Müştəri” qrafasındakı imzanın, həmçinin 09 mart 2016-cı il tarixli 3018 nömrəli kassa məxaric orderində “Orderdə göstərilmiş məbləği aldım” qrafasındakı imzanın da Cavabdeh1 tərəfindən icra olunduğu fakt kimi öz təsdiqini tapmışdır.

38. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək, hesab edir ki, apellyator Cavabdeh3 şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Cavabdeh3 aid olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 sözügedən müqavilə üzrə zamin deyil, borcalandır. İddiaçı1 ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit müqaviləsindən əmələ gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən iddianı Cavabdeh3 aid olan hissədə təmin edərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.

40. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 28 fevral 2023-cü il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 138 manat məbləğini təşkil edir.

41. İrəli sürülən iddia təmin edildiyindən və cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri Cavabdeh3 aid aid edilməli və ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2 (044)-919/2020 saylı mülki iş üzrə 23 noyabr 2022-ci il qətnaməsi mübahisələndirilən-Cavabdeh3 aid olan hissədə dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh3 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar