Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-330/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qanunsuz müdaxilədən azad edilmə tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-316/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X5 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə 501- 3/178 inventar nömrə ilə X3 və İddiaçı adına qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində 0,0999 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ¼ hissə, torpaq sahəsi ümumi birgə İddiaçı, fərdi yaşayış evi ¾ hissə, torpaq sahəsi ümumi birgə X2 mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-5/873 saylı məlumatdan görünür ki, məhkəmə kompüter-texniki ekspertizasının predmetinə müxtəlif rəqəmsal məlumat daşıyıcılarında, o cümlədən smartfonlarda olan məlumatların, müxtəlif proqram məhsullarının müəyyən edilməsi, onların mübadiləsi nəticəsində yaranan rəqəmsal izlərin, pozulmuş məlumatların bərpası, rəqəmsal hesablama sistemlərində baş vermiş hadisələrin təhlili və elektron yaddaşın fəaliyyətinə aid digər bu tipli suallar aiddir. Hər hansı bir kameranın normalara uyğun quraşdırılıb-quraşdırılmaması, quraşdırlmış kameranın digər vətəndaşa maneçilik yaradıb-yaratmamasının müəyyən edilməsi cihazın yaddaşında rəqəmsal izlərlə müəyyən edilmir. Məlumat üçün bildirilir ki, ekspert qarşısında qoyulan suallarda göstərilən kameranın normalara uyğun quraşdırılıbquraşdırılmamasının müəyyən edilməsi üzrə Məhkəmə Mərkəzində hər hansı bir ekspertiza aparılmır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilir.
4. xx.xx.2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndindıə İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, mübahisəli evdə yerləşən kameraların cavabdehlərə məxsus evin hasarının içərisində yerləşdiyi müəyyən olunmuşdur.
5. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və yerində müayinə protokolu iş materiallarına əlavə edilmişdir. Baxışda müəyyən edilmişdir ki, Qazax rayonu Hüseynbəyli kəndində İddiaçı mübahisələndirdiyi kameralar cavabdehlərin iddiaçı ilə ara hasarının təxminən 25-30 metr məsafəsində, həyətin ortasında basdırılmış dirəkdədir. Dairəvi müşahidə kamerası iddiaçıya məxsus evə münasibətdə dirəyin əks tərəfində, digər kamera isə cavabdehin öz həyəti istiqamətində quraşdırılmışdır. İkinci kamera isə cavabdehin evinin iddiaçıya məxsus evə münasibətdə əks tərəfində quraşdırılmış və yalnız cavabdehlərin darvazasının qarşısını və küçəni çəkə bilər. Bu hal İddiaçı öz sahəsindən istifadə etməkdə ona maneçilik yaratmır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən kameraların onun evi və həyətyanı torpaq sahəsinin görülməcəyək qədər yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunmun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu Hüseynbəyli kəndində 0,0999 ha torpaq sahəsində 192.2 kv.metr ev onun mülkiyyətindədir. Cavabdehlər onun qonşularıdır. Cavabdehlər qanunsuz olaraq mülkiyyətini təqib edirlər. Belə ki, onlar özlərinə məxsus torpaq sahəsində 9 metr hündürlükdə dəmir dirəkdə 04 ədəd kamera (360 rədəcə) quraşdıraraq onun evini qanunsuz təqib edir. Sözügedən kamera onun həyətyanı torpaq sahəsini çəkir və daimi olaraq qeydiyyatını aparır. Eyni zamanda cavabdehlər torpaq sahəsinə iri həcmli işıqlar qoymuşdur ki, sözügedən işiqların təsirindən yatmaq mümkünsüz hal almışdır. Bu kameralarla onun şəxsi ailə sirri pozulur. Eyni zamanda sözügedən kameralar gecə 24:00-03:30 radələrində polis səsləri və digər vaxtlarda müxtəlif səslər çıxarır. O çöl sahəsində işlədiyi üçün məcburiyyətdən üst geyimlərini evin həyətində çıxarmalı oldğundan kameralar onu çəkməməsi üçün evinin həyətindən sərbəst istifadə edə bilmir. Sözügedən evdə azyaşlı qızı və xəstəsi yaşayır ki, kameraların çəkməsi onlarında hüquqlarını kobud şəkildə pozur. Sözügedən kameraların sökülməsini deyil, onun evi və həyətyanı topraq sahəsini çəkməyəcək səviyədə endirilməsini, yəni onun və ailə üzvlərinin qanunsuz müdaxilədən azad edilməsini istəyir. Bu barədə rayon rəhbərlərinə müraciət etsə də, müraciətinə müsbət qərar verilməmiş, nəticədə məhkəməyə müraciət etməli olmuşdur.
8. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-316/2024 saylı qətnaməsi ilə (hakim N.Musayev) İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxilədən azad edilmə tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Qazax rayonu Hüseynbəyli kəndində İddiaçı mübahisələndirdiyi kameralar cavabdehlərin yaşadığı X5 həyətində quraşdırılmışdır və bu hal İddiaçı öz sahəsindən istifadə etməkdə ona maneçilik yaratmır və ya hüququnu pozmur.
10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-158-ci və və 170-171-ci, habelə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-316/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən kameraların onun evi və həyətyanı torpaq sahəsini görməyəcək, qədər yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və onun tərəfindən ödənilmiş Qazax Rayon Məhkəməsi üçün 100 manat və Gəncə Apellyasiya Məhkəməsi üçün 50 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə onun ən təməl insan hüquqlarından olan, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi və İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin pozulmasına səbəb olmuşdur. Qeyd etmişdir ki, cavabdehlər müşahidə-nəzarət kameralarını öz həyətlərində quraşdırmasına baxmayaraq həmin nəzarət kameraları onun evini və həyətini daim nəzarətdə saxlayır, ailə həyatı barədə məlumat toplayır və saxlayır. O, bunun səbəbini məhkəmə iclasında da inkar etməmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, “2021-2022-ci illərdə həyat yoldaşı ilə birlikdə Bakıda övladlarının yanında olmuşdur, pandemiyaya görə rayona gediş-gəliş məhdudlaşdırıldığından İddiaçı həyətyanı sahəsində olan tut ağaclarını kəsmiş, hasarı söküb 12 metr məsafədə onun həyətyanı torpağını zəbt etmişdir.” Görünür ki, cavabdeh belə bir böhtan atmaqla ona nəzarət etdiyini gizlətmir. Cavabdehin öz həyətyanı sahəsini qorumaq üçün 9 metr hündürlükdə kamera quraşdırmasına ehtiyac yoxdur. Bunun üçün öz evi və həyətinə nəzarət edə bilən daha aşağıdan da kamera quraşdıra bilərdi. Ona görə də hesab etmişdir ki, cavabdehlərin 9 metr hündürlükdə kamera quraşdırması şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnun kobud pozuntusudur. Cavabdeh şəxslər gün ərzində dayanmadan onun yaşadığı evin həyətini video qeydiyyatını aparır və onu qanunsuz təqib edirlər. Qanunvericiliyin tələblərinə görə Konstitusiya ali dəyərə malikdir. Şəxsi və Ailə həyatının toxunulmazlığı konstitusion və ümumbəşəri insan hüququdur. Məhkəmə qeyd etdiyi normaların tələblərini pozmuş, şəxsi və ailə həyatının toxunulmazlığı hüququnun pozulmasına şərait yaratmışdır. Cavabdehlər tərəfindən onun daimi qeydiyyatı aparılmış və bu barədə tik-tok şəbəkəsində paylaşımlar edilmişdir. O, evində sərbəst surətdə hərəkət edə bilmir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, evində sərbəst surətdə hərəkət edə bilmir.
15. İş üzrə cavabdehlərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Emil Əhmədov məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
16. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
21. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-316/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər Qazax rayonu, Hüseynbəyli kəndində qonşudurlar. Cavabdehlər özlərinə məxsus torpaq sahəsində 9 metr hündürlükdə dəmir dirəkdə 04 ədəd kamera quraşdırmışlar. İddiaçı isə hesab edir ki, sözügedən kamera onun həyətyanı torpaq sahəsini çəkir və yerləri dəyişdirilməlidir. Lakin məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qazax rayonu Hüseynbəyli kəndində İddiaçı mübahisələndirdiyi kameralar cavabdehlərin iddiaçı ilə ara hasarının təxminən 25- 30 metr məsafəsində, həyətin ortasında basdırılmış dirəkdədir. Dairəvi müşahidə kamerası iddiaçıya məxsus evə münasibətdə dirəyin əks tərəfində, digər kamera isə cavabdehin öz həyəti istiqamətində quraşdırılmışdır. İkinci kamera isə cavabdehin evinin iddiaçıya məxsus evə münasibətdə əks tərəfində quraşdırılmış və yalnız cavabdehlərin darvazasının qarşısını və küçəni çəkə bilər. Bu hal İddiaçı öz sahəsindən istifadə etməkdə ona maneçilik yaratmır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hər bir şəxsin öz mülkiyyətini (evini, həyətyanı sahəsini, avtomobilini və s.) qorumaq hüququ vardır. Bunun üçün o, öz evi və həyətinə müşahidə-nəzarət kameraları quraşdıra bilər. Quraşdırılmış kameralar başqa məqsədlər üçün quraşdırılmışdırsa, yəni şəxslərin ailə həyatı barədə məlumat toplayır və saxlayırsa, onun yaşayış yerinin video qeydiyyatını aparır və onu qanunsuz təqib edirsə, şəxslərin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu pozursa, həmin şəxslər müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Hazırki iş materialları ilə qeyd olunan xüsusatlar öz təsdiqini tapmamış, iddiaçı həmin halları təsdiq edən heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
36. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
37. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin etməməkdə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırki dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-316/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-316/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.