Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-341/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qapının bağlanması, yolunun açılması və maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yola açılmış qapının bağlanması, yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2(125)- 4042/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 11 avqust 2021-ci il tarixli, **********94-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 105 A ½ hissədə İddiaçı, ½ hissədə isə X2 xüsusi mülkiyyətindədir.
2. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 378 nömrəli, 28 iyun 2018-ci il tarixli Sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105 nömrəli ünvanda yerləşən Cavabdeh2 istifadəsində olan 559.2 kv. metr torpaq sahəsi və ümumi sahəsi 183.6 kv. metr, o cümlədən yaşayış sahəsi 95.3 kv.m, 48.2 kv.metr zirzəmidən ibarət fərdi yaşayış evinin qeydiyyata alınması və mülk sahibinin mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 3 nömrəli Ərazi İdarəsinə Xahiş edilməsi qərara alınmışdır.
3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, nümayəndəliyin əməkdaşları tərəfindən İddiaçı şikayətçi olduğu qonşuya qapının qarşısına tökdüyü daş və qumu yığışdırmalı olduğu bildirilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək evin giriş-çıxış yolunun tikinti materialları və tullantılardan təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması, evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunması, eləcədə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiai tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev xüsusi mülkiyyətindədir. Cavabdehlər qanunsuz olaraq onun darvazasının qarşısından öz həyət divarlarından qanunsuz qapı açmaqla həyətin zibillərini həmin qapıdan çıxararaq onun evinin qarşısına ataraq mülkiyyətində olan evə giriş-çıxışı mümkünsüz edirlər. Bundan başqa şəxsi istifadələrində olan avtomobilləri evin giriş-çıxışında saxlamaqla maneə yaradırlar. Dəfələrlə müraciət etsədə, cavabdehlər yolun açılmasını, avtomobilləri giriş darvazasının qarşısında saxlamasını aradan qaldırmırlar. Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş məhkəməyə müraciət etmək hüququ zah edilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində yaranmış vəziyyət onun mülkiyyətindən sərbəst və maneəsiz şəkildə istifadə etməsinə imkan vermir.
6. Gəncə Şəhər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2(125)-4042/2024 nömrəli (hakim Z.İmanov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evin giriş-çıxış yolunun tikinti materialları və tullantılardan təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması və evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi; iş üzrə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, tikinti materiallarının tullantısı mövcud deyil. Halbuki iddia ərizəsi məhkəməyə təqdim edilən zaman çəkilmiş fotoşəkillərlə yanaşı həm də cavabdeh bu halın mövcud olmasını məhkəmədə izahat verərkən bildirmişdir. Qanunsuz açılmış giriş-çıxış qapısının bağlanmasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qapının mövcudluğu maneə yaratmır. Ancaq bu nəticə doğru hesab edilə bilməz. Belə ki, cavabdeh məhz həmin qapıdan istifadə etməklə gediş-gəliş yoluna tullantılar atır. Həmçinin cavabdehlər şəxsi avtomobillərini gediş-gəliş yolunda park edərək maneə yaradır. Bununla da əlaqədar iddia ərizəsinə fotoşəkillər əlavə edilmişdir. Avtomobillər daşınar əşya olduğundan daim giriş-çıxış yolunda qalması mümkünsüzdür. Ancaq təqdim edilmiş fotoşəkillərdən aşkar şəkildə görünürki, məhz yol bağlayacaq şəkildə avtomobillər park edilmişdir. Cavabdehlər avtomobillərini çox vaxt öz qapılarının astanasında, orada saxlamaq mümkün olmadıqda isə boş yerdə saxlamalarını, həmin ərazi kifayət qədər geniş olmaqla onun evinə gedib-gəlməsinə heç bir maneə törətməsini desələrdə, ancaq ozlərinin deməsinə görə bu çox vaxt belə olmur. Həm də o səbəbdən ki, avtomobillərini orada saxlamaqla qanunsuz olan qapıdan istifadə edirlər. Çünki, qanuni giriş-çıxış qapısı avtomobil saxlanan yerdən daha uzaqda yerləşir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, hazırda mülkiyyətində olan fərdi yaşayış evində daimi olaraq yaşamasada, lakin cavabdehlər tərəfindən evinə gedib-gəlməsinə mane yaradılır. Mübahisəli əraziyə məhkəmə tərəfindən baxış keçirildikdən sonra cavabdehlər açmış olduqları qapının yanına tökdükləri qranit daşları götürmüşlər. Lakin ağac qırıntıları götürülməmişdir. Eləcədə qanunsuz açılan qapı bağlanmamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, qapının kənarına tökülmüş qranit daş parçaları, yoldan istifadəyə maneə yaratmasada, lakin mübahisəli əraziyə baxış keçirildikdən sonra götürülmüşdür. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin giriş darvazasının qarşısında olan ağac budaqları, eləcədə digər əşyalar isə onlar tərəfindən tökülməmişdir. Açmış olduqları giriş qapısı ümumi istifadədə olan yola açılır və iddiaçının yoldan və evindən istifadəsinə mane yaratmır. Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
19. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
20. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti 105A nömrəli fərdi yaşayış evi (1/2 hissə) İddiaçı, Gəncə şəhəri, H.Əliyev prospekti 105 isə Cavabdeh2 və onun ailə üzvləri olan digər cavabdehlərin sahibliyində və istifadəsindədir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəlişə cavabdehlər tərəfindən maneə yaradıldığını, eləcədə cavabdehlər tərəfindən ümumi istifadədə olan yola qanunsuz qapı açılmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
33. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, İddiaçı iddia tələbinin əsası kimi mülkiyyətində olan (1/2 hissə) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gedən yola cavabdehlər tərəfindən tikinti materalları və tullantılar tökülməsini, yola qanunsuz qapı açılmasını, eləcədə cavabdehlər istifadələrində olan avtomobilləri yolda saxlamaqla ona maneə yartmalarını göstərmişdir.
35. Birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli əraziya baxış keçirilmiş və məhkəmə iddiaçının yoldan və fərdi yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən hər hansı bir maneə yaradılmaması qənaətinə gələrək iddianı təmin etməmişdir.
35. Apellyasiya icraatı zamanıda İddiaçı və Cavabdeh3 iştirakları ilə mübahisəli əraziya baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ümumi istifadədə olan yola cavabdehlər tərəfindən kiçik həcmli qapı (ayaqla giriş qapısı), açılmış, küçə tərəfdən həmin qapının yanına, yəni cavabdehlərə məxsus hasarın yaxınlığına az miqdarda qranit daş parçaları yığılmışdır. Daş parçalar tökülən ərazi cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəlişə maneə yaratmasada, lakin cavabdeh tərəf qısa müddət ərzində həmin daş parçalarını götürəcəyini bildirmişdir. Baxış zamanı iddiaçnın mülkiyyətində olan fərdi yaşayış evinə giriş qapının (darvazanın) qarşısına quru ağac budaqlarının yığılmasıda aşkar olunmuşdur. Həmin vaxt həyətdə olan bir neçə uşaq yaxınlaşaraq bildirmişdir ki, quru vəziyyətdə olan ağacları novruz bayramında yandırmaq məqsədilə onlar həmin əraziyə toplamışlar. Eləcədə müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən ümumi istifadədə olan yola açılan kiçik həcmli (ayaqla giriş qapısı) qapıdan istifadə, iddiaçıya ümumi istfadədə olan yoldan və öz mülkiyyətindən istifadəyə hər hansı bir maneə yaratmır. Belə ki, cavabdehlərin açdığı kiçik həcmli (ayaqla giriş qapısı) qapı ilə iddiaçının evinə giriş qapısı heçdə yaxın bir məsafədə yerləşmir. Mübahisəli ərazidə avtomobil saxlanması isə aşkar olunmamışdır.
37. Bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı hazırkı məhkəmə iclasında izahatında bildirmişdir ki, mübahisəli əraziyə baxış keçirildikdən sonra küçəyə açılan qapının yaxınlığına yığılan daş parçaları cavabdehlər tərəfindən götürülmüşdür.
38. Beləliklə, işin yuxarıda qeyd oluna faktiki hallarını nəzərə alan kollegiya hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir Apellyasiya şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
39. Hazırkı mübahisə üzrə ekspertiza təyin edilməsinədə kollegiya zərurət görməmişdir.Çünki, bundan əvvəldə qeyd olunduğu kimi mübahisəli əraziyə baxış keçirilərkən maneənin olub-olmamasını vüzüal müşahidə etmək mümkün olmuşdur. Belə olan təqdirdə xüsusi bilik tələb olunan ekspert rəyinin verilməsinə də artıq zərurət qalmır.
40. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Gəncə Şəhər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2(125)- 4042/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1., 372.1, 384, 392-393, 402 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2(125)-4042/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.