Məhkəmə qərarları › İş №2(104)-342/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-342/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-342/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(044)-3442/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" MMC-nin xeyrinə LG markalı soyuducu üçün 1027 (bir min yüz iyirmi yeddi) manat ödənilməmiş borc, 103 manat cərimə borcu olmaqla, ümumilikdə 1130 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən LG markalı soyuducu almış və nəticədə 1130 (bir min yüz otuz) manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən soyuducunun alqı-satqı qiyməti 1672 manat (18 ay x 86 manat + 124 manat ilkin ödəniş) olmuş, borclu tərəfindən cəmi 645 manat ödənilmiş, 1027 manat ödənilməmiş qalmışdır. Həmçinin, 232 manat cərimə məbləği hesablanmalı olmasına baxmayaraq, 103 manat hesablanmışdır. Buna görə də, iddianın təmin olunması xahiş olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(044)- 3442/2019 saylı qətnaməsi ilə (hakim E.Axundov) iddia təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə ümumilikdə LG markalı soyuducu üçün 1027 (bir min yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 103 (bir yüz üç) manat cərimə olmaqla, ümumilikdə 1130 (bir min yüz otuz) manat borcun və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1160 (bir min yüz altmış) manatın tutularaq ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 1672 manat olan LG markalı soyuducunu 18 ay müddətinə, hər ay 86 manat ödəmək şərti ilə almışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(044)- 3442/2019 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(044)-3442/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx"dan LG markalı soyuducu götürmüş, ilkin ödənişi və bir sıra ödənişləri etmişdir. Onun aldığı məhsulun qiyməti o qədər təşkil etmir. Onun iddiaçının tələb etdiyi məbləğdə borcu qala bilməz. Ona satılmış məhsul xarab olmuş, bu barədə iddiaçıya məlumat versə də məhsulu nə dəyişmiş, nə də ki, təmir etmişlər. Ona görə də ödənişləri dayandırmışdır. İddiaçı bunu bilirdi və məhsulları xarab olduğundan məhsulu təmir etmədiklərindən və ya dəyişdirmədiklərindən pulun ödənilməsini tələb etmirdilər. Sonradan xəbəri olmadan onu məhkəməyə vermişlər və məhkəmə proseslərinin olmasından xəbəri olmadığı üçün məhkəmə iclasına gəlməmiş, sübutlarını təqdim etməmiş və beləliklə barəsində məhkəmə qətnaməsi çıxmışdır. Birinci instansiya məhkəməsinin keçirilməsindən xəbərsiz olmuş, ona görə də birinci instansiya məhkəməsində iştirak edə bilməmiş və lazımi sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat veribşikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, təxminən 5-6 ay ödəniş cədvəli üzrə ödənişləri etmiş, lakin 6 aydan sonra soyuducu qüsurlu olduğu müəyyən edildikdə o, şihafi qaydada iddiaçı təşkilata məlumat vermiş, onlar isə gəlib yoxlacaqlarını bildirsələr də hərəkətsizlik etmişdir. Buna görə də məcbur qalıb 280 manat xərc çəkərək soyucunu təmir etdirmiş və ödənişləri dayandırmışdır. Soyuducunun qüsurlu olması ilə bağlı müraciəti şifahi qaydada olduğundan hər hansı bir vasitə ilə sübut edə bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayənədisnin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(044)-3442/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən dəyəri 1672 manat olan LG markalı soyuducunu 18 ay müddətinə, hər ay 86 manat ödəmək şərti ilə almışdır. Lakin, cavbdeh bağlanmış müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Cavadeh malı aldıqdan 6 ay sonra qüsurunun yarandığını, bununla da iddiaçının lazımi keyfiyyətdə olmayan malın satıldığını, bununla əlaqədar iddiaçı təşkilata müraciət etdiyini, lakin nəticə olmadığınan qüsuru 280 manat xərc çəkməklə aradan qaldırdığını iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbu ki, cavadbeh Mülki Məcəllənin 589.2-ci maddəsində nəzərdə tutulmuş iki il müddəti ərzində iddiaçıdan əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməli olduğu halda bunu da etməmiş, maldakı qüsurun aşkarlanmasından 3 ildən vaxt keçmişdir. Buna görə də məhkəmə kollegiyası cavadbehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(044)- 3442/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(044)- 3442/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar