Məhkəmə qərarları › İş №2(104)-348/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-348/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-348/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: « borcun tutulması » tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2393/2022 saylı 07 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 11 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış LD/16363/00057 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə görə"xxxx" MMC “Borc alan” Cavabdeh1 öz biznesini inkişaf etdirmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün 22 iyun 2015-ci il tarixli LD/15173/00028 nömrəli kredit müqaviləsi əsasında götürdüyü kredit üzrə 28 dekabr 2016-cı il tarixə olan qalıq öhdəliyini restrukturizasiya edir, “Borc alan” isə restrukturizasiya edilmiş yeni öhdəliyi qəbul edir və həmin krediti bu müqavilə ilə müəyyən olunmuş müddətdə faizi ilə birlikdə “Borc verən”ə qaytarmağı öhdəsinə götürür.

2. “Borc alan”ın 22 iyun 2015-ci il tarixli LD/15173/00028 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin 28 dekabr 2016-cı il tarixə əsas məbləğ və faiz borcu üzrə cəmi qalığı 3882,00 manat təşkil edir. “Borc alan” bu məbləğ restrukturizasiya olunmuş yeni kredit öhdəliyi kimi qəbul edir.

3. İş materiallarında olan 28 dekabr 2016-cı il tarixli LD/16363/00057 saylı girov müqaviləsindən müəyyən olunur ki, “Girov saxlayan”la “Girov qoyan” arasında bağlanan 28 dekabr 2016-cı il tarixli LD/16363/00057 saylı kredit müqaviləsinə əsasən 3882,00 manat məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanan faizlərin qaytarılmasının təminatı olaraq “Girov qoyan” özünə məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən əşyaları “Girov saxlayan”a girov qoyur.”Girov qoyan” təsdiq edir ki, girov predmeti “Girov qoyan”ın mülkiyyətindədir və üçüncü şəxslər qarşısında heç bir öhdəliklə yüklü edilməmişdir. ”Girov qoyan” girov predmetinin digər yerdə girov qoyulmasına, icarəyə verilməməsinə, axtarışda və ya həbsdə olmamasına zəmanət verir.

4. İş materiallarında olan xx.xx.2016-ci il tarixli LD/16363/00057 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə "xxxx" MMC qarşısında birgə məsuliyyət daşıyır.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 LD********** saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 2547,84 manat məbləğində əsas kredit borcu yaranmışdır.

6. İş materiallarında olan xx.xx.2017-ci il tarixli xəbərdarlıq surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 hesablanmış məbləği banka qaytarmasa banka borclu olduğu məbləğin, həmçinin hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda təkcə banaka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı xərcləri ödəyəcəyi barədə xəbərdar edilmişlər.

7. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı BOKT "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək borclu Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD/16363/00057 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borclular Cavabdeh1 və Cavabdeh2 əsas borc 3720,25 manat, faiz borcu 333,09 manat, sığorta ödənişi üzrə borcu 0 manat, cərimə üzrə 930,06 manat, cəmi 4983,4 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pulun tutularaq BOKT "xxxx" MMC-nə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir.

9. Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli əmri ilə borclular- xx xxxxx 1982-ci ildə Bərdə rayonu Mirzəxan kəndində anadan olmuş, hazırda Bərdə rayonu Mirzəxan kəndində yaşayan Cavabdeh1 və xx xxxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, hazırda Bərdə şəhəri S.Vurğun küçəsi döngə 2, ev 3-də yaşayan Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 3720.25 manat əsas, 333.09 manat faiz, 930.06 manat cərimə, cəmi 4983.4 manat məbləğində kredit borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasına əmr verilmişdir.

10. Bərdə Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qərardadına əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı borcun məcburi şəkildə ödənilməsinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır.

11. İddiaçı BOKT "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Bərdə nümayəndəliyi ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD/16363/00057 saylı kredit müqaviləsinə əsasən borcluya 24 (İyirmi dörd) ay müddətinə xx.xx.2018-ci il tarixə qədər illik qalıq borcun 12.00% dərəcəsini tətbiq etməklə 3882 (üç min səkkiz yüz səksən iki manat) AZN məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1-2.2-ci bəndləri). Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Bərdə nümayəndəliyi ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD/16363/00057 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.2- ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin borclu Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kreditor tərəfindən borcluya kredit verilməsi və bu kreditin borclu tərəfindən istifadə edilməsinin aşkar olmasını nəzərə alaraq, kreditor pul məbləğinin borclu Cavabdeh1 tərəfindən ödənilməsi barədə tələbinin sadələşdirilmiş qaydada (əmr icraatı qaydasında) təmin olunmasını istəmişdir.

12. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" ASC nümayəndəsi X1 ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəməyə maliyyə arayışı təqdim edərək cavabdehlərin 2547,84 manat məbləğində əsas kredit borcu və 20 manat məbləğində dövlət rüsumu borcu qaldığını qeyd edərək, 2567,84 manat məbləğində borcun tutulmasını, ərizəsinin təqdim etdiyi maliyyə arayışına uyğun qaydada təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, 28 dekabr 2016-cı ildə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən 3882 manat məbləğində kredit götürmüşdür. Kredit borcundan bir hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilməmişdir. Hazırda onun banka 2547,84 manat kredit borcu vardır. İddianın həmin qaydada təmin olunmasına etirazının olmadığını bildirmişdir.

14. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Bərdə Rayon Məhkəməsinin 2(021)-2393/2022 saylı mülki iş üzrə 07 iyul 2022ci il tarixli qətnaməsi ilə (hakim M.Allahverdiyev) iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2547,84 (iki min beş yüz qırx yeddi manat səksən dörd qəpik) manat məbləğində əsas kredit borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı BOKT "xxxx" ASC-nin xeyrinə, 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh1 apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 2(021)- 2393/2022 saylı mülki iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini tam araşdırmamışdır. Belə ki, hesab edir ki, iddia olunan məbləğ artıq göstərilmişdir və bu səbəbdən işə yenidən baxılmalıdır. İş üzrə ödəniləcək məbləğin düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq eksertizası təyin olunmalı, yaxud iddia tələbi azaldılmalıdır. Ümumiyyətlə qətnamə maddi və prosessual hüquq pozuntuları ilə çıxarılmışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyildir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməlidir.

18. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Qeyd etmişdir ki, o, Cavabdeh1 birinci dəfə 2014-cü ildə dollarla kredit verilməsi ilə bağlı zamin durmuş, 2015-ci ilin fevral ayının sonlarında dolların məzənnəsi kəskin qalxmışdır. Bundan sonra iddiaçı borclu Natiq Şiriovun dollarla olan kredit borcunu manata çevirməsi ilə bağlı Cavabdeh1la razılığa gəlmiş və yenidən xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. O, həmin müqavilə üzrə zamin olmadığı halda adı zamin duranlar siyahısına yazılmaqla əvəzinə müqaviləyə imza edilməsi barədə eşitmişdir. Qeyd etmişdir ki, qeyd olunan müqavilədə həmin imza ona məxsus deyil, həmin imzanın çəkilməsindən sonra məlumatı olmuşdur. Məhkəmə isə bu halları nəzərə almamış, çəkişmə prinsipini pozaraq onun iştirakını təmin etməmiş, iş üzrə hərtərəfli və düzgün araşdırma aparmamışdır. 20.Məhkəmənin əvvəlki iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmiş və hər iki cavabdeh xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsini Cavabdeh2 imzalamadığını bildirmiş və bu məsələyə aydınlıq gətirilməsi üçün iş üzrə məhkəməxətşünaslıq eksertizası təyin olunmasını xahiş etmişlər. Cavabdeh1 apellyasiya şikayətinin dəlilində olmasına baxmayaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 6.2 - fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

23. Maddə 329.1 - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

24. Maddə 385.1 - öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 390 - fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

26. Maddə 442 - öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 443.1 - öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Maddə 448.1 - əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 470.1 - əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

30. Maddə 472.2 - əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

31. Maddə 739.2 - kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

Prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

38. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 385.2 - birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyib, eləcə də apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apelyasiya təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2393/2022 saylı mülki iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Bərdə nümayəndəliyi ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD/16363/00057 saylı kredit müqaviləsinə əsasən borcluya 24 (İyirmi dörd) ay müddətinə xx.xx.2018-ci il tarixə qədər illik qalıq borcun 12.00% dərəcəsini tətbiq etməklə 3882 (üç min səkkiz yüz səksən iki manat) AZN məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Bərdə nümayəndəliyi ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD/16363/00057 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin borclular üzərlərinə düşən öhdəliyi yerinə yetirməmiş və müqavilənin bu şərtlərini pozaraq öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Cavabdehlərə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar heç bir fayda verməmiş, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia məhkəmə tərəfindən təmin edilmişdir.

43. Cavabdeh1 apellyasiya şikayəti verərək iddia olunan məbləğin artıq göstərildiyini, iş üzrə ödəniləcək məbləğin düzgün müəyyən edilməsi üçün məhkəməmühasibatlıq eksertizasının təyin olunmasını, yaxud iddia tələbinin azaldılmalı olmasını bildirsə də, iddiaçı Təşkilata hansı məbləğdə ödənişlər etdiyi barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinin kollegiyasına mötəbər sübut növünü təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilində olmasına baxmayaraq, işə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişdir. Məhkəmə kollegiyası onu da qeyda edir ki, işə birinci insansiya məhkəməsində baxılarkən Cavabdeh1 əsas kredit borcunun 2547,84 manat məbləğində olduğunu etiraf etmişdir. Ona görə kollegiya bu qənaətdədir ki, cavabdeh tərəfin kredit borcu düzgün heseblanmışdır.

44. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək Cavabdeh1 birinci dəfə 2014-cü ildə dollarla kredit verilməsi ilə bağlı zamin dursa da, 2015-ci ilin fevral ayının sonlarında dolların məzənnəsi kəskin qalxdığını, bundan sonra iddiaçının borclu Natiq Şiriovun dollarla olan kredit borcunu manata çevirməsi ilə bağlı Cavabdeh1la razılığa gəldiyini və yenidən xx.xx.2016-cı il tarixli müqavilə bağlandığını, onun həmin müqavilə üzrə zamin olmadığı halda adı zamin duranlar siyahısına yazılmaqla əvəzinə müqaviləyə imza edilməsi barədə eşitdiyini qeyd etmişdir.

45. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, bir daha qeyd etmişdir ki, işdə olan zaminlik müqaviləsini o imzalamamışdır. Həmin nüansın araşdırılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmiş, eləcə də məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, həqətən iddiaçı kredit təşkilatından kredit götürmüş və qətnamədə göstərilmiş məbləğdə borcu iddiaçıya qaytarmamışdır. Lakin, qeyd etmişdir ki, işdə olan zaminlik müqaviləsini Cavabdeh2 imzalamamışdır. Həmin nüansın araşdırılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.

46. Bununla bağlı məhkəmə kollegiyası iş üzrə tam obyektiv araşdırmanın təmin edilməsi məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2023-cü il tarixli 4/230nömrəli rəyindən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş xx.xx.2016-ci il tarixli LD/16363/00057 nömrəli zaminlik müqaviləsində “Zamin” qrafasında olan imza Cavabdeh2 tərəfindən icra olunmuşdur.

47. Göründüyü kimi qanunvericilik hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmasının vacibliyi kimi qiymətləndirmişdir.

48. İşin mübahisə edilməyən hallarından isə görünür ki, Cavabdeh2 öz sərbəst iradə ifadəsi olaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə xx.xx.2016-ci il tarixli zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyi öz üzərinə götürmüşdür. Həmin müqavilə bağlanarkən qanunvercilikə müəyyən edilmiş müqaviləniş bağlanma forma və şərtlərinə əməl edilmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsinə əsas vermir.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2393/2022 saylı mülki iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2023-cü il tarixli 4/230nömrəli nömrəli rəyinə əlavə edilmiş ekspertiza tədqiqatlarına dair bildirişdən müəyyən edilir ki, aparılmış tədqiqatların dəyəri 124 (bir yüz iyirmi dörd) manat məbləğini təşkil edir.

52. İrəli sürülən iddia əsaslı olduğundan və apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmadığından kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 124 manat ekspertiza xərci Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 385, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2393/2022 saylı mülki iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar