Məhkəmə qərarları › İş №2(104)-351/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-351/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-351/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Kəlbəcər Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(040)-567/2022 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4600 manat əsas, 2980,85 manat faiz, 2260,05 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 1159,04 manat faiz borcu olmaqla, ümumilikdə 10999,94 manat (on min doqquz yüz doxsan doqquz manat 94 qəpik) məbləğində borcun və 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(040)-567/2022 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi həmin qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 mart 2011-ci il tarixli 2274 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin “İnam” filialı tərəfindən 18 ay müddətinə illik 26 faiz ödənilməsi şərti ilə 4600 (dörd min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, cavabdeh (borcalan) bu öhdəliyini yerinə yetirməmişdir. Hazırda cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 4600 manat əsas, 2980,85 manat faiz, 2260,05 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 1159,04 manat faiz borcu olmaqla, ümumilikdə 10999,94 manat məbləğində kredit borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Mülki iş materiallarında olan: Ləğv prosesində olan İddiaçı KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim etmək üçün tərtib olunmuş 13 may 2022-ci il tarixli **********908 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 12 aprel 2012-ci il tarixli İNM**********7320001 saylı kredit müqaviləsi üzrə 19 may 2021-ci il tarixinə Ləğv prosesində olan İddiaçı KB Açıq Səhmdar Cəmiyyətinə 4600 (dörd min altı yüz) manat əsas, 2980,85 manat (iki min doqquz yüz səksən manat-85 qəpik) faiz, 2260,05 manat (iki min iki yüz altmış manat- 05 qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 1159,04 manat (bir min bir yüz əlli doqquz manat-04) əlavə faiz olmaqla, ümumilikdə 10999,94 manat (on min doqquz yüz doxsan doqquz manat-94 qəpik) borcu qalmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və ədalətsizdir. Belə ki, tərəflərindən maliyyə arayışı və iddia ərizəsi hazırlanarkən texniki yalnışlığa yol verilmiş və iddia ərizəsinin təsviri hissəsində kreditin verilmə məbləğ ilə əsas borc məbləği yalnış olaraq 3500 (üç min beş yüz) manat deyil 4600 (dörd min altı yüz) manat olaraq və eynilə maliyyə arayışında da əsas borc üzrə 3500 (üç min beş yüz) manat əvəzinə 4600 (dörd min altı yüz) manat qeyd edilmişdir. Texniki yalnışlıq səbəbindən iddia tələbinin rədd edilməsini düzgün hesab etmirlər və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməli olduğunu hesab edirlər. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan sənədləri əsillərini məhkəməyə təqdim edə bilmir. Prosessual məsələlər İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv olunmasına yönəldiyinə görə həmin qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki işdə iddia ərizəsində iddia tələbinin əsası kimi göstərilən 07 mart 2011-ci il tarixli “2274” saylı kredit müqaviləsi və maliyyə arayışında göstərilən 12 aprel 2012-ci il tarixli, İNM**********7320001 saylı kredit müqaviləsi iş materiallarında aşkar edilməmişdir. Bununla bağlı məhkəmə iclası bir neçə dəfə təxirə salınmış və iddiaçının nümayəndəsinə qeyd edilən sənədlərin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçının nümayəndəsi bank tərəfindən sənədlərin ona göndərilmədiyindən məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı hazırki mülki iş üzrə cavabdehin onun qarşısında kredit öhdəliyinin olması mötəbər sübutlarla öz təsdiqini tapmamışdır, mülki qanunvericilikdə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olması əsas şərt kimi göstərilmişdir. Lakin iddiaçının iddia ərizəsinə əlavə etdiyi müqavilə və iddia tələbində qeyd olunan müqavilə fərqlidir. Həmçinin apellyasiya şikayətinə əlavə edilmiş 07 mart 2011-ci il tarixli “2274” saylı kredit müqaviləsinin surəti əlavə edilmişdir. Həmin müqavilənin əsli tələb edilsə də, iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin qeyd olunan müqavilədən də müəyyən edilir ki, bank tərəfindən borcalana 3500 manat məbləğində 18 ay müddətinə istehlak krediti verir. İddiaçının iddia tələbində isə 4600 manat kredit verildiyi qeyd edilmişdir. Beləliklə də, müəyyən edilir ki, kredit müqavilələrində və iddia tələbində kifayət qədər ziddiyyətlər vardır və iddiaçı həmin hallarla bağlı apellyasiya məhkəməsinə mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(040)-567/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(040)-567/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar