Məhkəmə qərarları › İş №2(104)-352/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-352/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-352/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 02 iyul 2024cü il tarixli 2(045)-55/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 24 may 2021-ci il tarixli, 3068 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 13160 manat anuitet qrafik əsasında kredit verilmiş, girova 3777 manat dəyərində qızıl-zinət əşyaları götürülmüşdür;

2. 26 iyul 2021-ci il tarixli, 30128 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 21000 manat anuitet qrafik əsasında kredit verilmiş, girova 10000 manat dəyərində daşınmaz əmlak (ev) götürülmüşdür;

3. 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 34280 manat anuitet qrafik əsasında kredit verilmiş, girova 40000 (qırx min) manat dəyərində daşınmaz əmlak (ev) götürülmüşdür;

4. 11 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 iyul 2023cü il tarixə 34280 manat əsas və 22155,76 manat faiz olmaqla, cəmi 56435,76 manat borcu vardır;

5. Gəncə Apellyasiya Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(104)-201/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 nömrəli qətnaməsindən iddiaçılar Cavabdeh Zakır oğlu, Quliyeva Sevinc Yavər qızı və Quliyeva Fiqure Suliddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh ilə Hüseynov Əli Mətləb oğlu arasında bağlanmış 28 iyul 2021-ci il tarixli, ******* nömrəli və Hüseynov Əli Mətləb oğlu ilə Qurbanzadə Xumar Faxrəddin qızı arasında bağlanımış 29 dekabr 2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin muqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində Hüseynov Əli Mətləb oğlunun mülkiyyət hüququna dair ********** nömrəli qeyd və Qurbanzadə Xumar Faxrəddin qızının mülkiyyət hüququna dair ********** nömrəli qeydlər ləğv edilmişdir;

6. 24 may 2021-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh İddiaçı MMC-tərəfindən verilmiş 13160 (on üç min bir yüz altmış) manat qəbul etmişdir;

7. 24 sentyabr 2021-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh İddiaçı MMC-tərəfindən verilmiş 34280 (otuz dörd min iki yüz səksən) manat məbləğində pulu qəbul etmişdir;

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli, 9/9628 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 may 2021-ci il tarixli, 3068 nömrəli və 26 iyul 2021-ci il tarixli 30128 nömrəli kredit müqavilələri üzrə ödənilməli olan borcu müəyyən edilmir, 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsi üzrə isə ödənilməli olan borcu 11 iyul 2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) 34280 manat əsas və 22155,76 manat faiz mana olmaqla ümumilikdə 56435,76 manat müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 22155,76 manat faiz, 34280 manat əsas borc olmaqla, cəmi 56435,76 manat və ödənilmiş 259 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24 may 2021-ci il tarixli 3068 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 12 ay müddətinə, illki 44 faiz olmaqla 13160 manat kredit verilmişdir. Eləcədə tərəflər arasında bağlanmış 26 iyul 2021-ci il tarixli 30128 nömrəli kredit müqaviləsinə əsasən illik 48 faiz olmaqla 21000 manat Cavabdeh verməklə ödəniş cədvəli təqdim etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Goranboy rayonu Quşçular kəndində yerləşən fərdi yaşayış evi İddiaçı MMC-nin işçisi Hüseynov Əli Mətləb oğlunun adına alqı-satqı edilərək girov şəkilində qəbul edilmişdir. Daha sonra hər iki kredit müqaviləsi üzrə borc birləşdirilərək 24 sentyabr 2021-ci il tarixli 30195 nömrəli kredit müqaviləsi bağlanmış və 24 sentyabr 2021-ci il tarixli ödəniş cədvəli tərtib edilərək Cavabdeh ödəyəcəyi borc 34280 manat müəyyən olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(104)-201/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə lombardın işçisi Hüseynov Əli Mətləb oğlu arasında başlanmış 26 iyul 2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi etibrasız hesab edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsədə şikayət təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə qeyd olunmuşdur ki, Cavabdeh ilə lombardın işçisi Hüseynov Əli Mətləb oğlu arasında başlanmış 26 iyul 2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi yalan əqd olmaqla İddiaçı MMC-nin verdiyi pulu təminat altına almaq üçün bağlanmış müqavilədir. Ona görədə məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Qanuni qüvvəsini almış həmin qətnamədə hər iki kredit müqaviləsinin bağlanması, daha sonra hər iki kredit müqaviləsi üzrə borc məbləğinin 34280 manat olması işin mübahisə edilməyən halı kimi qeyd edilmişdir. İşin bu mübahisəsiz halı həmçinin kredit müqavilələri, ödəniş cədvəli və kassa məxaric orderi ilə də təsdiq olunur. 11 iyul 2023-cü il tarixil maliyyə arayışına əsasən Cavabdeh 11 iyul 2023-cü il tarixə 22155,76 manat faiz, 34280 manat əsas, cəmi 56435,76 manat borcu yaranmışdır.

11. Goranboy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(045)-55/2024 nömrəli (hakim T.Mustafayev) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 34280 manat məbləğində əsas borc, 22155,76 manat məbləğində faiz borcu olmaqla, cəmi 56435,76 manat məbləğində borc pul və ödənilmiş 259 manat məbləğində dövlət rüsumunun əvəzi tutulması; Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421.2, 427.3, 442, 443.1, 448.1, 739 maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, maddi vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq Goranboy rayonu Quşçular kəndində yerləşən ümumi sahəsi 156 kv.m olan fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini lombarda girov qoyaraq kredit götürmək qərarına gəlmiş və buna görədə İddiaçı MMC-nin işçisi Əli ilə Gəncə şəhərində yerləşən “ASAN xidmət” Mərkəzində alqı-satqı müqaviləsi bağlanmaqla evini girov qoymuşdur. Kredit borcu ödənildikdən sonra ev ona qaytarılmalıydı. İddiaçı MMC tərəfindən ona ödəniş cədvəli təqdim edilmiş və aylıq ödənişləri, eləcədə kreditin gecikdirilməsinə görə fazilər barədə xəbərdarlıq olunmuşdur. Sonradan hər iki borc birləşdirilərək ona ümumilikdə 34280 manat borc hesablanmaqla aylıq 1730,2 manat ödəniş müəyyən edilmiş və bu barədə ödəniş cədvəli təqdim olunmuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, alqı-satqı olduğundan evə dair Hüseynov Əli Mətləb oğlunun adına çıxarış almışdır. Gəncə Apellyasiya Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(104)-201/2023 nömrəli qətnaməsi ilə alqı-satqı müqaviləsi ləvğ olunmuşdur. Müqavilə bağlandığı gündən yalan əqd olmuş və buna görə də kredit müqaviləsi etibarsızdır. İddiaçı MMC-nin kredit vermək səlahiyyətinin olmasını təsdiq edən icazəsinin (lisenzya) olub-olmamasıda müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə də ona məlumat verilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsininm məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildimrişdir ki, kredit təşkilatı qeydiyyatdan keçsədə, lakin xüsusi lisenziya verilməmişdir. Nümayəndə2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya gəlməyən cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

24. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. - Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər

40. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24 may 2021-ci il tarixli, 3068 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 13160 manat anuitet qrafik əsasında kredit verilmiş, eləcədə girova 3777 manat dəyərində qızıl-zinət əşyaları götürülmüşdür. Həmçinin tərəflər arasında bağlanmış 26 iyul 2021-ci il tarixli, 30128 nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 21000 manat anuitet qrafik əsasında kredit verilmiş və girova 10000 manat dəyərində daşınmaz əmlak (ev) götürülmüşdür. Sonradan həmin müqavilələr üzrə borclar birləşdirlmiş və İddiaçı MMC ilə Cavabdeh arasında 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsi bağlanaraq sonuncuya 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 34280 manat anuitet qrafik əsasında kredit verilmiş, eləcədə girova 40000 manat dəyərində daşınmaz əmlak (ev) götürülmüşdür. Borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

41. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir.

42. Kollegiya əsas borcun tutulması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsada, lakin 22155,76 manat faiz borcunun tutulması hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır.

43. Belə ki, apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC vergi ödəyiçisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçsədə, lakin gəlir əldə etmək məqsədilə kredit verməsi barədə xüsusi lisenziya almamışdır. Halbu ki, Azərbaycab Respublikası Mülki Məcəlləsinin 740.10. maddəsinə görə, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Göründüyü kimi İddiaçı MMC gəlir əldə etmək məqsədilə xüsusi lisenziya almadan fəaliyyət göstərir. Belə olan təqdirdə verilmiş kreditə görə faiz borcu hesablaması (gəlir məqsədilə) istisna olunur.

44. Tələb olunan 34280 manat əsas borca münasibətdə isə kollegiya hesab edir ki, iddianı həmin hissədə təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətin “Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2(104)-201/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış (kreditin təminatı qismində) alqı-satqı müqaviləsinın ləvğ olunması özlüyündə kreditin verilməsi qismində bağlanan müqavilənin də etibarsiz hesab edilməsini özündə etiva edir” dəlili kreditin verilməsi qismində bağlanan 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsinin etibarsızlığı kimi qiymətləndirilə bilməz.

45. Belə ki, yuxarıda qeyd olunduğu kimi əvvəlki iki maqavilənin birləşdirilməsi nəticəsində İddiaçı MMC ilə Cavabdeh arasında 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsinin bağlanması və 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 34280 manat anuitet qrafik əsasında kredit verilməsi işin mübahisəsiz halıdır. Sonuncuların qarşılıqlı iradə ifadəsi müqavilədə əks olunmuşdur. Əqdlər görnüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadələrini özündə əks etdirir. İradə ifadə olunmalı, yəni bəyan edilməli və müəyyən bir hüquqi nəticəyə yönəldilməlidir. Hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Əqdlər arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi olduğuna görə, şəxsin birbaşa iradəsinin təşəkkülü ilə bağlı şərtlər də mahiyyəti etibarlı ilə ümumi etibarlılıq şərtlərinə daixildir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Goranboy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(045)-55/2024 nömrəli qətnaməsi “Cavabdeh İddiaçı MMC-nin xeyrinə 22155,76 manat məbləğində faiz borcunun tutulması” hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə “Cavabdeh İddiaçı MMC-nin xeyrinə 34280 manat məbləğində əsas borcun tutulması” hissədə dəyişdirilmədən saxlanılmalı, kredit müqaviləsi üzrə cəmi borc 34280 manat müəyyən edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372, 373, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(045)-55/2024 nömrəli qətnaməsi “Cavabdeh İddiaçı MMC-nin xeyrinə 22155,76 manat məbləğində faiz borcunun tutulması” hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə “Cavabdeh İddiaçı MMC-nin xeyrinə 34280 manat məbləğində əsas borcun tutulması” hissədə dəyişdirilmədən saxlanılsın. Kredit müqaviləsi üzrə cəmi borc 34280 manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar