Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-354/2024 11.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-1042/2022 nömrəli qiyabi qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC-nin məktubundan görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 13 iyul 2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Borclu müqavilədən irəli gələn öhdəlikləri icra etmiş və bu səbəbdən 13 iyul 2020-ci il tarixli girov müqaviləsinə əsasən borcluya məxsus qızıl əşyaları 09 dekabr 2020-ci il tarixli aktla qaytarılmışdır.
2. 13 iyul 2020-ci il tarixli, 1823 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 24 ay müddətinə 7512 manat məbləğində kredit verilmişdir.
3. Kredit müqaviləsinə əlavə edilmiş 13 iyul 2020-ci il tarixli, 1823 nömrəli aktın surətindən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə girov qoyulmuş 5 ədəd qızıl qolbaq, 6 ədəd qızıl boyunbağı, 3 ədəd sadə kulon, 3 ədəd sadə dəst, 5 ədəd qızıl üzük və 2 cüt sadə qızıl sırğadan ibarət çəkisi 185 qram olan 32 ədəd qızıl əşyaları 8000 manat dəyərində qiymətləndirilmiş və girov qoyulmuş əşyaların Cavabdeh1 tərəfindən təhvil alınması barədə qeyd aparılmışdır.
4. "xxxx" MMC-nin 22 noyabr 2022-ci il tarixli 0265 nömrəli rəyindən görünür ki, 5 ədəd qolbaq 583/585 əyar, 40 qram-3100 manat, 6 ədəd boyunbağı 583/585 əyar, 55 qram-3380 manat, 3 ədəd dəst (sırğa və üzük) 583/585 əyar 36 qram- 2800 manat, 5 ədəd üzük 583/585 əyar, 30 qram- 2400 manat, 3 ədəd kulon 583 əyar 12 qram-960 manat, 2 cüt sırğa 583/585 əyar 12 qram-960 manat, 1 ədəd saat 583 əyar, 15 qram -800 manat olmaqla, ümumilikdə həmin qızıl-zinət əşyalarının bazar qiyməti 14400 manat təşkil edir.
5. Gəncə şəhər Baş Polis İdarəsinin 19 mart 2021-ci il tarixli qərarından görünür ki, toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmiş və İddiaçı1, X1, X2, Cavabdeh1 ilə aralarında yaranmış pul mübahisəsinə görə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı1 Cavabdeh1 qarşı əmlak tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 15000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onu aldatması ilə bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsinə müraciət etmiş, iş üzrə istintaq aparılsada, lakin cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan şikayət verilsədə cinayət işinin başlanması yenidən rədd olunmuşdur. Ona görə də cavabdehin onu aldadaraq aldığı qızıl əşyalarının dəyəri olan 15000 manatın qaytarılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onu aldadaraq girov qoyduğu qızıl-zinət əşyaları lombardda satılmış və bunun nəticəsində ona maddi ziyan vurmuşdur. Cavabdeh onun etibarından suiistifadə etmiş və aldadaraq pulunu mənimsəmişdir. Lombardla əlaqə saxladıqdan sonra cavabdehin ona məxsus girov qoyduğu qızıl-zinət əşyalarını 15000 manat dəyərində başqa şəxsə satdığını bildirmişlər və bu barədə sübutlar hazırda kreditordadır.
8. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi, vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı1 məxsus dəyəri 3100 manat olan 583/585 əyar, 40 qram çəkidə 5 ədəd qolbaq, dəyəri 3380 manat olan 583/585 əyar, 55 qram çəkidə 6 ədəd boyunbağı, dəyəri 2800 manat, 583/585 əyar, 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük), dəyəri 2800 manat olan 583/585 əyar, 30 qram çəkidə 5 ədəd üzük, dəyəri 960 manat, 583 əyar, 12 qram çəkidə 3 ədəd kulon, dəyəri 960 manat 583/585 əyar, 12 qram çəkidə 2 cüt sırğa, dəyəri 800 manat 583 əyar, 15 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda isə həmin qızıl-zinət əşyalarının dəyəri olan 14400 manat Cavabdeh1 alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-1042/2022 nömrəli qiyabi qətnaməsi ilə (hakim T.Qocayev) iddia tələbi təmin edilərək, Cavabdeh1 İddiaçı1 məxsus olan, dəyəri 3100 manat olan 583/585 əyar, 40 qram çəkidə 5 ədəd qolbaq; dəyəri 3380 manat olan 583/585 əyar, 55 qram çəkidə 6 ədəd boyunbağı; dəyəri 2800 manat, 583/585 əyar, 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük); dəyəri 2400 manat olan 583/585 əyar, 30 qram çəkidə 5 ədəd üzük; dəyəri 960 manat, 583 əyar, 12 qram çəkidə 3 ədəd kulon; dəyəri 960 manat, 583/585 əyar, 12 qram çəkidə 2 cüt sırğa; dəyəri 800 manat 583 əyar, 15 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınıb İddiaçı1 verilməsi qət olunmuşdur.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217, 216-220, 222, 241, 238-245, 357-360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan iddianı təmin etmişdir. Belə ki, məhkəmə iclasında iştirakı təmin olunmamış və buna görədə sübutları təqdim edə bilməmiş, həmçinin şahidləri məhkəməyə dəvət edə bilməmişdir. İddiaçıya məxsus bütün qızıl-zinət əşiyalarının lombarddan götürüb Dilşadın yaxın adamının vasitəsi ilə özünə verilməsini təmin etmişdir. Lakin iddiaçı sonradan qızıl-zinət əşyalarını götürdüyünü inkar etmiş və varlanmaq üçün həmin qızılları yenidən ondan almaq qərarına gəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2020-ci il tarixli, 1823 nömrəli kredit müqaviləsinin təminatı qisminda İddiaçı1 məxsus 5 ədəd qızıl qolbaq, 6 ədəd qızıl boyunbağı, 3 ədəd sadə kulon, 3 ədəd sadə dəst, 5 ədəd qızıl üzük və 2 cüt sadə qızıl sırğadan ibarət ümumi çəkisi 185 qram olan 32 ədəd qızıl-zinət əşyaları Cavabdeh1 tərəfindən kreditorun xeyrinə girov qoymuşdur. İddiaçı1 məxsus 800 manat dəyərində 583 əyarlı 15 qram çəkidə 1 ədəd qızıl saat isə Cavabdeh1 tərəfindən başqa bir lombarda girov qoyulmuşdur. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəlik tam yerinə yeterildiyindən girov qoyulmuş qızıl-zinət əşyaları 09 dekabr 2020-ci il tarixli aktla Cavabdeh1 qaytarılmışdır. Eləcədə digər müqavilə üzrə girov qoyulmuş bir ədəd qızıl saat da Cavabdeh1 tərəfindən girovdan götürülmüşdür. Sonuncu iddiaçıya məxsus qızıl-zinət əşyalarını "xxxx" MMC-dən, eləcədə digər lombarda girov qoyulmuş qızıl saatı girovdan götürsədə, lakin həmin əşyaları sahibinə, yəni İddiaçı1 qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
27. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur.
28. Apellyasiya şikayətinin idiaçıya məxsus bütün qızıl-zinət əşiyalarının lombarddan götürüb Dilşadın yaxın adamının vasitəsi ilə özünə verməsi, lakin iddiaçı sonradan qızıl-zinət əşyalarını götürdüyünü inkar edərək varlanmaq üçün həmin qızılları yenidən ondan almaq istəməsi dəlini kollegiya əsassız sayır. və hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil.
29. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı1 şikayəti əsasında toplanmış HK-1/2202/2020, RM75/2021 nömrəli rədd materialları Gəncə şəhəri Baş Polis İdarəsindən alınmışdır. Material üzrə araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, Dilşad etibar edib müxtəlif formalı qızıl-zinət əşyalarını ona vermiş, o da Dilşadla birlikdə Gəncə mehmanxanasının yanındakı lombarda gedib həmin qızılları girov qoyub 4400 manat götürmüş, təxminən iki ay sonra birlikdə lombarda gedib təqribən 1000 manat ödəyərək qızılların az bir hissəsini girovdan çıxarıb Dilşada qaytarmışdır. 2019-cu ilin payız aylarında pul lazım olduğu üçün qızıl-zinət əşyalarını verməsi üçün yenidən Dilşada müraciət etmiş, o da ona etibar edərək daha əvvəl girovdan çıxardığı qızılları və əlavə qızıl əşyaları vermişdir. Həmçinin 2020-ci ilin əvvəllərində Dilşaddan bir ədəd qızıl saat götürüb həmin saatı da başqa bir lombarda girov qoyub 500 manat götürmüşdür. Göründüyü kimi, İddiaçı1 məxsus 3100 manat dəyərində 583/585 əyarlı 40 qram çəkidə 5 ədəd qolbaq, 3380 manat dəyərində 583/585 əyarlı 55 qram çəkidə 6 ədəd boyunbağı, 2800 manat dəyərində, 583/585 əyarlı 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük), 2400 manat dəyərində 583/585 əyarlı 30 qram çəkidə 5 ədəd üzük, 960 manat dəyərində, 583 əyarlı, 12 qram çəkidə 3 ədəd kulon, 960 manat dəyərində, 583/585 əyarlı 12 qram çəkidə 2 cüt sırğa, 800 manat dəyərində 583 əyarlı 15 qram çəkidə 1 ədəd qızıl saatdan ibarət qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən lonbarda girov qoyularaq kredit (pul) götürməsi onun özünün izahatı ilə təsdiq olunur. İşin qeyd olunan bu halı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində də qeyd olunmuşdur. Belə ki, sonuncu apellyasiya şikayətində iddiaçıya məxsus qızıl-zinət əşyalarını girovdan çıxararaq Dilşadın yaxın adamının vasitəsilə özünə qaytardığını bildirsədə, lakin bu barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-1042/2022 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.