Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-358/2024 04.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-2663/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmədə baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 712 manat əsas, hesablanmış 288 manat cərimə olmaqla, cəmi 1000 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 712 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 178 manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan borc öhdəliyini icra etməmişdir. Cavabdeh öhdəliyini tam olaraq icra etmədiyindən müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında 288 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş qalıq borca dair arayışdan müəyyən olunur ki, 07 sentyabr 2023-cü il tarixinə cavabdehin iddiaçıya 712 manat əsas borc və bu borca hesablanmış 288 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 1000 manat ödənilməmiş borc öhdəliyi vardır. Tovuz Rayon Məhkəməsinin 2(062)-2663/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-2663/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Tovuz Rayon Məhkəməsinin 2(062)-2663/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işə apellyasiya instasniyasında baxılarkən xx.xx.2024-cü il tarixli məlumatın elektron sorğulanmasından müəyyən edilmişdir ki, Cavabdeh ********** saylı VÖEN-lə fərdi sahibkar qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı MMC də vergi ödəyicisi kimi qeydiyyatdadır. İşin hallarına əsasən onlar arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Lakin, birinci instansiya məhkəməsi işin məhkəmə aidiyyatı məsələsini aydınlaşdırmadan, prosessual qanunvericiliyin tələbini pozaraq işə mahiyyəti üzrə baxmışdır. Halbu ki, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Tovuz Rayon Məhkəməsinin 2(062)- 2663/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər: Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tovuz Rayon Məhkəməsinin 2(062)-2663/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2663/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-358/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-358/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver