Məhkəmə qərarları › İş №2(104)-359/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-359/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-359/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh, onun nümayəndəsi (anası) X1 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(023)-1025/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Ağstafa Rayon Notariat Ofisində 20 sentyabr 2019-cu il tarixdə 8İ-5517 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı 25500 (iyirmi beş min beş yüz) manat borc pul almış, həmin borcu 10 noyabr 2019-cu il tarixədək tam ödəyib bitirməsinə söz vermiş, əgər pulun ödənilməsində hər hansı gecikmə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürmüş, belə olduğu təqdirdə İddiaçı onu səlahiyyətli orqanlara, həmçinin məhkəməyə şikayət edə biləcəyini bildirmiş və bu barədə ərizəni imzalamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 25500 manat pulun və 3175 manat əldən çıxmış faydanın, cəmi 28675 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 25500 manat puldan 700 manatının ödənildiyini və cavabdehin ona 24800 manat borcunun qaldığını bildirmiş və qətnamə qəbul edilərkən bunun nəzərə alınmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəllərdən tanıyır və münasibətləri yaxş olmuşdur. Cavabdeh xx.xx.2019-cu ildə ondan 25500 manat borc pul almış, həmin pulu xx.xx.2019-cu il tarixə kimi ödəyib qurtaracağına öhdəlik götürmüş və bu barədə notarial ərizə yazmışdır. Müddətin bitməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməyərək 25500 manat pulu hazırkı vaxtadək qaytarmamışdır. Cavabdehdən dəfələrlə ondan aldığı pulu qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmamışdır. Cavabdeh pulu vaxtında qaytarmadığına görə ona maddi zərər dəymişdir. Əgər həmin pul onda olsa idi o, xeyli gəlir əldə edəcəkdir. Cavabdeh əsassız olaraq onun pulunu saxlamaqla faydalanmışdır. Cavabdeh onun pulunu əsassız olaraq saxlayıb faydalandığına görə ona gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış (1275x2,5 ay= 3175) pul ödəməlidir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.

5. Qazax Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(023)-1025/2022 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 740.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 04 oktyabr 2022ci il tarixli 2(023)-1025/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun İddiaçı heç bir borcu yoxdur. Belə ki, “Tik tok” sosial şəbəkəsində Əli adlı maşın alverçisi ilə tanış olmuş və maşın almaq məqsədilə ona 11000 min və 5000 manat məbləğində pul göndərmişdir. İddiaçını əvvəllər tanımamışdır. Sonradan məlumatı olmuşdur ki, İddiaçı da Əliyə maşın sifariş vermişdir. Bir gün Əli onlara zəng edərək, maşınların gəldiyini bildirmiş və onları Gürcüstanın Poti şəhərinə dəvət etmişdir. O, iddiaçı Sahiblə Poti şəhərinə getmiş və orada oteldə Əli ilə görüşmüşlər. İddiaçı onun yanında Əliyə 15000 ABŞ dolları məbləğində pul vermişdir. Onlar üç gün orada qalmışlar. Sonradan Əli onlara bildirmişdir ki, maşınlar alınmadı və buna görə də Türkiyə Respublikasına gedib pullarını göndərəcək. Sonradan məlum oldu ki, Əli onları aldatmışdır. Bununla bağlı Sahiblə tez-tez danışmışlar. 20 sentyabr 2019-cu ildə İddiaçı Qazax şəhərinə gəlmiş və bildirmişdir ki, Notariusda Əlinin borcu olması ilə bağlı ərizəyə imza etməlidir. O da öz növbəsində əsasını və nəticəsini bilmədən həmin ərizəni vermişdir. Məhkəmə isə qətnamə qəbul edərkən göstərilən halları araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edırık, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, izahatında göstərmişdir ki, Cavabdeh xx.xx.2019-cu ildə ondan (avtomaşın alınması ilə bağlı) 25500 manat borc pul almış, həmin pulu xx.xx.2019-cu il tarixə kimi ödəyib qurtaracağına öhdəlik götürmüş və bu barədə notarial qaydada könüllü olaraq ərizə yazmışdır. Müddətin bitməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Cavabdehdən dəfələrlə ondan aldığı pulu qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmamışdır. Cavabdeh həmin borcdan cəmi 700 manatı poçt vasitəsi ilə ona göndərmiş, qalan borcun isə verməmişdir. O Əliyə pul verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının 10 yanvar 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, maşın ustasıdır. İddiaçıla birlikdə Qazax rayonuna gəlib, Aqili götürüb Gürcüstan Respublikasına getmişlər. Yolda Əli adında bir nəfər də türk vətəndaşını götürüb özləri ilə aparmışlar. Gürcüstan Respublikasının Poti şəhərində oteldə İddiaçı Cavabdeh onun yanında 10000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxt Əli onların yanında olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. Bundan başqa «İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.

30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, işin müəyyən olunmuş faktik hallarına görə, Cavabdeh İddiaçı 25500 manat məbləğində borc almışdır. Tərəflər arasında olan Agstafa rayon notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli razılaşmaya (ərizəyə) əsasən Cavabdeh aldığı həmin borcu 10 noyabr 2019-cu il tarixədək tam şəkildə ödəməli olduğu halda, öhdəliyini icra etməmiş, həmin puldan cəmi 700 manat məbləğində ödəniş etmiş və qalan məbləği geri qaytarmaqdan yayınmışdır. Bundan sonra İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24800 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və məhkəmə iddia tələbini qismən təmin etmişdir.

32. Cavabdeh apellyasiya şikayətinin dəlillərində İddiaçı heç bir borcunun olmadığını bildirsə də, buna dair məhkəmə kollegiyasına sübut təqdim etməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi vəsatət verərək, əlavə sübutların təqdim edilməsi məqsədilə məhkəmə kollegiyasının iclaslarını təxirə saldırmış, lakin, qeyd edilən hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və təmin edilə bilməz.

33. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(023)-1025/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar