Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-364/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 (anası) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(066)-326/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qаrşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabvdehdən 6000 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(040)-62/2022 nömrəli qərardadı ilə həmin məhkəmənin icraatında olan 2(040)-65/2022 nömrəli mülki işin baxılmasında hakim Həsən Qəniyev özü-özünə etiraz etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2022-ci il tarixli 2(104)-844/2022 nömrəli qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin sədri X3 özözünə verdiyi etiraz təmin edilmiş və mülki iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(066)-326/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 380 (üç yüz səksən) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 31 avqust 2019-cu il tarixdə i yaşadığı ünvana gələrək, keçmiş arvadına uşaqlara görə ödəmədiyi alimentə görə, eləcədə əlavə borca düşdüyünə görə 6000 manat borc istəmişdir. O, etiraz etsədə, cavabdeh ona çıxılmaz vəziyyətdə olduğunu bildirmişdir. Həmin vaxt yazı yazmaq qabiliyyəti olmadığı üçün verilmiş borca dair müqavilə bağlanmamışdır. Cavabdehlə birlikdə gələn X2 tərəfindən tərtib olunmuş borc müqaviləsində cavabdehin ondan faizsiz olaraq 6000 manat borc almasına şahid olduğunu qeyd etmişdir. Mirdamət Əsədov tərəfindən yazılan borc müqaviləsini Cavabdeh imzalamışdır. Lakin 3 il müddət keçməsinə baxmayaraq Cavabdeh borcu ödəməmiş və dəfələrlə telefon nömrəsini dəyişdirmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin valideyinlərinə ayrı-ayrılıqda borc vermiş və buna görə onlara məxsus plastik kartlar onda olmuşdur. Cavabdehə vermiş olduğu borcun onun valideyinlərinə heç bir aidiyyəti yoxdur. Cavabdeh 31 avqust 2019-cu il tarixdə ondan borc almış, onun atası Zahid Qasımova isə borcu 2019-cu ilin mart ayında vermişdir. Zahid Qasımovun onda olan kartı, cavabdehlə aralarında olan hüquq münasibətinin yarandığı əvvəlki dövrə təsadüf edir. Ona görədə cavabdehin atasının ona olan borcunun kart ödənişləri hazırki mübahisəyə şamil edilə bilməz. Apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2016-cı ildə iddiaçıdan sələmə 2000 manat borc almış və özünə, eləcədə atasına məxsus kartı ona vermişdir. İddiaçı da həmin kartlardan pul çıxartmışdır. Buna baxmayaraq 2019-cu ildə 6000 manat borc alması barədə iddiaçı ondan qəbz almışdır. Qəbzi yeznəsi Mirdamət yazmış o, da imza etmişdir. Onlara məxsus kartlardan iddiaçı 6000 manat çox pul çıxartmışdır. Atası iddiaçıdan borc almamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 da apellyasiya şikayətini qəbul etməyərək, nünayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsi barədə teleqram göndərmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: X2 tərəfindən yazılmış 31 avqust 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Pənahov X4 Asəf Zahid oğluna 6000 manat borc faizsiz olaraq Mirdamət Əsədovun şahidliyi ilə vermişdir. Borc müqaviləsi 31 avqust 2019-cü il tarixdə tərtib edilərək X2 və Cavabdeh tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 740.1-ci maddələrinə istinadən, iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2. maddəsinə görə isə borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Cavabdeh 2019-cu ildə 6000 manat borc verməsini, sonuncunun isə həmin borcu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, İddiaçı həm iddia ərizəsində həmdə apellyasiya şikayətində borcun ümumiyyətlə qaytarılmamasını qeyd etsədə lakin birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh və onun valideyinlərinə məxsus kartlardan bonkamat vastəsilə pulun çıxarılmasına dair görüntülər və hesabdan çıxarış alınmışdır. Görüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Cavabdeh məxsus kartdan avqust, sentyabr, oktyabr və dekabr 2019-cu ildə, Zahid Qasımova məxsus kartdan isə avqust, dekabr 2019, fevral (iki dəfə), mart, aprel, may aylarında pul İddiaçı tərəfindən çıxarılır. Digər aylar üzrə görüntülər təqdim olunmamışdır. Hesabdan çıxarışdan isə müəyyən olunur ki, Cavabdeh kart hesabına 2019-cu ilin yanvar ayından 2020-ci ilin mart ayına qədər ümumilikdə 3900 manat mədaxil olunub, və həmin məbləğ qeyd olunan dövr üzrə məxaric edilib. Zahid Qasımova məxsus karta isə 2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayına qədər ümumilikdə 4000 manat mədaxil olmuş və həmin məbləğ qeyd olunan dövr üzrə məxaric edilmişdir. İş materiallarında olan əlyazma borc müqaviləsinin 31 avqust 2019-cu il tarixdə yazılması qeyd olunsa da, cavabdeh iddiaçıdan 2016-cı ildə 2000 manat borc almasını, iddiaçının təkidi əsasında qəbz 31 avqust 2019-cu il tarixdə yazılmış və borcun məbləği 6000 manat göstərilmişdir. Cavabdeh və onun atasına məxsus kartların iddiaçıda olması iş materialları eləcə də sorğu əsasında "xxxx" ASC-dən alınmış bankomatdan pulların çıxarılmasını əks etdirən görüntülərlə sübut olunur. 31 avqust 2019-cu il tarixdən 01 aprel 2020-ci il tarixədək Cavabdeh məxsus kartdan 2100 manat, onun atası Zahid Qasımova məxsus kartdan isə 2880 manat, ümumilikdə 4980 manat İddiaçı tərəfindən məxaric edilmişdir. İddiaçı apellyasiya şikayətində cavabdehin atası X6 6100 manat borc verməsini qeys etsə də lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. CD diskdə olan görüntülərdə 31 avqust 2019-cu il tarixdən 01 aprel 2020-ci il tarixlərdə əvvəl və sonrakı dövrlərdə də həmin kartlardan İddiaçı tərəfindən pulun çıxarılması sübut olunur. Bu dövrlər üçün hər iki kartın iddiaçıda olması və kartlara mədaxil edilmiş pulun İddiaçı tərəfindən məxaric edilməsi özlüyündə onu deməyə əsas verir ki, cavabdehin dəlili əsaslıdır. Çünki 31 avqust 2019-cu ildən əvvəl, eləcə də sonrakı dövr üçün iddiaçının Cavabdeh, eləcə də onun atasına borc verməsi sübut olunmur. Bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı tərəfindən hər iki kartdan çıxarılan pulun məbləği 31 avqust 2019-cu il tarixli müqavilədə qeyd olunmçuş 6000 manatdan çox olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini 380 amnat təmin etsə də, lakin cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(066)-326/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-364/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-364/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver