Məhkəmə qərarları › İş №2(104)-366/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-366/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-366/2024 24.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-789/2023 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kürdəmir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 icraatında olmuş HK-1-2603 nömrəli material üzrə 20 dekabr 2022-ci il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan İddiaçı 12 dekabr 2022-ci il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 10 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yerləşən özünə məxsus ferması və heyvanlarının çoban Cavabdeh tərəfindən yandırıldığını göstərməklə, Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İddiaçı ərizəsi əsasında araşdırma aparılmış və izahatlar alınmışdır. İddiaçı izahatında yanğın nəticəsində cəmi 44 (qırx dörd) baş iribuynuzlu heyvanın tələf olduğunu və həmin heyvanlardan 22 (iyirmi iki) başının Siraca, 22 (iyirmi iki) başının da ona məxsus olduğunu, Siraca təxminən 33000 (otuz üç) manat, özünə isə fermanın binası və heyvanlarla birlikdə 50000 (əlli min) manat, Siracla ikisinə ümumilikdə 83000 (səksən üç min) manat maddi ziyan dəydiyini bildirmişdir. Cavabdeh da izahatında yanğın nəticəsində cəmi 44 (qırx dörd) baş iribuynuzlu heyvanın tələf olduğunu və həmin heyvanlardan 22 (iyirmi iki) başının Əlvana, 22 (iyirmi iki) başının da ona məxsus olduğunu, İddiaçı təxminən 50000 manat, özünə isə təxminən 33000 (otuz üç min) manat, ikisinə birlikdə 83000 (səksən üç min) manat maddi ziyan dəydiyini bildirmişdir. İddiaçı 20 dekabr 2022-ci il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 10 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yerləşən özünə məxsus olan ferması və 22 (iyirmi iki) baş irbuynuzlu heyvanlarının həmin fermada çoban işləyən Cavabdeh ehtiyatsızlığı səbəbindən yandığını, Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığını göstərməklə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 10 dekabr 2022-ci ıl tarixdə saat 06:40 radələrində Kürdəmir rayonunun Çöhranlı kənd ərazisində yerləşən, İddiaçı məxsus ferma və 22 (iyirmi iki) baş irbuynuzlu heyvanları həmin fermada çoban işləyən Cavabdeh ehtiyatsızlığından yanaraq İddiaçı xeyli miqdarda maddi ziyan dəymişdir, maddı ziyan dəymiş Qəniyev X6 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh heç bir şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1 maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Kürdəmir rayonu Xırdapay kəndində yaşayan İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

2. 2022-ci ildə Kürdəmir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin icraatında olmuş HK-1-2603 nömrəli material üzrə İddiaçı tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş ərizənin surətindən görünür ki, İddiaçı 10 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yerləşən özünə məxsus olan fermasının və 22 (iyirmi iki) baş irbuynuzlu heyvanın həmin fermada çoban işləyən Cavabdeh ehtiyatsızlığı səbəbindən yandığını, Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığını göstərməklə, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

3. 2022-ci ildə Kürdəmir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin icraatında olmuş HK-1-2603 nömrəli material üzrə araşdırılmış digər sənəd - 10 dekabr 2022-ci il tarixdə Kürdəmir Rayon Yangından Mühafizə Hissəsinin əməkdaşları: daxili xidmət mayoru Ozal Şirinov, daxili xidmət baş çavuşu Orxan Cəbrayılov və daxili xidmət baş çavuşu Elşad Ağamalıyev tərəfindən birgə tərtib edilmiş “Yanğın haqqında ilkin akt”ın təsdiqlənmiş surətindən görünür ki, 10 dekabr 2022-ci il tarixdə 10 dekabr 2023-cü il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndindəki fermada yerləşən tövlənin yanması barədə hissəyə 06:59 - da məlumat daxil olmuş, 08:55-də yanğın tamamilə söndürülmüşdür. Yanğın nəticəsində 39 (otuz doqqquz) baş iribuynuzlu heyvan tələf olmuş, tövlənin tavan hissəsindən 130 kvadratmetr sahə yanıb məhv olmuşdur.

4. 2022-ci ildə Kürdəmir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin icraatında olmuş HK-1-2603 nömrəli material üzrə araşdırılmış digər sənəd - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional dövlət yanğın nəzarəti idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovniki X7 Rayon Polis Şöbəsinin rəisinə ünvanladığı 16 dekabr 2022-ci il tarixli xx/xx- 03417 nömrəli məktubun təsdiqlənmiş surətindən görünür ki, 10 dekabr 2022 - ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndində İddiaçı məxsus fermada baş vermiş yanğın hadisəsi ilə bağlı toplanmış ilkin sənədlər (08 vərəq) materiala əlavə edilməsi üçün aidiyyəti üzrə (sorğu əsasında) Kürdəmir Rayon Polis Şöbəsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Kürdəmir rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin rəisinin Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 13 sentyabr 2023-cü il tarixli 3-22-1-2-30/2- ***-**** saylı məktubda qeyd edilir ki, 10 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yerləşən, Kürdəmir rayonunun Xırdapay kəndinin sakini İddiaçı məxsus fermada baş vermiş yanğın hadisəsi zamanı tələf olmuş malqara ilə bağlı bildiririk ki, 10 dekabr 2022-ci il tarixdən Kürdəmir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Epizootik tədbirlər şöbəsinin baytar həkimi X8 həmin fermada olmuş və bu barədə akt tərtib etmişdir (məktuba müvafiq aktın təsdiqlənməmiş fotosurəti əlavə olunmuşdur).

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ehtiyyatsızlıqdan baş vermiş yanğın nəticəsində mülkiyyətində olan mal-qara tövləsinə və tələf olmuş 22 baş malqaraya görə ona vurduğu ziyana görə 40890 (qırx min səkkiz yüz doxsan) manatın və məhkəmə baxışı üçün ödədiyi 212 (iki yüz on iki) manat dövlət rüsumunun cavabdeh X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, artıq otuz ildən çoxdur ki, Kürdəmir rayonu ərazisində “Elgün” kəndli- fermer təsərrüfatını yaradaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Bu məqsədlə mülkiyyətində və icarəsində 100 (yüz) hektar torpaq sahəsi vardır. Bu torpaq sahəsində 450 kvadratmetr sahəsi olan mal-qara tövləsi və çoban evi inşa etdirmişdir. Təsərrüfatında 22 (iyirmi iki) baş iribuynuzlu damazlıq mal-qaranı Kürdəmir rayonunun Ərəbqubalı kənd sakinlərindən 33000 (otuz üç min) manat müqabilində əldə edərək bəsləmiş, bu mal-qaraya baxmaq üçün çoban qismində Kəlbəcər rayonundan məcburi köçkün olan və Gəncə şəhərində məskunlaşan Cavabdeh aralarında olan şifahi razılaşma əsasında işə götürmüşdür. Aralarındakı razılaşmaya əsasən, cavabdeh özünə məxsus mal-qarası və ailəsi ilə birlikdə onun mülkiyyətində və icarəsində olan torpaq sahəsinə və oradakı çoban evinə köçmüş, həm onun, həm də özünün mal-qarasını bəsləmişdir.10 dekabr 2022-ci il tarixdə səhər saat 7 radələrində Cavabdeh ona mal-qara tövləsinin yanması barədə telefonla məlumat vermiş və o, dərhal hadisə yerinə getmiş, bu zaman mal-qara saxlanılan tövlənin tamamilə yandığını və burada saxlanılan 44 (qırx dörd) baş iribuynuzlu malqaranın yanaraq məhv olduğunu görmüşdür: yanaraq məhv olmuş iribuynuzlu mal-qaranın 22 (iyirmi iki) başının ona, 22 iyirmi iki) baş heyvanın isə cavabdehə aid olduğu müəyyən olundu. Yanğın hadisəsi onun tərəfindən verilmiş məlumat əsasında X5 Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsi və Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən araşdırılarkən yanğının cavabdehin kibritdən istifadəsi zamanı ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilmişdir. Cavabdehin bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 187.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli hesab olunmuş, lakin cavabdehlə aralarındakı razılaşmaya əsasən, ona dəymiş ziyana və tələf olmuş malqaraya görə 33000 (otuz üç min) manat, tövlənin bərpası üçün 4890 (dörd min səkkiz yüz doxsan) manat dəyərində tikinti materiallarının və 3000 (üç min) manat usta pulu, cəmi 40890 (qırx min səkkiz yüz doxsan) manat ziyanın ödənilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. Bundan sonra, o, Kürdəmir Rayon Polis Şöbəsnə ərizə vermiş və baş vermiş hadisə barədə şikayətinin olmadığını bildirmişdir. Bundan sonra onun ərizəsi nəzərə alınaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən, cavabdeh cinayət məsuliyyətindən azad edilmiş və Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqatçısı Səbuhi Kərimov cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 dekabr 2022-ci il tarixli qərar qəbul etmişdir. Bundan sonra cavabdeh sağ qalmış malqarası və ailəsi ilə birlikdə Gəncə şəhərinə getmiş və hal-hazırda orada yaşayır. Razılaşmaya əsasən, cavabdeh ona vurduğu ziyanın əvəzi olan 40890 (qırx min səkkiz yüz doxsan) manatı bir ay müddətində ödəməli idi. Lakin həmin vaxtdan on aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdeh ona vurduğu ziyan üzrə heç bir ödəniş etməmişdir. Buna görə də, o, məhkəməyə müraciət etməyə qərar vermişdir.

8. İddiaçı birinci instansiya məhkəməsinə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin soyadının yanlış yazıldığı üçün Hacıyev əvəzinə Hüseynov qeyd edilməsini xahiş etmişdir.

9. Bundan sonra ilk iddia üzrə Cavabdeh İddiaçı qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 (səkkiz min) manat icarə haqqının, 50.000 (əlli min) manat əsassız olaraq aldığı dəymiş ziyan məbləğinin, 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaranın dəyəri olan 86.500 (səksən altı min beş yüz) manatın, hüquqi xidmət göstərilməsi ilə bağlı vəkilə ödənilən 800 (səkkiz yüz) manatın, ümumilikdə 145.300 (bir yüz qırx beş min üç yüz) manatın İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddiaçının iddia tələbi əsassızdır. Bunu sübut etmək üçün bir hal kifayət edir: İddiaçı özünün iddia tələbinin hüquqi əsası kimi 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Hal-hazırda qeyd olunan həmin qərar bu iş üzrə preyudisial əhəmiyyət daşıyır: həmin qərarda göstərilir ki, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət işi açılmış və o, Cinayət Məcəlləsinin 73- 1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. İşin sübut edilməyə ehtiyacı olmayan halı ondan ibarətdir ki, Cavabdeh fermada baş vermiş yanğın nəticəsində İddiaçı dəymiş ziyanı tam ödəmişdir; əgər dəymiş ziyan tam ödənilməsəydi, işə baxan səlahiyyətli polis əməkdaşı bu qərarı qəbul etməzdi. Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qarşılıqlı iddia tələbi isə əsaslıdır. Qarşılıqlı iddia tələbinin əsaslı olmasını təsdiq edəcək sübutlara istinad etməzdən öncə özü barədə məlumat vermək istəyir, çünki İddiaçı iddia ərizəsində göstərir ki, təsərrüfatında olan 22 (iyirmi iki) baş iribuynuzlu damazlıq mal-qaranı Ərəbqubalı kənd sakinlərindən 33000 (otuz üç min) manat müqabilində əldə edərək bəsləmiş, həmin ma-qaraya baxmaq üçün çoban qismində Kəlbəcər rayonundan məcburi köçkün olan və Gəncə şəhərində məskunlaşan Cavabdeh razılaşma əsasında işə götürmüşdür. O (Cavabdeh), 2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” fakültəsinin bakalavr pilləsində məzun olmuş, 2015 və 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin 5-ci və 6-cı çağırış seçkilərində müstəqil namizəd olmuş, 05 mart 2020-ci il tarixdən fiziki şəxs olaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, özünə məxsus iribuynuzlu heyvanları İddiaçı Kürdəmir rayonunun Çöhranlı kəndinin yaxınlığında yerləşən yatağına çoban kimi deyil, sahibkar kimi aparmışdır. İşçi- çoban sahibkara pul göndərmir; 18 oktyabr 2022-ci il tarixdə İddiaçı “Rabitəbank” kartına 4000 (dörd min) manat pul göndərmişdir. Qarşılıqlı iddia tələbinin faktiki və hüquqi əsasının təsdiqi kimi isə aşağıdakı xüsusatları qeyd edir: İddiaçı yaxın qohumları vəzifədə olduqlarından əhatə dairəsi genişdir, rayonda istənilən orqana təsir etməklə, həmin orqanı qanunsuzluğa vadar etmək imkanına malikdir. O, ilk növbədə Kürdəmir Rayon Polis Şöbəsinin inzibati binasında şəxsən İddiaçı verdiyi 50000 (əlli min) manatı pulu tələb edir, çünki həmin pulu özünün və anasının həyatını düşünərək vermişdir. Əgər pulu məcburiyyət qarşısında qalıb verməsəydilər, hər ikisini Kürdəmirdə ciddi təhlükə gözləyirdi. Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində baş vermiş yanğın hadisəsinin səbəbkarı İddiaçı və ya onun təhriki ilə bu hadisəni törətmiş şəxs və ya şəxslərdir, çünki 09 dekabr 2022-ci il tarixdə İddiaçılə aralarında mübahisə olmuşdur. Mübahisənin səbəbi bu idi ki, Əlvan aralarında əvvəlcədən olan razılaşmanın şərtlərini tam yerinə yetirməmiş, onun icarədar olaraq ərazidə çalışması üçün vəd etdiyi zəruri şəraiti yaratmamışdır. İddiaçılə 2021-ci ilin iyun ayının axırlarında “Facebook” sosial şəbəkəsində işgüzar niyyətlə tanış olmuş, iddiaçıya məxsus yatağın onun tərəfindən bir mövsümlük icraəyə götürülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Belə ki, 24 sentyabr 2022-ci il tarixdə xalası oğlu Nəcəfli Şəhriyar, dostu Cabir Mehralıyev və o, Kürdəmir rayonuna getmiş, onları yolda İddiaçı qarşılamış və “Niva” avtomobili ilə onları yatağa aparmışdır; yatağa gedərkən yolda bir neçə yerdə avtomobili saxlayaraq yataq ərazisi ilə onları tanış etmişdir. Tanış etdiyi ərazi yonca və pambıq sahəsi idi ki, hər biri dediyinə görə 50 (əlli) hektar idi, həmin ərazidə heyvanların otarılmalı olduğunu bildirmiş, 10 hektar nar bağının olduğunu göstərmişdir, həmin ərazinin də otarılacağını qeyd etmişdir. Onlar yatağa baxmış, yataqda elektrik enerjisi yox idi. Şifahi razılığı ondan ibarət oldu ki, 2023-cü ilin yaylaq mövsümü ilə əlaqədar icazənin verildiyi günədək yatağı ona icarəyə verir, bunun qarşılığında isə o, Əlvana 8000 (səkkiz min) manat pul verməli idi. İlkin olaraq Cabir və Şəhriyarın yanında 4000 (dörd min) manatı İddiaçı vermiş, İddiaçı həmin pulu ona görə almışdır ki, yatağa gedən yolu kürüdəcək, işıq çəkiləcək və 50 (əlli) hektar yonca sahəsi suvarılacaqdır. Onun yatağa getməsi hüzrləri ilə əlaqədar bir müddət gecikmiş, Əlvan dəfələrlə zəng edərək onun təcili gəlməsini istədiyini bildirmiş, sonda isə bildirmişdir ki, əgər qalıq 4000 (dörd min) manatı göndərməsə, yatağı başqa şəxsə icarəyə verəcəkdir. O da məcburiyyət qarşısında qalaraq 17 oktyabr 2022-ci il tarixdə “Accessbank”dan 5000 (beş min) manat kredit götürmüş, həmin məbləğin 4000 (dörd min) manatını 18 oktyabr 2022-ci il tarixdə İddiaçı məxsus olan “Rabitəbank” kartına göndərmişdir. 22 oktyabr 2022-ci il tarixdə Samux rayonunun Hacallı kəndində yerləşən fermadan Şəhriyar adlı şəxsin idarə etdiyi “Kamaz” markalı yük avtomobili və qoşqusu ilə birlikdə X2, X9 və onun özünün iştirakı ilə 51 (əlli bir) baş iribuynuzlu mal-qaranı yükləyərək Kürdəmir rayonuna yola düşmüş, onları Kürdəmir rayonunun Çöhranlı kəndinin girəcəyində İddiaçı, oğlu Elnur və adını bilmədiyi digər şəxs qarşılamış, İddiaçı bildirmişdir ki, sahənin suvarılması ilə əlaqədar olaraq yol keçilməz palçıqdır və Kamazın qoşqu ilə dönə biləcəyi yer yoxdur. Məcburiyyət qarşısında qalaraq 51 (əlli bir) baş iribuynuzlu malqaranı “Kamaz” və qoşqusundan düşürərək təxminən 10 kilometrlik məsafəni piyada gedəsi olmuş, 23 oktyabr 2022-ci il tarixdə saat 03:00 radələrində yatağa çatmışlar. Həmin gün səhər saatlarında “Zil” markalı avtomobil gətirərək “Kamaz”da qalan yüklərini və 2 (iki) ton arpanı yatağa gətirmişlər. Həmin “Zil”in daşıma xərcini də o ödəmişdir. Elə ilk mübahisələri də onda yaranmışdır. Belə ki, açıq havada yola baxdıqda görmüşlər ki, Əlvan razılaşmanı şərtini pozub- fermanın yolunu düzəltdirməyib, elektrik xətti çəkilməyib. Bundan başqa, iddiaçının ona bildirdiyi kimi ərazidə 50 (əlli) hektar deyil, 18 hektar yonca sahəsi var idi, 50 ha pambıq sahəsi isə onun deyil, digər şəxsin idi. 10 ha nar bağında isə yer qupquru idi, orada ot-ələfdən əsər əlamət yox idi. Artıq Əlvan tərəfindən aldadıldığını tam başa düşmüşdü, çünki mal-qaranı yemləmək üçün ərazidə heç nə yox idi. 09 dekabr 2022-ci il tarixdə Əlvandan 8000 (səkkiz min) manat pulunu tələb etmiş, Əlvan isə ona bildirmişdir ki, “pul-zad vermirəm, heyvanın gələndə arıq idi, indi isə kökəlib”. Mübahisə bir müddət davam etmiş və İddiaçı çıxıb getmişdir. Həmin günün sabahı məlum yanğın hadisəsi baş vermişdir. Sonradan ona məlum olmuşdur ki, bu, yataqda ilk yanğın deyilmiş, yataqda sayca üçüncü yanğın imiş. Həmin yanğının baş verməsində onun zərrə qədər təqsiri yoxdur. Birincisi, heyvanlar olan tövlədə hər hansı alışdırıcı maddədən istifadə etməyə ehtiyac yox idi, çünki tövlənin döşəmədən tavana qədər hündürlüyü 2 metr, uzunluğu 40 metr və eni 7-8 metr idi, adi vaxtda orada istidən durmaq olmurdu. Hadisə vaxtı yataqda yalnız anası və o olmuşlar. O, heç vaxt siqaret çəkməmişdir, tövləyə girərkən baş fənəri və əl fənərlərindən istifadə edirdi. 09 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kənd sakini Cavid adlı şəxsə məxsus olan fərdi yaşayış evində telefonunu, baş fənərini və əl fənərlərini şarj etdirmişdir. Kibrit və alışqandan yalnız yatağın yaşayış sahəsində qaldıqları evdə sobanın yandırılması üçün istifadə etmişlər. Yanğın hadisəsi baş verən zaman ümumilikdə tövlədə 56 (əlli altı) baş iribuynuzlu heyvan olmuşdur. Həmin heyvanlardan 39 (otuz doqquz) baş ona, 17 (on yeddi) baş isə Əlvana məxsus olmuşdur. Həmin heyvanlardan yalnız 1 (bir) başı sağ çıxmışdır. Yanğın baş verən gün aşkar olundu ki, əslində Əlvanın 17 (on yeddi) baş dediyi mal-qaradan yalnız 8 (səkkiz) başı Əlvana məxsus imiş, digər 9 (doqquz) baş heyvan başqa şəxsə məxsusdur. Ona məxsus 39 (otuz doqquz) baş mal-qaradan 7 (yeddi) başı camış, 32 (otuz iki) baş isə inək cinsinə məxsus olmuşdur. Digər 11 (on bir) baş ona məxsus olan iribuynuzlu mal-qara isə digər tövlədə olduğundan, sağ qalaraq yanmaqdan xilas olmuşlar. Həmin 11 (on bir) baş mal-qara- 2 (iki) baş düyə və 9 (doqquz) baş buzovdan ibarət olmuşdur. İddiaçı iddia ərizəsində 44 (qırx dörd) baş iribuynuzlu malqaranın yanaraq məhv olduğunu göstərir və 44 (qırx dörd) baş iri buynuzlu mal-qaradan 22 (iyirmi iki) başının ona məxsus olduğunu və həmin 22 (iyirmi iki) baş mal-qaranı 33000 (otuz üç min) manata aldığını göstərir. İddiaçının dediklərinin həqiqət olmadığını təsdiq etmək üçün bir neçə məqamı məhkəmənin diqqətinə çatdırmaq istəyir. Birincisi, İddiaçı 22 (iyirmi iki) baş mal-qaranın alınması ilə bağlı fərqli mülahizələr irəli sürür. İddia ərizəsində, 22 (iyirmi iki) baş malqaranı Kürdəmir rayonunun Ərəbqubalı kənd sakinlərindən aldığını bildirir, məhkəməyə təqdim etdiyi Ərəbqubalı kənd bələdiyyəsinin məlumatında isə göstərilir ki, Kürdəmir rayonunun Ərəbqubalı bələdiyyəsinin sədrinin iştirakı ilə Məhərrəmli kəndindən iki-üç gün ərzində təxminən 30000 (otuz min) - 35000 (otuz beş min) manat dəyərində 22 (iyirmi iki) baş iribuynuzlu damazlıq heyvan almışdır. İddaçı İddiaçı Bələdiyyəni qanunsuz məlumat verməyə vadar etmişdir. Yanğın baş verən zaman 44 (qırx dörd) baş deyil, 55 (əlli beş) baş iribuynuzlu mal-qaranın yanaraq tələf olmasının təsdiqi Kürdəmir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Epizootik təbirlər şöbəsinin 10 dekabr 2022ci il tarixdə tərtib etdiyi aktdır. Həmin aktı o, İddiaçı və həmin şöbənin müdiri Nəbi Veyisli şəxsən imzalamışlar. Həmin aktda tələf olan mal-qaranın sayının 55 (əlli beş) baş olduğu müəyyən edilir. Halhazırda onun İddiaçı tələbi 50000 (əlli min) manat polisdə ondan əsassız olaraq aldığı məbləğ, 8000 (səkkiz min) manat icarə haqqı və 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaranın tələf olmasına görə dəymiş ziyan olan 86500 (səksən altı min beş yüz) manatın və vəkilə ödədiyi 800 (səkkiz yüz) manat xidmət haqqının alınıb ona ödənilməsidir. 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaranın hal-hazırki bazar qiymətini real qiymətlərlə göstərmək istəyir. 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaradan 7 (yeddi) başı camış cinsinə məxsusdur, bunlardan 4 (dörd) başı məhsuldar camış, 1 (bir) başı toxumluq kəl, 2 (iki) baş isə kəlçədır. 1 (bir) baş məhsuldar camışın qiyməti-2500 (iki min beş yüz) manat, 1 (bir) baş kəlin qiyməti-3000 manat, 1 (bir) baş kəlçənın qiyməti-750 manat, 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaradan 32 (otuz iki) baş inək olmuşdur. 32 (otuz iki) baş iribuynuzlu mal-qaradan 9 (doqquz) başı üç-dörd illik cöngə, 2 (iki) başı on bir aylıq erkək dana, 21 (iyirmi bir) başı isə boğaz inəklərdir. Üç-dörd yaşlı cöngənin 1 (bir) başının qiyməti-3000 (üç min) manat,1 (bir) baş erkək dana 1500 (min beş yüz) manat, 1 (bir) baş məhsuldar boğaz inək-2000 (iki min) manatdır. Ona görə də cavabdeh tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir.

11. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-789/2023 nömrəli qətnaməsi (hakim Fuad Fərhadov) ilə, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 80, 81, 88 və 216-220-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-789/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və Cavabdeh qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddia tələbinin haqlı olması üçün ilk əvvəl baş vermiş yanğın hadisəsində təqsirinin olmamasını sübut etməlidir. Birinci instansiya məhkəməsində məhkəmə tədqiqatı aparılan zamanı müəyyən olunmuşdur ki, yanğın hadisəsinin təhqiqatda araşdırılması ilə bağlı Cavabdeh Kürdəmir Rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o, fermada baş vermiş yanğın hadisəsini törətdiyini birbaşa etiraf etməmiş, yanğının onun fermada istifadə etmiş olduğu kibritdən yaranmış ola biləcəyini ehtimal etdiyini bildirmişdir. İlk vaxtdan İddiaçı Kürdəmir Polisi ilə əlaqəsi olduğunu bildirmişdir. Bununla bağlı olaraq bütün aidiyyatı orqanlara şikayət ərizələri göndərmişdir. Birinci instansiya məhkəməsində yekun məhkəmə aktı qəbul edildikdən sonra Kəlbəcər Rayon Məhkəməsinə 31.10.23-cü il tarixdə Kürdəmir Rayon Polis Şöbəsindən xx.xx.2023-cü il tarixli, 3-13-5-1/2-2648/2023 saylı məktub göndərilmişdir. Həmin məktubda göstərilir ki, İddiaçı əmlakının tanışı Cavabdeh tərəfindən yandırılmasına dair müraciəti üzrə Kürdəmir Rayon Polis Şöbəsində araşdırılma aparılmış 20 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahtında göstərmişdir ki, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı oğlu Elgün adlı şəxslə 2021-ci ilin iyun ayının axırlarında “Facebook” sosial şəbəkəsində işgüzar niyyətlə tanış olmuş, cavabdehə məxsus yatağın onun tərəfindən bir mövsümlük icarəyə götürülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Belə ki, 24 sentyabr 2022-ci il tarixdə Kürdəmir rayonuna getmiş və yataq ərazisi ilə tanış olmuşlar. Tanış etdiyi ərazi yonca və pambıq sahəsi olmuş, hər biri dediyinə görə 50 (əlli) hektar idi, həmin ərazidə heyvanların otarılmalı olduğunu bildirmiş, 10 hektar nar bağının olduğunu göstərmiş, həmin ərazinin də otarılacağını qeyd etmişdir. Onlar yatağa baxmış, yataqda elektrik enerjisi yox idi. Şifahi razılığı ondan ibarət olmuşdur ki, 2023-cü ilin yaylaq mövsümü ilə əlaqədar icazənin verildiyi günədək yatağı ona icarəyə verir, bunun qarşılığında isə o, İddiaçı 8000 manat pul verməli idi. İlkin olaraq Cabir və Şəhriyarın yanında 4000 manatı İddiaçı vermiş, İddiaçı həmin pulu ona görə almışdır ki, yatağa gedən yolu kürüdəcək, işıq çəkiləcək və 50 (əlli) hektar yonca sahəsi suvarılacaqdır. Lakin, özü həmin sahəyə baxdıqda 19-21 ha ərazi olduğu müəyyən edilmişdir. Bundan sonra da 4000 manatı cavabdehə göndərmişdir. O, həmin əraziyə baxan zaman 8-9 baş mal-qara olmuşdur. Həmin fermada yanğın baş verən günə qədər 50 baş mal-qara olmuşdur. Yanğın baş verən zaman onun 39 baş mal-qarası və cavabdehin isə 16 baş mal-qarası tələf olmuşdur. Bu barədə akt tərtib edilmiş və videogörüntülər çəkilmişdir. O, yanğın baş verən günü sonuncu dəfə mal-qaraları yerləşdirmiş və bayıra çıxmışdır. Yanğının baş vermə səbəbini bilməmişdir. Kürdəmir rayon Polis Şöbəsində verdiyi izahat isə düzgün yazılmamışdır və polis əməkdaşı tərəfindən ona təzyiq olunmuşdur. Lakin, polis orqanın həmin qərarından şikayət verməmişdir. Həmçinin, polis orqanında olan zaman cavabdehə 50.000 manat məbləğində dəymiş ziyana görə pul vermişdir. Buna görə də cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və qarşılıqlı iddia üzrə cavabdehin göstərdikləri xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, artıq otuz ildən çoxdur ki, Kürdəmir rayonu ərazisində “Elgün” kəndlifermer təsərrüfatını yaradaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Bu məqsədlə mülkiyyətində və icarəsində 100 (yüz) hektar torpaq sahəsi vardır. Bu torpaq sahəsində 450 kvadratmetr sahəsi olan mal-qara tövləsi və çoban evi inşa etdirmişdir. Təsərrüfatında 22 (iyirmi iki) baş iribuynuzlu damazlıq mal-qaranı Kürdəmir rayonunun Ərəbqubalı kənd sakinlərindən 33000 (otuz üç min) manat müqabilində əldə edərək bəsləmiş, bu mal-qaraya baxmaq üçün çoban qismində Kəlbəcər rayonundan məcburi köçkün olan və Gəncə şəhərində məskunlaşan Cavabdeh aralarında olan şifahi razılaşma əsasında, cavabdeh özünə məxsus mal-qarası və ailəsi ilə birlikdə onun mülkiyyətində və icarəsində olan torpaq sahəsinə və oradakı çoban evinə köçmüş, həm onun, həm də özünün mal-qarasını bəsləmişdir.10 dekabr 2022-ci il tarixdə səhər saat 7 radələrində Cavabdeh ona mal-qara tövləsinin yanması barədə telefonla məlumat vermiş və o, dərhal hadisə yerinə getmiş, bu zaman mal-qara saxlanılan tövlənin tamamilə yandığını və burada saxlanılan 44 (qırx dörd) baş iribuynuzlu malqaranın yanaraq məhv olduğunu görmüşdür: yanaraq məhv olmuş iribuynuzlu mal-qaranın 22 (iyirmi iki) başının ona, 22 iyirmi iki) baş heyvanın isə cavabdehə aid olduğu müəyyən olundu. Yanğının cavabdehin kibritdən istifadəsi zamanı ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilmişdir. Cavabdehin bu əməli Cinayət Məcəlləsinin 187.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli hesab olunmuş, lakin cavabdehlə aralarındakı razılaşmaya əsasən, ona dəymiş ziyana və tələf olmuş malqaraya görə 33000 (otuz üç min) manat, tövlənin bərpası üçün 4890 (dörd min səkkiz yüz doxsan) manat dəyərində tikinti materiallarının və 3000 (üç min) manat usta pulu, cəmi 40890 (qırx min səkkiz yüz doxsan) manat ziyanın ödənilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. O, Kürdəmir Rayon Polis Şöbəsnə ərizə vermiş və baş vermiş hadisə barədə şikayətinin olmadığını bildirmişdir. Bundan sonra onun ərizəsi nəzərə alınaraq, cavabdeh cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra cavabdeh sağ qalmış 11 baş mal-qarası və ailəsi ilə birlikdə Gəncə şəhərinə getmiş və hal-hazırda orada yaşayır. Razılaşmaya əsasən, cavabdeh ona vurduğu ziyanın əvəzi olan 40890 (qırx min səkkiz yüz doxsan) manatı bir ay müddətində ödəməli idi. Lakin, cavabdeh ona vurduğu ziyan üzrə heç bir ödəniş etməmişdir. Qətnamədən müddəti ötürdüyü üçün apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavbdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, yalnız qarşılıqlı iddianın rədd edilmiş hissəsini mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-789/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə, işin halları ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı məxsus olan Kürdəmir rayonu Çorablı kəndində yerləşən “Elgün” fermer təsərüffatına məxsus mal-qara ferması 24 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin yaylaq mövsümü ilə əlaqədar icazənin verildiyi günədək yatağı icarəyə götürmək barədə şifahi razılığa gəlmişlər. Bundan sonra 10 dekabr 2022-ci il tarixdə cavabdehə məxsus olan malqara fermasında yanğın baş vermiş və bunun nəticəsində 44 iri buynuzlu mal-qaralar yanaraq tələf olmuşdur. Göstərilən hallar Kürdəmir rayon Polis Şöbəsinin cinayət işinin rədd edilməsi barədə qərar ilə də təsdiq olunmuşdur.

46. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

47. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apellyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır.

48. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin).

49. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

50. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır.

51. “M.Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

52. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı olan maddi zərər tələbi ilə bağlı iddiası üzrə, bu xarakterli işlərə baxılarkən ortaya çıxan suallara, (yəni, qarşılıqlı iddia üzrə iddiaçıya maddi ziyan cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi? dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir?) əsaslandırılmış cavab vermişdir.

54. Belə ki, sözügedən 44 iri buynuzlu mal-qaralardan 22-si qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və 22-si isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olması və həmin iri buynuzlu mal-qaraların “Elgün” fermer təsərrüfatına məxsus mal-fermasında yanaraq tələf olması iş materialları ilə öz təsdiqini tapsa da, o vurulan ziyanın məhz cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə hər hansı bir sübut (akt) və s.təqdim edə bilməmişdir.

55. Əksinə, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Kürdəmir rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh verdiyi izahatda baş vermiş yanğının özünün ehtiyatsızlığı nəticəsində baş verə biləcəyini bildirmişdir. Göründüyü kimi, həmin qərarda məxsus mal-fermasında baş vermiş yanğının qarşılıqlı iddiaçının ehtiyatsızlığından baş verməsi qeyd edilmiş, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi isə müəyyən edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmin qərarda izahatının təhrif olunmasını, polis orqanın həmin işdə maraqlı olmasını və s. bildirsə də, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş qərardan prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə şikayət verilməmiş, bununla da həmin qərarda olan hallar barəsində öz razılığını dolayısı ilə ifadə etmişdir.

56. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-nin 106.1-ci maddəsi).

57. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

58. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

59. Göründüyü kimi, işin qeyd olunan halı (təqsirin cavabdehə məxsus olması) cinayət işinin başlanmasının rədd edilməsi haqqında Kürdəmir rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə də təsdiqini tapmamışdır. Həmin qərar isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

60. Belə olan halda məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 39 iri buynuzlu mal-qarasına cavabdehin hərəkətləri nəticəsində tələf olması və sonuncuya 50.000 manat məbləğində pulun verilməsi barədə dəlilləri inandırıcı deyil və əsassız sayır. Çünki, bu barədə qarşılıqdı iddia üzrə iddiaçı tərəfindən məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir.

61. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir.

62. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

63. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

64. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünü idarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. (Mülki Məcəllənin 241.1. və 241.2-ci maddələri)

65. Mülki Məcəllənin 242.2-ci maddəsinə əsasən, istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.

66. «Torpaq icarəsi haqqında» qanunun 10-cu maddəsində torpağın icarəsinə dair müqavilələrin forması müəyyən olunaraq göstərilmişdir ki, dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.

67. Həmin Qanunun 12-ci maddəsinin tələbinə görə torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

68. İş materialları ilə görünür ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmamışdır. Lakin, tərəflər aralarında şifahi qaydada razılığa gəlmişlər və buna görə də qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mal-qara yatağı üçün cavabdehə 4.000 manat ödəniş edilmişdir. Ona görə də qarşılıqlı iddia üzrə iddiaçının cavabdehdən hazırda ödənilmiş icarə haqqını tələb etməsi üçün hüquqi əsaslar yoxdur. Digər tərəfdən isə iddiaçının cavabdehə 4.000 manat verməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qarşılıqılı iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil etmiş, göstərilən hallar və ya dəlilləri təsdiq edən sübutlar məhkəmələrə təqdim edilməməklə, apellyasiya şikayəti formal olaraq verilmişdir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinə əməl olunmuş, tərəflərin hər birinin öz mənafelərini müdafiə etməsi üçün prosessual vasitələrdən real istifadə etmə imkanı yaradılmış, prosesin bütün mərhələlərində tərəflərin iştirakı təmin edilmiş və qətnamə tərəfləri qanunla müəyyən edilmiş qaydada dəvət etməklə, tərəflərin təqdim etdikləri dəlillərlə əsaslandırılmışdır.

71. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

73. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

75. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

76. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 390, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-789/2023 nömrəli qətnaməsi mübahisələndirilən - qarşılıqlı iddianın təmin edilməməsi - hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar