Məhkəmə qərarları › İş №2(104)-371/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-371/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-371/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: borcun ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(125)-4336/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş əlaqə məlumatları əsasında müəyyən olunmuşdur ki, +**********73 mobil nömrə Cavabdeh məxsusdur;

2. Cavabdeh məxsus +**********73 mobil nömrə ilə İddiaçı arasında qeydə alınmış Whatsapp sosial şəbəkə yazışmasından müəyyən olunur ki, iddiaçı cavabdehdən borcunu qaytarmasını tələb edir; Cavabdeh isə iddiaçının bu sözlərinə cavab olaraq bank kartının foto şəklini ona göndərməsini və pulu həmin karta köçürəcəyini bildirir;

3. CD diskə əlavə edilmiş səs yazısı tədqiq edilərək müəyyən olunmuşdur ki, səs yazısı kişi və qadın diktorlar arasında qeydə alınmışdır. Həmin səs yazısında borcun qaytarılması, habelə vaxtında qaytarılmamasının səbəbləri barədə tərəflər arasında danışıq gedir. Kişi diktor qadın diktora deyir ki, «bugünkü günə sənin mənə 600 manat borcun var düzdürmü?» Qadın diktor da cavab olaraq «hə düzdür» deyir. Daha sonra kişi diktor sual verir ki, «sən 600-dən nə qədəri nə vaxt verəcən» Qadın diktor da bildirir ki, «mən sənə 600-ün 50-ni həftənin birinci ya ikinci günü verəcəm, qalanı da hissə-hissə».

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh ilə uzaqdan tanışlıq münasibəti vardır. Cavabdeh 09 oktyabr 2022-ci il tarixində övladının xəstə olmasını və ona dərman almaq üçün pulunun olmadığını bildirimiş və ondan borc pul istəmişdir. O, aralarında olan tanışlıq münasibətinə güvənərək ona 800 manat borc pul vermişdir. Bu günki tarixədək Cavabdeh ona müxtəlif aylarda cəmi 200 manat pul qaytarmışdır. Dəfələrlə onunla telefon əlaqəsi yaratmağa çalışsa da, bəzi hallarda telefona cavab verməmiş, bəzi hallarda Whatsapp sosial şəbəkə üzərindən borc aldığı pulu yaxın zamanda qaytaracağını vəd etmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(125)-4336/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlə aralarında borc münasibətlərinin olması öz təsdiqini tapmışıdr. Tərəfindən məhkəməyə iddia tələbimin əsasını təsdiq edən yazışmalar və səs yazıları təqdim edilsə də, məhkəmə heç bir əsas olmadan iddia tələbini təmin etməmiş və bunun səbəbləri bu gün də ona qaranlıq qalmaqdadır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

21. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 600 manat pul alınıb İddiaçı verilməlidir.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh 800 manat borc verdiyini, sonuncunun borcundan 200 manat ödədiyini, lakin qalıq 600 manat borcu ödəmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

28. Birinci instansiya məhkəməsi sübut yetərsizliyi əsası ilə iddia tələbini təmin etməmiş və əlavə olaraq da qeyd etmişdir ki, iddiaçı tələbini əsaslandırmaq üçün audio yazılar və yazışmalardan çıxarışlar təqdim etmişdir. Yazışmalardan çıxarışlar əsasında cavabdehin iddiaçıya 600 manat borcunun olması müəyyən edilmir. Bundan başqa, “Ruqiyyə” deyə müraciət edilən şəxslə aparılan və 600 manat borcun olmasına dair audio yazıların cavabdehlə aparılması müəyyən edilmir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla balı aşağıdkaıları qeyd edir.

30. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş əlaqə məlumatları əsasında müəyyən olunmuşdur ki, +**********73 mobil nömrə Cavabdeh məxsus olmaqla onun istifadəsindədir. Bununla belə, Cavabdeh məxsus +**********73 mobil nömrə ilə İddiaçı arasında qeydə alınmış Whatsapp sosial şəbəkə yazışmasından müəyyən olunur ki, iddiaçı cavabdehdən borcunu qaytarmasını tələb edir; cavabdeh isə iddiaçının bu sözlərinə cavab olaraq bank kartının foto şəklini ona göndərməsini və pulu həmin karta köçürəcəyini bildirir.

31. Beləliklə, tərəflər arasında qeydə alınmış sosial şəbəkə yazışmasının sistemli tədqiqi nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmış, iddiaçı cavabdehə borca pul vermiş, cavabdeh isə borcu qaytarmaq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir.

32. Eyni zamanda, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında işə əlavə edilmiş CD diskdəki səs yazısı tədqiq edilərək müəyyən olunmuşdur ki, səs yazısı kişi və qadın diktorlar arasında qeydə alınmışdır. Həmin səs yazısında borcun qaytarılması, habelə vaxtında qaytarılmamasının səbəbləri barədə tərəflər arasında danışıq gedir. Kişi diktor qadın diktora deyir ki, «bugünkü günə sənin mənə 600 manat borcun var düzdürmü?» Qadın diktor da cavab olaraq «hə düzdür» deyir. Daha sonra kişi diktor sual verir ki, «sən 600-dən nə qədəri nə vaxt verəcən» Qadın diktor da bildirir ki, «mən sənə 600-ün 50-ni həftənin birinci ya ikinci günü verəcəm, qalanı da hissə-hissə»

33. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 600 manat borc almış, lakin borcunu qaytarmamışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işdəki sənədlərdən göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışı zamanı cavabdehin ünvanına poçt vasitəsilə göndərilmiş sənədlər çatdırılmasa da, lakin məhkəmə iclasının vaxtı və yeri barədə SMS xəbərdarlıq göndərilərək hazırkı iddiaya məhkəmədə baxılması barədə ona qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Buna baxmayaraq, Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə etiraz bildirməmiş, habelə iş materiallarına əlavə edilmiş CD diskdəki səs yazısına və sosial şəbəkə yazışmasına qarşı hər hansı etiraz və ya tələb irəli sürməmişdir. Başqa sözlə, cavabdehin ona qarşı irəli sürülmüş iddianı təkzib edən hər hansı arqumenti olmamışdır.

35. İşin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları hərtərəfli, tam, obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

36. İşdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

37. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(125)-4336/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, cəmi 630 (altı yüz otuz) manat vəsait alınıb İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar