Məhkəmə qərarları › İş №2(104)-372/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-372/2024

19.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-372/2024 19.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qonşuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərə son qoyulma” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qonşuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərə son qoyulma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qeyri-qanuni hərəkətlərinə son qoyulması və qonşuluq hüququnun pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında 1.0864 ha pay torpaq sahəsi var. Qeyd etdiyi 1.0864 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış da verilmişdir. Onlarla birlikdə yaşadıqları Cəyirli kəndində yaşayan Vüqar adlı şəxs öz adına olmuş pay torpaq sahəsini Bərdə şəhər Şərq küçəsi sakini Cavabdeh1 adlı şəxsə satıb. Surxay adlı şəxs pay torpaq sahəsini aldıqdan sonra uzunluğu 500 metrə yaxın, eni təxmini 26 m olan əraziyə setka çəkibdir. O setkanın dibi ilə 18 m məsafəyə 5 sm-dən olan yaşıl ağacı əkib. Ərazinin qalan hissəsinin isə setkadan 0,8 metr aralı müxtəlif ölçülərdə nar ağacı əkib. Nar ağaclarının aralarındaki məsafə təxminən 1-2 metrdən ibarətdir. O isə özünə məxsus olan pay torpaq sahəsində müxtəlif sayda xurma ağacları əkmişdir. Əkdiyi ağaclar 4x5-dir. Eyni zamanda setkadan 2,5 m aralıdır. Lakin Surxay adlı şəxsin əkdiyi ağaclar onun torpaq sahəsi tərəfə keçərək əkdiyi ağacların meyvəsini yararsız hala salır. Surxayın etdiyi səhlənkar hərəkətə görə ildə ən azı ona 500 manatlıq ziyan dəyir və etdiyi hərəkətə görə ağaclar sıx əkildiyindən boyu uzanır, onun ağaclarına kölgə salır. O cənubda yerləşdiyinə görə həmin sırada olan ağacları gün görmür. Surxayın torpaq sahəsində Setkanın dibində əkdiyi gilǝnar ağacı yerin alt hissəsi ilə onun tərəfinə keçərək, onun tərəfində böyüməyə başlayır. Gilənar ağacının bir hissəsi onun torpaq sahəsindən çıxdığı üçün hər il o torpaq sahəsini təmizlədiyi zaman onu da təmizləməli olur. O, torpaq sahəsinə baxa bilmədiyi üçün onun yerinə 75 yaşlı atası baxır. Atası 2022ci ilin sentyabr ayından xəstədir və müalicə olunur. Cavabdeh1 hərəkətlərinə atası əsəb keçirdərək günü-gündən vəziyyəti pisləşir. Həkim atasına işləməyə icazə vermir. Hazırda Surxay pay torpaq sahəsində ağac əkməkdən başqa orada kiçik otel inşa edib. Lakin oteli hələ də istifadəyə verməyibdir. Otel görünməsin deyə isə setkanın dibi ilə qarşıdan hörgü çəkdirib. Surxayın bağı cənubda yerləşdiyinə görə onun su arxı Cavabdeh1 setkasının yanı ilə gedir. Boyu isə təxminən 500 m-ə yaxındır. Payızda şimaldan əsən külək həmin arxı xəzəllə doldurur. Onun setkası olmasa, ora xəzəl yığışa bilməz. 2022-ci ilin fevra ayında fəhlə ilə ağaca kübrə verirdilər. Fəhlə arxın içindəki xəzəli yandırdı. Narın xəzəli arxa töküldüyünə görə od aldı. Yanğın bir anın içində qonşu tərəfə keçdi və onun tikdiyi binaya tərəf gedirdi. Yanındakı adam çətinliklǝ Surxay tərəfə keçdi və alovu söndürməyə başladı. Bundan başqa bağda nə qədər kəsilmiş ağac varsa onun pay torpaq sahəsinin qıraq hissəsinə yığıbdır. Əgər onlar od alsaydı, onları söndürmək mümkün olmazdı. Arxın xəzəlini təmizləmək üçün onlar arxa su buraxdılar. İslanmış xəzəl ağır olsa da, onlar onu çətinliklə öz tərəflərinə atdılar, sonra yeri suvardılar. Xəzəl quruyandan sonra külək onu təkrar arxa doldurdu. Cavabdeh Surxay bağdan heç bir gəlir götürmür və onun bağın gəlirinə heç bir ehtiyacı yoxdur. Setkanın yanında əkdiyi ağac çəpər xarakteri daşıyır. Surxayın bağı barıt çəlləyidir. Bir mərdiməzar onun tərəfindən ora od vursa, ona kim cavab verəcək. Pay torpağını ona görə veriblər ki, insanlar əksinbiçsin ərzaq bolluğu yaratsın. Torpaqdan istifadə etməyənin əlindən torpaq alınmalıdır. O, setkadan neçə metr aralı ağac əkmişdirsə, o da o qədər məsafədə ağac əksin ona ziyanlıq vurmasın. Hər ağacın öz ara məsafəsi olmalıdır. O bağına elektrik xətti çəkib, o da onun bağının içindən keçir. Çəkilən xətt o qədər aşağıdır ki, o ağacların ortasından keçir. Bu da insanın həyatı üçün təhlükəlidir. Dəfələrlə deməyinə baxmayaraq o heç nəyə məhəl qoymur. Buradan da görünür ki, cavabdeh qonşuluq hüququnu pozmuşdur. Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsi ilə (hakim F.Babaşov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qonşuluq hüququnun pozulması” tələbinə dair iddiasının rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o cavabdehlərə qarşı qonşuluq hüququnun pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizəsinə təkzib edilməz dəlillər və sübutlar əlavə etmişdir. Lakin buna baxmayaraq hakim qarşı tərəfin marağına uyğun sözlərini sübut kimi qəbul edərək ərizəni təmin etməmişdir. Qeyd edir ki, kənd bələdiyyəsinin verdiyi arayışda aydın şəkildə gördüyü işlər qeyd edilmişdir. Ara məsafəni qarşı tərəf gözləməmişdir. Bir sözlə sərhəd zolağının üstündə 5 santimetrdən bir ağac əkilmişdir. O isə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onlarla birlikdə yaşadığları Cəyirli kəndində yaşayan Vüqar adlı şəxs öz adına olmuş pay torpaq sahəsini Bərdə şəhər Şərq küçəsi sakini Cavabdeh1 adlı şəxsə satıb. Surxay adlı şəxs pay torpaq sahəsini aldıqdan sonra uzunluğu 500 metrə yaxın, eni təxmini 26 m olan əraziyə setka çəkibdir. O, setkanın dibi ilə 18 metr məsafəyə 5 sm-dən olan yaşıl ağacı əkib. Ərazinin qalan hissəsin isə setkadan 0,8 m aralı müxtəlif ölçülərdə nar ağacı əkib. Nar ağaclarının aralarındakı məsafə təxminən 1-2 metrdən ibarətdir. O isə özünə məxsus olan pay torpaq sahəsində müxtəlif sayda xurma ağacları əkmişdir. Əkdiyi ağaclar 4x5-dir. Eyni zamanda setkadan 2,5 metr aralıdır. Lakin Surxay adlı şəxsin əkdiyi ağaclar onun torpaq sahəsi tərəfə keçərək əkdiyi ağacların meyvəsini yararsız hala salır. Surxayın etdiyi səhlənkar hərəkətə görə ildə ən azı ona 500 manatlıq ziyan dəyir və etdiyi hərəkətə görə ağaclar sıx əkildiyindən boyu uzanır, onun ağaclarına kölgə salır. O cənubda yerləşdiyinə görə həmin sırada olan ağaclarını gün görmür. Surxayın torpaq sahəsində Setkanın dibində əkdiyi gilənar ağacı yerin altı ilə onun tərəfinə keçərək, o tərəfdə böyüməyə başlayır. Gilənar ağacının bir hissəsi onun torpaq sahəsindən çıxdığı üçün hər il o torpaq sahəsini təmizlədiyi zaman onu da təmizləməli olur. İşə baxan hakim isə heç bir ekspertiza təyin etmədən sadəcə cavabdehin dediyi sözlərə uyğun olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 qeyriqanuni hərəkətlərinə son qoyulması və qonşuluq hüququnun pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etsə də cavabdehin qanunsuz hərəkətləri ilə bağlı onun üzərinə qoyulmalı olan vəzifəni və ya qonşuluq hüququ ilə bağlı hansı təsirlərin qadağan edilməsini konkret olaraq iddia tələbində qeyd etməmişdir ki, bununla da iddiaçının tələbi qeyri-müəyyən olmuşdur. Halbuki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinin tələbinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə əsasən isə iddia ərizəsində iddiaçının tələbi göstərilməlidir. İddiaçının iddia ərizəsində göstərilən cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və qonşuluq hüququnun pozulmasına dair qətnamə qəbul edilməsi tələbi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə cavab verməməkdədir. Belə ki, iddiaçının qeyd olunan tələbləri qonşuluq hüququ və qanunsuz hərəkətlər qismində ümumi anlayışlar olmaqla, konkret olaraq icra edilməli olan hər hansı bir hərəkəti nəzərdə tutumamaqdadır. Nəzərə alınmalıdır ki, iddiaçının irəli sürdüyü tələblərin təmin edilməsi halında həmin qətnamənin icrası da qeyri-müəyyən olmaqla, mümkünsüz olacaqdır. Birinci instansiya məhkəməsi isə iddiaçının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə riayət etmədən iddia ərizəsini məhkəməyə təqdim etməsini nəzərə almayaraq, Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsini icraata qəbul etmədən geri qaytarmalı olduğu, iddia ərizəsini icraata götürdüyü təqdirdə isə iddiaçıdan qeyd olunan nöqsanları aradan qaldırmaqla iddia tələbini dəqiqləşdirməsini təklf etməli olduğu, nöqsanlar aradan qaldırıldıqdan sonra işə baxmalı olduğu halda, faktiki olaraq mövcud olmayan tələb üzrə işə mahiyyəti üzrə baxmaqla, prosessual qanunvericiliyin tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən nöqsaların apellyasiya icraatı qaydasında aradan qaldırılması mümkün deyildir. Belə ki, brinci instansiya məhkəməsi tərəfindən baxılmamış tələb üzrə apellyasiya baxışı istisna olunmaqdadır. Buna görə də Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, hazırkı qərardadda göstərilənləri nəzərə alaraq, yenidən ümumi əsaslarla məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.12 və 384.0.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad qəbul edilsin. İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar