Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-372/2025 06.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(013)-1019/2024 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4510,85 manat əsas, 747,96 manat faiz, 2729,04 manat cərimə, cəmi 7987,85 manat və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödnilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(013)-1019/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mahir Niftalıyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2542,48 manat əsas, 422,62 manat faiz, 10 manat cərimə - cəmi 2975 (iki min doqquz yüz yetmiş beş) manat 10 (on) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 100 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın əsas borc tələbinin qalan 1968,37 manat hissəsi, faiz borcu tələbinin qalan 325,34 manat hissəsi və cərimə borc tələbinin qalan 2719,04 manat hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(013)-1019/2024 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert tərəfindən borcun məbləği düzgün hesablanmamış, iş materiallarına əlavə edilmiş müqavilə üzrə hesabdan çıxarışlarda cavabdehlər tərəfindən ödənilmiş məbləğin hansı qaydada silindiyi açıq-aydın göstərilsə də, borc məbləği düzgün hesablanmamışdır. Çünki cavabdehlərin gecikdirilmiş borca görə ödədikləri məbləğlərin cərimə borcuna silindiyi məlum olsa da, ekspert həmin məbləğləri əsas və faiz borcundan çıxaraq rəyi tərtib etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(013)-1019/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(013)-1019/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(013)-1019/2024 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsini mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsini edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirən hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarınba əlavə edilmiş: xx.xx.2021-ci il tarixli kredit sazişinin və həmin tarixli İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri barədə müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22 faizlə 30000 manat kredit verilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə, sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya olan borcu 4510,85 manat əsas, 747,96 manat faiz, 2729,04 manat cərimə təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli 9/5998 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə olan əsas borcu 2542,48 manat, faiz borcu 422,62 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kreditləşmə və xidmət şərtləri barədə müqaviləyə əsasən, iddiaçı Bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 22 faizlə, 30.000 manat məbləğində məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər Cavabdeh2 arasında müqavilə bağlanmış və o, Cavabdeh1 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə öhdəliyi icra edəcəyini üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, kreditin əsas məbləğini və ona hesablanmış faizləri tam və vaxtında ödəməmiş, nəticədə iddiaçı Banka borclu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə və iş üzrə keçirilmiş ekspertiza rəyinə istinad etməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2542,48 manat əsas, 422,62 manat faiz borcu tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında kredit müqaviləsi 24 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək olan müddət üçün bağlanılmışdır. İşdə olan müvafiq ekspertiza rəyi ilə müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) əsas borc üzrə 2542,48 manat, faiz borcu üzrə 422,62 manat borcu qalmışdır. Həmin rəylə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli kreditləşmə və xidmət şərtləri barədə müqavilə üzrə banka xx.xx.2024-cü il tarixədək 34682,07 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 27457,52 manatı əsas borca, 7224,55 manatı isə faiz borcuna silinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Göründüyü kimi, əldə edilmiş ekspert rəyi ilə Cavabdeh1 əsas borc üzrə 2542,48 manat, faiz borcu üzrə 422,62 manat borcunun olması müəyyən edilmişdir ki, bu da iddiaçının apellyasiya dəlillərinin əsassız olmasına dəlalət edir. Həmin rəyin mötəbərliyi heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası iddianın təmin edilməyən cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, Bank tərəfindən gecikdirilmiş günlərə görə cavabdehlərə hesablanmış 2729,04 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Ona görə də, borclunun əsas və faiz borcunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını, həmçinin kreditorun da əmlak mənafelərini nəzərə alaraq, əsas və faiz borcuna adekvat məbləğdə, yəni 10 manat məbləğində cərimə tutulmasını ədalətli və qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissəədə düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(021)-844/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(013)-1019/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-372/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-372/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver