Məhkəmə qərarları › İş №2(104)-375/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-375/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-375/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi cavabdeh X1 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(021)-1438/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X4 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 6 aya yaxındır ki, tanıyır. Onların münasibəti yaxşı olmuşdur. Müxtəlif vaxtlarda cavabdehə 500 və 600 manat olmaqla, cəmi 1100 manat borc pul vermişdir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də o, bundan imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(021)-1438/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia təmin edilərək, Cavabdeh 1100 manat (min yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 510307******8249 nömrəli kart hesabına 500 manat pul mədaxil olunmuşdur. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 5******8249 nömrəli kart hesabına 600 manat pul mədaxil olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri. Bərdə Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(021)-1438/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(021)-1438/2022 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borc pulu İddiaçı Həsənov Süleyman vastəsilə istəmiş, Tural da kart vasitəsilə onun hesabına köçürmüşdür. Qeyd olunan pulu almış, lakin sonradan 500 manat hissəsinin əvəzinə faizi ilə birlikdə 650 manat məbləğində pulu Həsənov Süleyman vasitəsilə geri qaytarmışdır. Onun İddiaçı cəmi 600 manat borcu qalmışdır. Həmin məbləği isə hissə-hissə ödəməyə hazırdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi cavabdeh X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Həsənov Süleyman adlı şəxsi isə şahid qismində məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayənədsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab ki, Bərdə Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(021)-1438/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi kredit müqaviləsi bağlanaraq, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə isə 600 manat borc Cavabdeh kart hesabına köçürmə yolu ilə verilmiş, cavabdeh isə həmin məbləğləri geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borc məbləğinin 500 manat hissəsini Həsənov Süleyman adlı şəxs vasitəsi ilə geri qaytardığını iddia etsə də həmin şəxsi məhkəməyə şahid qismində təqdim edə bilməyəcəyini bildirməklə, yanaşı borcun geri qaytarılması ilə bağlı başqa hər hansı bir sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavadbeh birinci instansiya məhkəməsində borc məbləğinin tamamı ilə geri qaytarması barədə izahat versə də apellyasiya şikayətində borc məbləğini qismən geri qaytardığını bildirmişdir ki, bununla da cavadbehin izahatları arasında ziddiyyət də mövcud olmuşdur. Beləliklə, birinci instasniya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, cavadbehin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Buna görə də Bərdə Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(021)-1438/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Bərdə Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(021)-1438/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(021)-1438/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar