Məhkəmə qərarları › İş №2(104)-375/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-375/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-375/2024 12.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(023)-393/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1500 manat dəyərində bir cüt brilyant qaşlı sırğa, 1000 manat dəyərində bir ədəd brilyant qaşlı bilərzik, 3300 manat dəyərində bir ədəd 33 qramlıq qızıl boyunbağı, 500 manat dəyərində bir cüt 8 qramlıq sırğa, 500 manat dəyərində bir ədəd 10 qramlıq hörmə qızıl bilərziyn, qızıllar olmadığı təqdirdə onların dəyəri olan 6500 manatın və əldən çıxmış fayda kimi 2000 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Qazax Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(023)-393/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilərək, Cavabdeh 1500 manat dəyərində bir cüt brilyant qaşlı sırğa, 1000 manat dəyərində bir ədəd brilyant qaşlı bilərzik, 3300 manat dəyərində bir ədəd 33 qramlıq qızıl boyunbağı, 500 manat dəyərində bir cüt 8 qram çəkidə sırğa, 500 manat dəyərində bir ədəd 10 qram çəkidə hörmə qızıl bilərzik, həmin qızıllar olmadığı təqdirdə qızıl-zinət əşyalarının dəyəri olan 6500 manat pulun alınaraq İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab:AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Evdə tək yaşadığına görə kimisə yanına almaq qərarına gəlmiş və bununla bağlı tanıdığı adamlara xəbər vermişdir ki, yaxın adam olsa, yalnız kommunal xərci ödəmək şərti ilə gəlib onun yanında yaşasın, başqa heç bir tələbi yoxdur. 2021-ci ilin oktyabr ayında Qazax rayonu Kəmərli kənd sakini Cavabdeh 7 uşağı ilə birlikdə onun evinə gəlmiş və onların onun evində qalmasına etiraz etməmişdir. Bundan sonra cavabdehlə tanışlıqları başlamış, sonuncu özünü səmimi, mehriban apardığına görə ona öz qızı kimi münasibət göstərmişdir. Noyabr ayında o gözlərini müayinə etdirmək üçün Bakı şəhərinə getmişdir. Həkimlər gözlərində mirvari suyu olduğunu və əməliyyat olunmağını məsləhət görmüşlər. O, gözlərini əməliyyat etdirmək üçün özünə məxsus qızılları satmaq məqsədilə rayona qayıtmışdır. Bunu bilən Cavabdeh həmin qızılları satın almaq istədiyini bildirmişdir. Cavabdeh ondan bir cüt brilyant qaşlı sırğa, bir ədəd brilyant qaşlı bilərzik, bir ədəd 33 qramlıq qızıl boyunbağı, bir cüt 8 qramlıq sırğa və bir ədəd 10 qramlıq hörmə qızıl bilərziyi götürüb qızılları yoxlatmağa aparmış, qayıtdıqda həmin qızıllara zərgərin 6500 manat qiymət qoyduğunu bildirmişdir. O cavabdehə inanmış və həmin qiymətə qızılları satmağa razılaşmışdır. Cavabdeh 5 günə qızılların pulunu verəcəyini bildirmişdir. Vaxt tamam olduqda cavabdeh müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmış və Bakı şəhərinə getmək adı ilə evdən çıxmışdır. Cavabdeh ona Bakıdan pulunu göndərəcəyini vəd etsə də, bu günə kimi pulunu qaytarmamışdır. Cavabdeh pulunu və qızıllarını tələb edərkən sonuncu əvvəllər şirin dillə onu aldatsa da, artıq ona hədə-qorxu gəlməyə başlamışdır. Qızıllarını cavabdehə verəndə heç kimə məlumat verməmişdir. Uşaqlarının bundan çox sonra xəbəri olmuşdur. Cavabdeh onun yaşlı olmasından və etibarından suiistifadə edərək qızıllarını almış, pulunu isə verməmişdir. İş materiallarında olan: İş materiallarındakı CD diskdəki səs yazıları dinlənilərkən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı göndərdiyi səs yazılarında qızıl-zinət əşyalarından bəhs olunur. Səs yazılarından birində bunlar qeydə alınmışdır: Sənin mənə verdiyin qızıllar bax budur. Kağızları və dəftərləri var. Bircə sepin və bilərziyin şəkli yoxdur. Onların şəkli də o biri telefondadır və şəklini çəkib göndərəcəm sənə. Bu qızılların qramını hesabla gör ümumilikdə 5000-6000 manat pul çıxardacaqmı? Hamsını artıqlaması ilə götürdüm səndən. Rast ki, belədirsə, həftənin ikinci günü qızılların hamsını gətirib çatdıracam. Gətirib qızıllarını verəcəm görüm, sən onları 6000 manata sata biləcənmi. Amma mən qızılları səndən artıqlamasıyla, iki qat artığına götürdüm. Digər səs yazısında bunlar qeydə alınmışdır: Rəna xala, xoşuma gəlmir ki, onun-bunun sözü ilə kimsə mənə hörmətsizlik etsin. Qızın məndən şikayət edib qızılları istəyəcək? Mən də aparıb qızılları qoyacam stolun üstünə. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023cü il tarixli 9/3430 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyaları nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8000 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətlərini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır; Qazax rayon sakini Cavabdeh şikayət məktubu əsasında Sarkazm.az sosial şəbəkə səhifəsində paylaşılmış xəbər paylaşımından görünür ki, Cavabdeh intihar həddinə çatdırılması barədə adı qeyd olunan sosial şəbəkə səhifəsinə müraciət ünvanlamışdır. Cavabdeh müraciətində qeyd etmişdir ki, “15 oktyabr 2020-ci il tarixdə Qazax şəhərində X2 məxsus evdə kirayə yaşamağa başlamışdır. Heç bir rəsmi sənəd olmadan aralarında olan şifahi razılaşmaya əsasən Rəna xanıma ayda 100 manat kirayə haqqı və istifadə etdiyi kommunal xidmətləri ödəməli olmuşdur. Bu minvalla bir neçə ay adı qeyd olunan qadına məxsus evdə övladları ilə birlikdə yaşamışdır. 10 mart 2021-ci il tarixdə həmin evdən kirayədən çıxmışdır. Kirayədə qaldığı müddət ərzində evin sahibi İddiaçı qızıl-zinət əşyalarını satdığını bildirmişdir. Sonuncuya məxsus qızılları yoxlatmışdır, qızıllar 45 qram çəkidə olmuşdur. Qızılların bir qramını 71 manatdan və pulunu hissə-hissə ödəmək şərtilə aralarında razılaşmışlar. Ümumilikdə qızıla görə 3200 manat pul ödəməli imiş. İlkin olaraq qızılların pulundan 2000 manat ödəmiş, yerdə qalan məbləği isə kirayədən çıxandan sonra bir dəfə 800 manat, ikinci dəfə isə 400 manat olaraq ödəmişdir”. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunması hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla iddiaçı arasında qızıl-zinət əşyalarının nisyə satışı barədə razılaşma olmamış, nə də onun tərəfindən iddiaçıya hər hansı səs yazısı göndərilməmişdir. Qanunvericiliyin tələbinə əsasən nisyə alqı-satqı müqaviləsi birmənalı olaraq rəsmiləşdirilməlidir. Tərəflər arasındakı hüquqların və vəzifələrin əmələ gəlməsi müqavilənin şərtləri ilə bağlı olmalı, eyni zamanda bu münasibətlərdən yaranmış mübahisə məhkəmə tərəfindən həmin müqavilənin şərtləri çərçivəsində həll edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə təqdim etdiyi audio diskdəki səs yazılarının ona məxsus olmadığı halda belə hesab etmişdir ki, guya həmin səs yazıları ona məxsusdur. Apellyasiya şikayəti üzrə izahatlar: Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh onun evində kirayədə qalmışdır. Öz evində tək yaşadığı üçün Cavabdeh kirayə haqqı almamışdır. Gözünün əməliyyatı ilə əlaqədar qızıllarını satmaq qərarına gəlmişdir və Cavabdeh təklif etmişdir ki, qızıllarını ona satsın. Cavabdeh özü qızılzinət əşyalarına qiymət qoyduraraq qızılların ümumi dəyərini 6500 manat olduğunu bildirmiş, oda həmin bəbləğə qeyd olunan qızılları həmin qiymətə ona satmağa razılaşmışdır.. Aralarında olan razılığa əsasən Cavabdeh qızıl-zinət əşyalarının dəyərini dörd-beş günə ona ödəməli idi. Lakin cavabdeh qızılların dəyərini ona ödəməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Apellyasiya baxışının hədlərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunması hissədə mübahisələndirmişdir. Qətnamə digər, yəni iddianın təmin olunmamış hissəsində mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissə üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı özünə məxsus bir cüt brilyant qaşlı sırğa, bir ədəd brilyant qaşlı bilərzik, bir ədəd 33 qramlıq qızıl boyunbağı, bir cüt 8 qramlıq sırğa və bir ədəd 10 qramlıq hörmə qızıl bilərziyi ümumilikdə 6500 manat müqabilində nisyə şəkildə Cavabdeh satdığnı, lakin sonuncunun həmin əşyaların dəyərini ona ödəmədiyini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, onunla iddiaçı arasında qızıl-zinət əşyalarının nisyə satışı barədə razılaşma olmamış, nə də onun tərəfindən iddiaçıya hər hansı səs yazısı göndərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Qazax rayon sakini Cavabdeh şikayət məktubu əsasında Sarkazm.az sosial şəbəkə səhifəsində paylaşılmış məlumatlardan görünür ki, Cavabdeh intihar həddinə çatdırılması barədə adı qeyd olunan sosial şəbəkə səhifəsinə müraciət ünvanlamışdır. Cavabdeh müraciətində qeyd etmişdir ki, “15 oktyabr 2020-ci il tarixdə Qazax şəhərində X2 məxsus evdə kirayə yaşamağa başlamışdır. Heç bir rəsmi sənəd olmadan aralarında olan şifahi razılaşmaya əsasən Rəna xanıma ayda 100 manat kirayə haqqı və istifadə etdiyi kommunal xidmətləri ödəməli olmuşdur. Bu minvalla bir neçə ay adı qeyd olunan qadına məxsus evdə övladları ilə birlikdə yaşamışdır. 10 mart 2021-ci il tarixdə həmin evdən kirayədən çıxmışdır. Kirayədə qaldığı müddət ərzində evin sahibi İddiaçı qızıl-zinət əşyalarını satdığını bildirmişdir. Sonuncuya məxsus qızılları yoxlatmışdır, qızıllar 45 qram çəkidə olmuşdur. Qızılların bir qramını 71 manatdan və pulunu hissə-hissə ödəmək şərtilə aralarında razılaşmışlar. Ümumilikdə qızıla görə 3200 manat pul ödəməli imiş. İlkin olaraq qızılların pulundan 2000 manat ödəmiş, yerdə qalan məbləği isə kirayədən çıxandan sonra bir dəfə 800 manat, ikinci dəfə isə 400 manat olaraq ödəmişdir”. Beləliklə, həmin xəbər paylaşımı ilə müəyyən olunmuşdur ki, həqiqətən də Cavabdeh İddiaçı nisyə qızıl-zinət əşyaları almışdır. Bununla yanaşı Cavabdeh qeyd edir ki, qızılların dəyəri 3200 manatı iddiaçıya ödəmişdir. İşin qeyd olunan halını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Onunla iddiaçı arasında qızıl-zinət əşyalarının nisyə satışı barədə razılaşma olmamışdır” barədə Cavabdeh apellyasiya şikayətinin dəlili əsassızdır və həmin dəlil cavabdehin formal mülahizələrinə söykənir. Qızıl-zinət əşyalarının dəyəri ilə bağlı cavabdeh tərəfin apellyasiya şikayətində hər hansı arqumenti olmadığından məhkəmə kollegiyası həmin hissə üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etməmişdir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Kollegiya göstərir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən qızılların nisyə şəkildə cavabdehə satılması sübuta yetirildiyinə görə, həmin qızıl-zinət əşyalarının dəyərinin ödənilməsini sübut etmə öhdəliyi də Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Lakin, cavabdeh tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və göstərilən halı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarının dəyərinin ödənilməsini təsdiq edəcək sübutun təqdim edilməsinə şərait yaradılması məqsəsilə apellyasiya baxışı zamanı işə baxılması dəfələrlə təxirə salınmış, lakin cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmiş, o cümlədən kollegiyanın iclaslarına da gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin sadalanan faktiki halları ağlabatan məhkəmə mühakiməsi əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlməyə əsas verir. Yəni, mübahisə predmeti olan qızıl-zinət əşyaları İddiaçı Məhərrəm qızı tərəfindən Cavabdeh nisyə şəkildə satılmış, lakin sonuncu həmin əşyaların dəyərini iddiaçıya ödəməmişdir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(023)-393/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar