Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-375/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: alimentin artırılması tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 2(015)-935/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 21 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qazax Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(023)-595/2018 saylı qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 25 avqust 2015-ci ildə anadan olmuş Məhəmməd və Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra sonra ayda hər uşaq üçün 130 manat, cəmi 260 manat alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir;
2. Gəncə Apellyasiya Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 2(104)-2223/2018 saylı qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin 2(023)-595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
3. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 20 iyun 2024-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı mediyasiya prosesi baş tutmamışdır;
4. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində gəlir məlumatları üzrə çıxarışın surətindən görünür ki, o, “Respublika Təcili və X3 Mərkəzi” X6 təcili yardım həkimi vəzifəsində işləməklə 1370 manat, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə baş həkim vəzifəsində işləməklə 180 manat əmək haqqı alır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit məbləğdə aliment alınıb ona verilməsi, ödənilmiş mediasiya xərcinin 25 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki uşaqları vardır. Cavabdehlə 2016-cı ildə ayrılmışlar və Qazax Rayon Məhkəməsinin 2(023)-595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsinə əsasən onun alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş və cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün 260 manat aliment tutulması qət edilmişdir. Hazırda təyin olunan 260 manat alimentlə uşaqların tələbatını təmin edə bilmir. Belə ki, uşağının birinin ayağında problem var və ancaq ortopedik ayaqqabı geyinməlidir. Hazırda həmin ayaqqabının qiymət isə 140-160 manat aralığındadır.
7. Ağstafa Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 2(015)-935/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia qismən təmin edilərək, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qazax Rayon Məhkəməsinin 2(023)-595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi; Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4 və 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməsi hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentə dair hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırda azyaşlı uşaqlar 9 yaşlarında olmaqla gündəlik tələbatı artmış və əlavə maddi qayğıya ehtiyacı vardır. Hazırda onlar məktəbə gedir, yaş durumları əlavə maddi ehtiyacların yaranmasına səbəb olur və nəticə etibarı ilə azyaşlı uşaqların saxlanılması üçün tutulan alimentin məbləği kifayət etmir. Uşaqların bütün qayğısı və ehtiyacları isə onun tərəfindən qarşılanır. Onun təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək çox çətindir. Uşaqlara yalnız mənəvi dəstək ola bilir. Cavabdeh özü isə hazırda mediatr kimi fəaliyyət göstərir və şəxsi obyekti olmaqla onu kirayə verir. Cavabdeh kifayət qədər qaanc əldə edir və hazırkı alimentdən əlavə pul ödəmək üçün yeterli imkana malikdir. Cavabdehin himayəsində digər uşaqların olması onun hazırda alimentin miqdarının artırılmasından azad etmir və artırılmış aliment məbləği də azyaşlı uşaqların mənafeyinə və tələbatlarına uyğun deyildir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəməyə qarşılıqlı idda verərək alimentin hər uşaq ücün 130 manatdan 100 manatadək azaldılmasını tələb etmişdir. Lakin, məhkəmə bunu nəzərə almamışdır. Həmin məhkəmə iclasında iştirak edərək və lazimi sənədlər təqdim edərək bildirmişdir ki, hazırda alimet ödədiyi uşaqlardan başqa əlavə 3 övladı var və aylıq qazancı minimum əməkhaqqından çox aşağıdır. Halbuki, iddiaçı yüksək məbləğdə əməkhaqqı alır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, həkim işləyir və 1100 manat əməkhaqqı alır. Lakin uşaqlar böyüdükcə maddi təlabatlarıda artır. Müəyyən olunmuş aliment uşaqların maddi təlabatını ödəmək üçün kifayət etmir. İddiaçı sonda məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, onun tərəfinədn verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddiaçı tərəfin verdiyi apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikahlarından anadan olmuş iki uşağın saxlanılmasına görə hər ay ümumilikdə 260 manat aliment ödəyir. Həmçinin, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin ailə münasibətindən bir uşağı dünyaya gəlmişdir. Mediator işləyir və gəliri çox azdır. Cavabdeh sonda məhkəmə kollegiyasından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməsi hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
17. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. İki apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qazax Rayon Məhkəməsinin 2(023)-595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi» hissədə dəyişdirilməli, Qazax Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(023)-595/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində müəyyən edilməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər ailə qurmuşlar və birgə ailə münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X1 və X4 adlı uşaqları anadan olmuşdur. Qazax Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(023)-595/2018 saylı qətnaməsi ilə tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları görə cavabdeh (ata) Cavabdeh iddiaçı (ana) İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat alimentin sabit məbləğdə aliment tutulmuşdur. Hazırda iddiaçı müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etmədiyini bildirir və müəyyən olunmuş alimentin artırılmasını tələb edir. Cavabdehin dəlili ondan ibarətdir ki, maddi imkanı zəif olduğundan yüksək məbləğdə aliment ödəyə bilməz.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
35. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi).
37. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi).
38. İlk növbədə qeyd edilməlidir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 2018-ci ildə məhkəmə qətnaməsi əsasında hər ay hər uşaq üçün 130 manat sabit məbləğdə aliment tutulmuşdur. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edilən vaxt xx.xx.2015-ci il təvəllüdlü X1 və X4 adlı uşaqlar hələ 3 yaşında olmuşlar. Alimentin təyin edildiyi vaxtdan hazırkı vaxtadək 6 ildən çox müddət keçmişdir və hazırda həmin uşaqlar 9 yaşındadır. Nəzərə almaq lazımdır ki, bir çox hüquq münasibətləri kimi uşaqların saxlanılması üçün tutulan aliment də davam edən hüquq münasibətidir. Azərbaycan Respublikasının qanunvericiliyi dinamik inkişaf edir və dövri olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı, həmçinin hüquq və vəzifələrə təsir edən hüquqi faktların meydana çıxması mümkündür. Bundan əlavə, ölkə iqtisadiyyatında baş verən iqtisadi proseslər çərçivəsində bazar qiymətlərinin də mütəmadi artımı müşahidə olunur. Bu hallar isə aliment məbləğinin artırılması üçün qanuni əsas sayılır.
39. Lakin, birinci instansiya məhkəməsi tutulacaq alimentin məbləğini hər uşağa görə 150 manat məbləğində müəyyən edərkən, uşaqların azyaşlı olmasını, onların geyim, qida, sağlamlıq və təhsil xərclərinin olmasını və böyüdükcə həmin tələbatın daha da artmasını, hər uşaq üçün müəyyən edilmiş 150 manat məbləğin həmin uşaqların xərclərinin ödənilməsi üçün yetərli olmamasını nəzərə almamışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(023)-595/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Bu miqdarda aliment uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir.
41. “2024-cü ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün minimum əməkhaqqı 345 manat müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası izah edir ki, yoxlanılan hissədə alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 2(015)-935/2024 nömrəli qətnaməsi «xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qazax Rayon Məhkəməsinin 2(023)- 595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi» hissədə dəyişdirilsin. Qazax Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(023)-595/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində müəyyən edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.