Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-376/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Cavabdehn iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin (bundan sonra İB) Cavabdeh qarşı kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış “borcun tutulması” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)- 2213/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 348,90 (üç yüz qırx səkkiz manat doxsan qəpik) manat borcun abonentin **********00000 saylı koduna və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq «Azəriqaz» İB-nin Azərbaycan Beynəlxalq Bankı Tərtər şöbəsindəki AZ 64İBAZ********************, nömrəli hesabına (VÖEN\**********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2213/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 348.90 (üç yüz qırx səkkiz manat doxsan qopik) manat borc abonentin **********00000 saylı koduna və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq «Azəriqaz» İB-nin Azərbaycan Beynəlxalq Bankı Tərtər şöbəsindəki 64İBAZ********************, hesabına AZ nömrəli (VÖEN\**********) ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh «Azəriqaz» İB-nin X1 İstismar İdarəsinin Ağdam rayonu üzrə xidmət sahəsində abonent kodu **********00000 olmaqla, xx.xx.2021-ci il tarixli, 2626 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. «Azəriqaz» İB-nin Tərtər RQİİ-nin Ağdam rayonu üzrə Mingəçevir xidmət sahəsi tərəfindən cavabdehin mənzilində **********4 nömrəli məişət qaz sayğacı quraşdırılmış və abonent tərəfindən istifadə edilməklə öz adına rəsmiləşdirilmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə borcu 2021-ci il tarixdən yaranmağa başlamışdır və hazırda istifadə etdiyi Təbii qaza görə abonentin borcu 348.90 manat təşkil edr. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc hələdə ödənilməmişdir. Mülki iş materiallarında olan: Paylayıcı “Azəriqaz” İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış qazın alqısatqısı barədə xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının gsötəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. Paylayıcı “Azəriqaz” İB tərəfindən təqdim edilmiş abonentin saldosundan görünür ki, istehlakçı Cavabdeh 2016-cı ilin mart ayından 2016-cı ilin dekabr ayına kimi qazdan istifadəyə görə ödəməli olduğu pul 32.811 manat olduğu halda onun tərəfindən 20.581,40 manat ödəniş edilmiş, 2017-ci ilin yanvar ayından 2017-ci ilin mart ayına kmi isə qazdan istifadəyə görə ödəməli olduğu pul 17.157,80 manat olduğu halda onun tərəfindən 12.230 manat ödəniş edilmişdir. Nəticədə onun qazdan istifadəyə görə “Azəriqaz” İB-nə 17.157,40 manat borcu qalmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(104)-3130/2022 saylı qərardadı ilə, iddiaçı “İddiaçı “Azəriqaz” İstehsalat Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun “Azəriqaz” İB-nə heç vaxt borcu olmamışdır və istifadə etdiyi qazın pulunu həmişə vaxtında ödəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən göndərilən sənədlər ona təqdim olunmadığı üçün sübutlarını birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. İşdə iştirak edən şəxsin apelyasiya məhkəməsində verdiyi izahatı Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, həmin evdə 2011-ci ildən yaşayır. Həmin borc iddiaçının tələb etdiyi məbləğdə ola bilməz. O, qazın sərfiyyatına görə ödənişlər edib. Lakin borca nisbətdə həmin məbləğlər az olub. Qazdan o məblkəğdə istifadə etməmiş, sayğac nasaz olub, ona görə də qaz havaya axıb. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Prosessual məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qətnamənin ləğv olunması tələb edildiyinə görə qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, təchizatçı “Azəriqaz” İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2011-ci il tarixli, 2626 saylı müqaviləyə əsasən paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının götəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba uyğun ödəməyi öhdəsinə götürmüşdür. Lakin, istehlakçı Cavabdeh qazdan istifadəyə görə “Azəriqaz” İBnə 348,90 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri qazdan istifadə üzrə yaranmış borcun ödənilməsindən ibarətdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə, habelə qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən qazın alqı-satqısı barədə müqavilə iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 2.5-ci bəndinə görə qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Həmin Qaydaların 5.1 və 5.2-ci bəndlərinə görə qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İş materialları ilə təsdiq olunur ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edilməmiş və təbii qazdan istifadəyə görə yaranmış borc tam olaraq paylayıcıya ödənilməmişdir. Təqdim edilmiş abonentin saldosu ilə istehlakçının paylayıcıya 348,90 manat borcu qalması təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2213/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2213/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-376/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-376/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver