Məhkəmə qərarları › İş №2(104)-381/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-381/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-381/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(040)-781/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6044,89 manat əsas, 961,85 manat faiz, 0,37 manat cərimə borcu olmaqla, cəmi 7007,11 manat kredit borcun 0,40 manat xidmət haqqının və 90,08 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına, tərəflər arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, 1944nkGNDJ/21 saylı kredit müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh ilə arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalan istehlak məqsədləri üçün 29 sentyabr 2026-ci il tarixinədək 60 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 6047 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinin şərtinə görə, borcverən müqavilədə göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin Unibank” KB ASC-yə 20 may 2022-ci il tarixinə 6044,89 manat əsas, 961,85 manat faiz, 0,37 manat cərimə olmaqla, cəmi 7007,11 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(040)-781/2022 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia təmin edilərək, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh ilə arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 1944nkGNDJ/21 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 30 sentyabr 2021-ci il tarixli 1944nkGNDJ/21 saylı kredit müqaviləsi üzrə 6044,89 manat (altı min qırx dörd manat səksən doqquz qəpik) əsas, 961,85 manat (doqquz yüz altmış bir manat səksən beş qəpik) faiz, 0,37 manat (otuz yeddi qəpik) cərimə olmaqla, cəmi 7007,11 manat (yeddi min yeddi manat on bir qəpik) kredit borcunun, həmçinin, 90,08 manat (doxsan manat səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 manat (qırx qəpik) xidmət haqqının pul əvəzinin cavabdehdən alınaraq, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: 30 sentyabr 2021-ci il tarixli, “1944nkGNDJ/21” nömrəli kredit müqailəsində görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı bank tərəfindən borcalana illik 25 faiz ödəmək şərtilə 29 sentyabr 2026-cı il tarixədək 60 ay müddətinə 6047 manat məbləğində kredit verilmiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" KB ASC tərəfindən 20 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “1944nkGNDJ/21” saylı kredit müqaviləsi üzrə 6044,89 manat əsas, 961,85 manat faiz, 0,37 manat cərimə olmaqla, cəmi 7007,11 manat borcu yaranmışdır. 07 fevral 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Kəlbəcər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(040)-781/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini və iş üzrə yeni qətnamə çxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə ona rəsmi qaydada məlumat verilməmiş onun iştirakı olmadan baxılmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş arayışı sübut kimi qəbul edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Halbu ki, məhkəmə iş üzrə ədalətli qərar qəbul etmək üçün iş üzrə ekspertiza təyin edilməsi barədə qərardad qəbul edə bilərdi. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə klollegiyasınını iclasında iştirak edən idcavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, o, 450 manat əmək haqqı alır. Həmin əmək haqqının 250 manatı aliment üçün tutulur, yerdə qalan 200 manatla isə borcunu tam ödəyə bilmir. O, dəfələrlə iddiaçı banka müraciət edərək, aylıq ödənişinin 30 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, iddiaçı bank imtina etmişdir. Buna görə də maddi vəziyyətinin nəzərə alınaraq, hesablanmış borc məbləğinin azaldılmasını və ayda 30 manat ödəmək şərti ilə qətnamə çıxarılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(040)- 781/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(040)-781/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin ilkin dəlili onun birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi ilə bağlı olmuşdur ki, iş materiallarında olan poçt göndərişinin verilməsi barədə xəbərnanmələrindən görünür ki, Cavabdeh ünvanına məhkəmə bildirişləri göndərilmiş və o həmin bildirişləri poçt göndərişinin verilməsi barədə xəbərnanmələ imza etməklə özü tərəfindən qəbul edilmişdir. Cavabdeh apelyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən elspertiza təyin edilməməsi ilə bağlı olmuşdur ki, cavabdeh hansı əsasla ekspertiza təyin edilməli olmasını əsaslandıra bilməmişdir. Cavabdehdən tələb edilən borc məbləğinin düzgün hesablanmaması ilə əlaqədar isə hər hansı bir şübhə olmamamaqla yanaşı, cavadbeh də buna dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Qətnamənin hissə-hissə icra olunmaqla bağlı cavadbehin arqumentinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qətnamə qanuni qevvəyə mindikdən sonra cavabdehin bununla bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(040)-781/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(040)-781/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Kəlbəcər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(040)-781/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(040)-781/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasında kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar