Məhkəmə qərarları › İş №2(104)-381/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-381/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-381/2025 03.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-719/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.000 (iyirmi dörd min) manat pulun və 162 manat dövlət rüsumunun, ümumilikdə 24.162 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-719/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Nemət Musayev) iddia təmin edilmiş, Cavabdeh 24000 (iyirmi dörd min) manat məbləğində pul və 162 (bir yüz altmış iki) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-719/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbi üzrə qətnamə qəbul edən zaman iş üzrə düzgün araşdırma aparmamışdır. Belə ki, məhkəmənin qənaətinə əsasən o, əsassız olaraq varlanmış şəxs hesab edilmişdir. Lakin məhkəmə əmlakın kimin istifadəsində olmasını müəyyən etməmişdir. Belə ki, sözügedən əmlak daimi olaraq iddiaçının istifadəsində olmuşdur. Bununla belə, sözügedən əmlakın onun barəsində olan cinayət işi üzrə icraat zamanı heç bir məhdudiyyət qoyulmamış, məhkəmə həmin hissələri araşdırmamış, yalnız iddiaçının iddia ərizəsi və ona əlavə etmiş olduğu sənədlər üzrə qətnamə qəbul etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdehin Qazax şəhəri Ə.Şıxlınski küçəsində yerləşən ticarət ticarət obyektini almaq qərarına gəlmiş və həmin obyektin qiymətini 24.000 manata razılaşmışlar. O, obyekti almaq məqsədi ilə 24.000 manat pulu Cavabdeh vermiş və bu barədə akt tərtib edilmiş və obyektinin idarə edilməsi üçün ona etibarnamə vermişdir. Lakin cavabdehin barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmış və həmin ticarət obyekti hərraca çıxarılmaqla satılmışdır. Ona görə də, oğlu Elsevər həmin obyekti hərracda 9600 manata almışdır. Onun verdiyi 24.000 manat pulu isə qaytarmaq istəmir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-719/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 09 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində layihələndirilən 1-2 (bir-iki) mərtəbəli qeyri-yaşayış (ticarət cərgəsi) obyektləri (Sifarişçi - Cavabdeh, Aybəniz qızı Əsgərova, X8, X11, X4, X2, X12, X6, X1, X9, X7, X13 və X8. xx.xx.2019-cu il tarixli, A№329845 saylı torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,0032 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) sahəsi Daşınmaz əmlakın bölünməsinə dair saziş, 3M-34, xx.xx.2019, Qazax rayon DNK, Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 4Ə-92, xx.xx.2019, ƏMDK-nın yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1183194, xx.xx.2017. əsasən Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,0032 ha torpaq sahəsi tam olaraq Cavabdeh adına xx.xx.2019-cu il tarixdə **********80 reyestr nömrə ilə qeydə alınmışdır. AR-İİ seriyalı, 925607 nömrəli, 29 mart 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinin ********** nömrə ilə qeydiyyata **********80 qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən Qazax şəhəri, Əliağa Şıxlinski küçəsi, 16B torpaq sahəsi ilə əlaqədar onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi İddiaçı etibar etmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh özünə məxsus Qazax şəhəri Əliağa Şıxlinski küçəsində yerləşən ticarət obyektini (maqazin binasını), Ağstafa rayonunun Qarahəsənli kənd sakini İddiaçı 24000 manata satıbdır. Mağaza binasının yerləşdiyi torpaq sahəsinin satışına müvəqqəti icazə olmadığına görə alqı-satqının notariusda rəsmiləşdirilənə qədər bu aktla aşağıdakı şərtlərlə X5 24000 manat pulu Cavabdeh verdi. Cavabdeh həmin pulu onların yanında sayaraq qəbul etdi və həmin obyektə görə İddiaçı notariat qaydasında baş etibarnamə verməklə, əgər gələcəkdə obyektlə bağlı mübahisə yaranarsa İddiaçı ona ödədiyi 24000 manatın iki qatını ona qaytaracağına qaytaracağına dair məsuliyyəti öz üzərinə götürmüşdür. Aktı Cavabdeh, İddiaçı, Əliyev Səfər, Sadiqi Səbuhi və Babayev Nurlan imzalamışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 01 aprel 2025-ci il tarixli məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,1098 ha torpaq sahəsinə dair Qazax bələdiyyəsinə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Qazax rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-92 reyestr nömrəli alqı-satqı müqaviləsi və 8i-442 reyestr nömrəli torpaq sahəsinin bölünmə planı əsasında ünvan 4 ünvanında yerləşən 0,0032 ha torpaq sahəsinə dair Cavabdeh adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hərracın yekunları barədə xx.xx.2024-cü il tarixli, 12/01 nömrəli protokolu əsasında ünvan 4 ünvanında yerləşən 0,0032 ha torpaq sahəsinə dair X3 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı cavabdehin Qazax şəhəri Ə.Şıxlınski küçəsində yerləşən ticarət ticarət obyektini almaq üçün 24.000 manat pulu cavabdehə vermiş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilərək imzalanmışdır ki, Cavabdeh özünə məxsus Qazax şəhəri Əliağa Şıxlinski küçəsində yerləşən ticarət obyektini (maqazin binasını), Ağstafa rayonunun Qarahəsənli kənd sakini İddiaçı 24000 manata satıb və mağaza binasının yerləşdiyi torpaq sahəsinin satışına müvəqqəti icazə olmadığına görə alqı-satqının notariusda rəsmiləşdirilənə qədər bu aktla aşağıdakı şərtlərlə X5 24000 manat pulu Cavabdeh verdi, Cavabdeh həmin pulu onların yanında sayaraq qəbul etdi və həmin obyektə görə İddiaçı notariat qaydasında baş etibarnamə verməklə, əgər gələcəkdə obyektlə bağlı mübahisə yaranarsa İddiaçı ona ödədiyi 24000 manatın iki qatını ona qaytaracağına qaytaracağına dair məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Qazax Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında ünvan 4 ünvanında yerləşən 0,0032 ha torpaq sahəsi hərraca çıxarılmış və hərracın yekunları barədə xx.xx.2024-cü il tarixli, 12/01 nömrəli protokolu əsasında ünvan 4 ünvanında yerləşən 0,0032 ha torpaq sahəsi X10 tərəfindən əldə edilmiş və sonuncunun adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı 24000 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MM-nin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 24000 (iyirmi dörd min) manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 24000 (iyirmi dörd min) manat pul əldə edərək, əsassız varlanmışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar