Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-383/2024 18.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1975/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1051 manat 45 qəpik məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" KB ASC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilədən əmələ gələn öhdəliyini lazımıca yerinə yetirməmişdir. "xxxx" KB ASC 03 mart 2022-ci il tarixində pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdar etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «kreditin və kredit faizinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1015,61 əsas, 6,68 manat faiz borcun, 0 manat cərimə, 0 manat komisiya haqqı borcu olmaqla, cəmi 1022 manat 29 qəpik borcun 40 qəpik xidmət haqqının və ödənilmiş 30,23 manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" KB ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1051 manat 45 qəpik məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bank” Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezdentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilənin 1.2 bəndində göstərilən qalıq məbləğini 1.3-cü bəndində göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə ona faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Bu müqavilənin 3.5.1 bəndinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyinin ən az 2 dəfə 5 təqvim günündən cox pozduqda bank borcun qaytarılmasını “Müştərin” dən tələb edə bilər. Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə üzrə 21 may 2022-ci il tarixinə "xxxx" KB ASC –yə 1015,61 əsas, 6,68 manat faiz borcun, 0 manat cərimə, 0 manat komisiya haqqı borcu olmaqla, cəmi 1022 manat 29 qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1975/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia təmin edilmiş, 1015,62 əsas, 6,68 manat faiz borcu, 40 qəpik xidmət haqqı, cəmi 1022,29 manat məbləğində borcun və ödənilmiş 30,23 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 442, 448-ci maddələrini rəhbər tutaraq iddia tələbini təmin etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, o, 20 aprel 2015-cil il tarixində Unibank KB-nin Tovuz filialından 1534 manatla (1960 ABŞ dolları) götürmüşdür. Növbəti aylarda 143 (bir yüz qırx üç) manatla ödəmiş, səkkiz ay sonra dolların kursu 170 (bir yüz yetmiş) manat olandan sonra AR-nın Prezidenti fərman verdi ki, dollarla olan kreditlərə yardım edilsin. Ona da 750 (yeddi yüz əlli) ABŞ dolları kömək edildi. Ona pay düşməsini öyrənmək üçün Unibanka yaxınlaşmış və ona cavab olaraq bildirmişlər ki, “xeyr hələ sən bizə borclusan”. Əgər o, banka borcludursa yenidən ona bank niyə pul verdi. Nə idi maddi maraq, ona görəki güya onun 2015-ci ildən onlara borcu qalıb bu yolla ona, telefonuna mesaj gəldi ki, “gəl yaxınlaş Unibanka kredit götür, sən bizim daimi müştərimiz olmusan”. O da getmiş banka həmin vaxt yəni, 2019-cu ilin dekabr ayında yazdılar və ona imzalamasını bildirdilər o da imzalamışdır lakin o, 1020 manat pulu almamışdır. Bank ona 2015-ci ildəki məsələni ödətmək istəmişdir. O da etiraz etmiş və lazımi qədər pulu ödədiyini bildirmişdir. Gəncə bankının ona verdiyi pulu necə verdi onun zamini olmadan. Ona görədə o, həmin bankı tanımır. Onların ona qarşı irəli sürdüyü iddianı əsassız hesab edir. O, ancaq Tovuz Unibankını tanıyır. Əgər borcu varıydısa niyə ona 3 dəfə bankdan pul ayırdılar: 2020 fevral ayında 1000 (bir min) manat - zamin Firudin Bayramov, 2020 noyabr ayında 1500 (bir min beş yüz) manat – zamin Manya Əsgərova, 2020 dekabr ayında isə 890 (səkkiz yüz doxsan) manat – zaminsiz. Bu məbləğlərin hamısını ödəmiş vaxtında hətta Unibankın onda Albalı kartı var, 2026-cı ilə qədər müddəti var. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. O isə iddiaçı təşkilata heç bir borcunun olmadığını dəfələrlə birlirmişdir. Lakin məhkəmə iddiaçı təşkilatın mənafeyini qoruyaraq əsassız qətnamə qəbul etmişdir. Halbuki məhkəmə iddiaçı təşkilatdan sənəd sorğusu və ya ondan çekləri tələb edib məhkəmə ekspertizası da təşkil edə bilərdi və ya bank nümayəndəsindən sorğu edə bilərdi. O isə bu tarixdən sonra 3 dəfə kredit götürüb vaxtlı vaxtında ödəmişdir. Əgər onun borcu 2019-cu ilin borcudursa ondan sonrakı tarixlərdə ona niyə 3 dəfə kredit verilmişdir. Bunlar bank nümayəndəsindən soruşulmalı və iddianın əsassız olduğu qənaətinə gəlinməli idi. Amma məhkəmə bunların heç birini etmədən əsassız olaraq onun banka borcu olduğu qənaətinə gələrək düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəfin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarida qeyd olunan mülki qanunvericiliyin normalarını əhatəli təhlil edərək kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır və birinci instansiya məhkəməsi gəldiyi nəticədə qanuni və əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarından da göründüyü kimi Cavabdeh göstərilən kredit müqaviləsi üzrə "xxxx" KB ASC-dən borc almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 03 mart 2022-ci il tarixli pretenziya məktubundan (bildirişdən) görünür ki, "xxxx" KB ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdar etmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin öhdəliyə görə iddiaçı olan bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən şərtlərə əmək etmiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir. Odur ki, iddiaçının iddia tələbinə münasibətdə təqdim etdiyi mötəbər dəlillər əsasında iddianın əsaslılığı sübuta yetirilmişdir, lakin verilmiş apellyasiya şikayətini təsdiq edəcək dəlillər cavabdeh tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1975/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-383/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-383/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver