Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-383/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzlə müəyyən olunur ki, cavabdeh 26 sentyabr 2023-cü il tarixdə iddiaçıdan 6.000(altı min) manat pulu 10 oktyabr 2023-cü ildə qaytarmaq şərti ilə borc götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı(iddiaçının adından qəyyumu Qanuni nümayəndə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə hərbi xidmətdə olarkən tanış olmuşlar, cavabdeh ehtiyacı olduğu üçün 26 sentyabr 2023-cü il tarixdə ondan 6.000 manat borc pul istəmişdir. O, pulu cavabdehə vermiş və cavabdeh bu barədə qəbz imzalamışdır. Cavabdeh borcunu 10 oktyabr 2023-cü ilədək qaytarmağı barədə öhdəlik götürsə də, öhdəliyini icra etməmişdir. Cavabdehə dəfələrlə edilmiş müraciət və xəbərdarlıqları heç bir nəticə verməmişdir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(013)- 1935/2024 nömrəli iş üzrə qəbul etdiyi 10 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilərək, cavabdehdən 6.000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materiallarında olan əl yazısı “qəbz”dən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, İddiaçı ehtiyacı olduğu üçün 6000 (altı min) manat pul almış və aldığı borc pulu xx.xx.2023-cü il tarixdə qaytaracağını bildirmiş və sözlərini öz imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 425, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh həqiqətən də iddiaçıdan borc pul almışdır. Ancaq məbləğ tələb olunan qədər olmamışdır. Cavabdeh iddiaçıdan ehtiyacı olduğu üçün 600 manat borc pul almışdır. Pulu alan zaman yanlarında şahid olmuşdur. Borc pul alarkən iddiaçı cavabdehə bildirmişdir ki, ona bu şərtlə borc pul verir ki, cavabdeh iddiaçıya 6000 (altı min) manat borc almağı barəsində qəbz verməlidir. Cavabdeh əvvəlcə iddiaçının təklifi ilə razılaşmamış, ancaq başqa yerdən pul əldə edə bilmədiyi üçün onun şərtini qəbul etmək məcburiyyətində qalmışdır. Həqiqətdə cavabdeh iddiaçıdan altı yüz manat borc pul almışdır. Cavabdeh Qarabağ müharibə veteranı kimi 80 manat müavinət alır. Həmin kartı və hərbi vəsiqəsinii iddiaçıya vermişdir. Cavabdehin veteran kartı 12 ay iddiaçıda qalıbdır, iddiaçı həmin kartdan cəmi 960 manat pul çıxarıbdır. Bundan əlavə iddiaçıya cavabdeh əmisi vasitəsi ilə 300 manat pul vermişdir. Cavabdeh iddiaçıdan aldığı məbləğdən artıq pul ödəmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyimdən sübutlarını və etirazlarını birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Cavabdeh həmin sübutları apellyasiya məhkəməsinə təqdim edəcək. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 26 sentybar 2023-cü il tarixində o, iddiaçıdan hər hansı məbləğdə borc pul almamışdır. Daha əvvəllər iddiaçıdan borc pul almış, onu da qaytarmışdır. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının qəyyumu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, verilmiş apellyasiya şikayətində məhkəmə aktı tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, 6.000 manat məbləğində borcun ödənilməsi məqsədi ilə həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edən iddiaçı onun tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və işin 29-cu vərəqində olan əlyazma qəbzə istinad edir. Həmin əlyazma qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə 6.000 manat borc almışdır. Cavabdeh, apellyasiya şikayətində həmin qəbzin onun tərəfindən yazılmaqla imzalandığını inkar etmir. Cavabdeh borcun məbləğini mübahisələndirərək, iddiaçıdan 600 manat borc aldığını, lakin iddiaçının tələbi ilə, onun da pula ehtiyacı olduğu üçün qəbzdə borcun məbləğini 6.000 manat qeyd etmək məcburiyyətində qaldığını göstərmişdir. Sonradan işə apellyasiya qaydasında baxılarkən cavabdeh şikayətində göstərilənlərdən fərqli məzmunda izahat vermiş və xx.xx.2023-cü il tarixdə iddiaçıdan hər hansı məbləğdə borc almadığını bildirmişdir. Göstərilənlərlə bağlı Məhkəmə bildirir ki, hazırki iş üzrə mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasında xx.xx.2023-cü il tarixdə borc münasibətlərinin yaranıbyaranmamısıdır. Yuxarıda qeyd olunduğu kimi, iş materiallarında olan və etibarlılığı cavabdeh tərəfindən mübahisələndirilməyən əlyazma qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə 6.000 manat borc almışdır. Bunun əksini təsdiq edən, yəni iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə borc münasibətlərinin yaranmasını və həmin münasibətlərin iddiaçının cavabdehə 6.000 manat borc verməsindən ibarət olmasını təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Belə olan halda hesab edilməlidir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə 6.000 manat borc vermişdir. Borcun qaytarılma müddəti xx.xx.2023-cü il tarix müəyyən edilmişdir. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etməmiş, ona olan borcu qeyd edilən müddətdə qaytarmamışdır. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçıya ümumilikdə 1.260 manat pul ödədiyini və bununla da ona borcunun olmadağını qeyd etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, cavabdehin yuxarıda qeyd edilən məbləğdə iddiaçıya borcunun olması əlyazma qəbzlə təsdiq edildiyindən, həmin qəbzin etibarsız hesab edilməsi üçün əsasların mövcudluğu məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən, bu kimi əsasların mövcud olmasını təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmədiyindən hesab edilməlidir ki, hazırki işdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Sübutetmə yükünü daşımasına baxmayaraq, cavabdeh, iddianın əsassız olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü və icra etmədiyi öhdəlik mövcuddur; cavabdehin iddiaçıya 6.000 manat məbləğində borcu var və o, həmin borcu iddiaçıya ödəməlidir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası əsaslıldır. Rayon Məhkəməsi iddianı tam həcmdə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdam Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə tərəflər rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-383/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-383/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver