Məhkəmə qərarları › İş №2(104)-386/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-386/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-386/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh2 və onun nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)-625/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 (otuz min) manat pulun və 180 (yüz səksən) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasmı xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 ilə təxminən 5 ildir ki, qonşudurlar. Onlarla əvvəllər münasibətləri çox yaxşı olmuş, bir-birilərinə həmişə əl tutmuşlar. O, Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən özünə tikdirdiyi yarımcıq tikili evini başa catdırmaq üçün bankdan kredit götürmüşdür. Bundan əlavə özündə də xeyli pul olmuşdur. 2021-ci ilin iyun ayında cavabdehlər ondan borc istəmişlər və avqust ayında borcu qaytaracaqlarına söz vermişlər. İyun-iyul aylarında cavabdehlərə hissəhissə olaraq cəmi 60000 manat borc vermişdir. Avqust ayında özü pulunu onlardan tələb etdikdə, onlar 10.000 manat qaytararaq, qalıq 50.000 manatı isə qeyri-müəyyən müddətə qaytaracaqlarını ona bildirmişlər. Bu səbəbdən aralarında münaqişə baş vermişdir. Cavabdeh və onun əri iddiaçını hədələdiklərinə görə o, məcbur olub Kəpəz Rayon Polis Şöbəsinə müraciət etmişdir. Şikayət ərizəsi Kəpəz Rayon Polis Şöbəsində araşdırıldıqdan sonra xx.xx.2021-ci il tarixdə "cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 Polis şöbəsində izahat verərək ondan aldıqları 60.000 borcdan 14.500 manatını qaytardıqlarını və 45.500 manat borclarının qaldığını etiraf etmişlər. İş polisdə araşdırılan ərəfədə onlar iddiaçıya 10.000 manat da qaytarmışlar. Bundan sonra onların 35.500 manat borcları qalmışdır. Sonra cavabdehlər ona söz vermişlər ki, 2022-ci ilin mart bayramına qədər bütün borclarını ödəyəcəklər. Eyni zamanda həmin vaxta qədər isə, aybaay borclarından 1000-1500 manat olmaqla qaytaracaqlar. Bundan sonra cavabdehlər ona 2021-ci ilin noyabr ayında 1500, dekabr ayında 1000 manat, 2022-ci ilin yanvar ayında 1000 manat və fevral ayında 1000 manat pul qaytarmışlar. Bundan sonra onların iddiaçıya 30.000 manat borcları qalmışdır. Cavabdehlər mart bayramına qədər bütöv borcu qaytaracaqlarına söz vermələrinə baxmayaraq, qalıq borclarını ödəməkdən müxtəlif bəhanələrlə imtina etmişlər. Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)-625/2022 saylı qətnaməsi ilə (hakim A.Qələmdar) iddia təmin edilərək, Cavabdeh1 və X2 30000 (otuz min) manat məbləğində borc və 180 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sübutlar: 20 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 35500 (otuz beş min beş yüz) manat məbləğində pul vəsaitinə dair müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən 35 (otuz beş) aydan gec olmayaraq, hər ayın 20-si tarixində, ilk ayında 1500 manat, növbəti hər ay 1000 manat olmaqla 20 oktyabr 2023-cü ilə tarixədək borc məbləğini tam həcmdə geri qayatrmağı Cavabdeh1 öz öhdəsinə götürmüşdür. 20 noyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 20 noyabr 2021-ci il tarixdə Cavabdeh1 İddiaçı borc müqaviləsinə əsasən 1500 manat ödəniş etmişdir. 20 dekabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 20 dekabr 2021-ci il tarixdə Cavabdeh1 İddiaçı borc müqaviləsinə əsasən 1000 manat ödəniş etmişdir. 20 yanvar 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 20 yanvar 2022-ci il tarixdə Cavabdeh1 İddiaçı borc müqaviləsinə əsasən 1000 manat ödəniş etmişdir. 20 fevral 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 20 fevral 2022-ci il tarixdə Cavabdeh1 İddiaçı borc müqaviləsinə əsasən 1000 manat ödəniş etmişdir. Apellyasiya şikayətinin dəlilləri. Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)-625/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh X6 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)-625/2022 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X6 apellyasiya şikayətini onunla əsaslandırmış ki, o Cavabdeh1 ilə 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Lakin ailə həyatı qurduqdan sonra bir müddət onların münasibətləri normal ailə münasibəti kimi olsa da sonradan cavabdehin hərəkətləri nəticəsində aralarında həmişə davadalaş olmuşdur. Belə ki, Cavabdeh1 onun xəbəri olmadan müxtəlif şəxslərdən külli miqdarda sələm, borc pul götürmüş və həmin pulların hara xərclənməsi naməlumdur. Bildiyinə görə görə bu pulları öz valideynlərinə vermişdir. Ona görə də hələ 2021-ci avqust ayında nikahlarının pozulması üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesinə başlamış və ilkin mediasiya prosesindən keçdikdən sonra həmin ilin sentyabr ayının sonlarında məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası 15 oktyabr 2021-ci il tarixdə keçirilərək iş noyabr ayına məhkəmə baxışına təyin edilmişdir. Lakin noyabr ayının əvvəllərində Cavabdeh1 ona yalvararaq barışmaq, ailəsinin dağılmamasını istədiyini bildirmiş, o da uşaqlarının xatirinə onunla razılaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 həmin vaxt işləri məhkəmədə olarkən İddiaçı ilə borc (kredit) müqaviləsi bağlayıbmış. Buna görə də yenidən nikahlarının pozulması üçün məhkəməyə müraciət etmişdir. Bu pulların götürülməsindən və hara xərclənməsindən onun xəbəri olmamışdır. Buna baxmayaraq, İddiaçı götürülmüş pulları hər ikisindən tələb etmiş, məhkəmə isə hər hansı bir araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq həmin pulların Cavabdeh1 ilə birlikdə ondan da tutulmalı olduğu qənaətinə gəlmişdir. Bundan başqa qətnamədə onun ifadələri də tamamilə təhrif edilmişdir. Belə ki, guya o məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh1 ilə birlikdə iddiaçıdan borc almışlar. Əslində qeyd etdiyi kimi, onun bu pulların alınmasından və hara xərclənməsindən xəbəri olmamış və ona görə də heç vaxt məhkəmədə belə bir ifadə verə bilməz. Həmçinin, Polis İdarəsində də heç vaxt iddiaçıdan birlikdə borc almağları barədə ifadə verməmişdir. İş materiallarına nəzər yetiriləndə məlum olur ki, sözügedən borc müqaviləsi 20 oktyabr 2021-ci il tarixində bağlanmışdır. Aydındır ki, həmin vaxt ayrı yaşamağlarına görə onun bundan xəbəri ola bilməzdi. Lakin məhkəmə hər hansı bir araşdırma aparmadan, heç bir mötəbər sübuta əsaslanmadan tamamilə qanunsuz bir qətnamə çıxarmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, məhkəmə sözügedən qətnaməni çıxaran zaman maddi və prosessual huquq normalarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi ona aid hissədə rədd edilməlidr. Ona görə də qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətindədir. Məhkəmənin gəldiyi qənaətə görə borc müqaviləsinə əsasən ödənilməli olan pulu Cavabdeh1 ilə birlikdə o da ödəməlidir. Lakin məhkəmə öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. Nə iddiaçı, nə də ki, digər cavabdeh tərəfindən məhkəməyə qeyd edilən pulların götürülməsindən onun xəbərinin olmasını və həmin pulların ailə ehtiyacları üçün istifadə olunmasın təsdiq edən hər hansı bir mötöbər sübut təqdim edilməmiş, buna baxmayaraq məhkəmə yalnız iddiaçının həmin əsassız mülahizələrinə istinad etməklə iddia tələbinin ona aid hissədə də təmin olunması barədə qətnamə çıxarmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, polisdəki izahatlardakı imza ona məxsus deyildir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkil X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 hüquqi savadı olmadığından məhkəmə iclas protokoluna qeyd verməyi də bilməmişdir. Qətnamə çıxarıldıqdan sonra isə ona müraciət etdikdə protokola dair qeyd vermək 3 günlük müddət keçdiyindən protokla dair qeyd verməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, borc məbləğlərini hissə-hissə olmaqla, 8000, 10000 və sair məbləğlərdə Cavabdeh1 və əri Cavabdeh2 birlikdə vermişdir. Məhkəməyə təqdim etdiyi səs yazısında da Cavabdeh1 borcun birlikdə götrülməsini etiraf etməkdədir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X4 bildirmişdir ki, polisdə verilmiş izahatlarla, ən əsası isə cavadbeh Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatla borcun iddiaçıdan birlikdə alənması təsdiq olunmaqdadır. Cavabdeh birinci instansiya məhkəməsində belə bir izahat verdiyini bildirsə də protokola dair qeyd verməmişdir. Cavabdehlərin nikahlarının pozulması ilə bağlı əvvəl qaldırdıqları iddia, daha sonra isə nikahlarının pozulması hesab edir ki, formaldır. Onlar nikahları pozulsa da birlikdə yaşamaqdadırlar. 20 oktyabr 2021-ci il tarixli müqavilə isə əslində borcun etiraf edilməsi barədə müqavilədir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavadbehlərdən Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)-625/2022 saylı qətnaməsi Cavabdeh2 30000 (otuz min) manat məbləğində borcun və 180 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 2021-ci ilin iyun-iyul aylarında iddiaçı ilə Cavabdeh1 hissə-hissə olmaqla, ümumilikdə 60000 manat borc vermilməsinə dair şifahi müqavilələr bağlanmışdır. Həmin müqavilələlər yazılı bağlanmalı olduğu halda, şifahi qaydada bağlanmış, bununla da yuxarıda qeyd olunan Mülki Məcəllənin 329.1 və 740.2-ci maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqdlər olmuşdur. İddiaçı müqavilələrin həmçinin Cavabdeh1 əri olmuş, digər Cavabdeh2 ilə birlikdə bağlandığını və onun da birgə borcalan qismində öhdəliyinin olmasını iddia etmişdir. İddiaçının bununla bağlı dəlili Cavabdeh2 polis idarəsində və birinci instansiya məhkəməsində verdiyi izahatlar olmuşdur ki, məhkəmə kollegiyası Cavabdeh2 iddiaçı ilə bağlanmış borc müqaviləsinin tərəfi olmaması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh2 polis orqanında verdiyi izahatlardakı imzanın ona məxsus olmadığını iddia etsə də, iddiaçı tərəfin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin izahatlarla da Cavabdeh2 iddiaçıdan borc məbləği arvadı ilə birlikdə alması, yəni borc müqavilələrinin tərəfi olması təsdiq olunmamaqdadır. Həmin izahatlarda Cavabdeh2 arvadı Cavabdeh1 iddiaçıdan ayrı-ayrı vaxtlarda borc götürməyini bildirməklə, borcu birlikdə ödəmələrinə dair izahatlar vermişdir. Cavabdeh1 isə borcun onun tərəfindən götürülməsini izahatlarında bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin arvadının götürdüyü borcun ödənilməsinə iştirak etməsi, dolayısı ilə borcun birgə nikah dövründə yaranmış borc olmasını qəbul etməsi, onun həmin müqavilə üzrə tərəf olması və həmin müqavilədən irəli gələn öhdəliyə görə kreditor qarşında məsuliyyət daşıması anlamına gəlməməkdədir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin protokolundan görünür ki, Cavabdeh2 məhkəmədə borc məbləğini iddiaçıdan arvadı olmuş Cavabdeh1 ilə birlikdə aldığını bildirmişdir ki, hazırda cavabdeh birinci instansiya məhkəməsinin onun izahatını təhrif etdiyini və belə bir izahat vermədiyini bildirməklə yanaşı, izahatının təhrif olunması ilə bağlı da birinci instansiya məhkəməsinin protokoluna qeyd verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavadbehin birinci instansiya məhkəməsi protokoluna hər hansı bir səbəbdən qeyd verməməsi və ya verə bilməməsi, onun birinci instansiya məhkəməsindəki izahatının mütləq həqiqət kimi qəbul edilməsini şərtləndirmir. Bu zaman cavadbehin birinci və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatının mötəbərliyi digər sübutlarla yanaşı qiymətləndirilmək həqiqət müəyyən olunmalıdır. Cavabdehin birinci instansiya məhkəməsində və hazırda verdiyi izahatlar digər sübutlarla yanaşı qiymətləndirildikdə isə cavadbeh Cavabdeh2 borc müqaviləsinin tərəfi olmaması və birgə borcalan qismində iddiaçı qarşısında məsuliyyət daşımaması təsdiq olunmaqdadır. Belə ki, tərəflər arasında mübahisənin yarandığı zaman iddiaçının polis idarəsinə ünvanladığı, iş materiallarının 45-ci səhifəsində olan ərizəsindən və 46-cı səhfəsində olan izahatından görünür ki, ərizəçi polis orqanına müraciət edərkən, yalnız Cavabdeh1 ondan borc almasını bildirmişdir. Həmçinin, polisə müraciət etdikdən sonra iddiaçı Cavabdeh1 ilə arasındakı öhdəlik münasibətini yazılı qaydada rəsmiləşdirərək, 20 oktyabr 2021-ci il tarixdə borc müqaviləsi , əslində isə mövcud borcun etirafı və ödənilməsi qaydasında dair razılaşma bağlamışlar ki, həmin müqavilə də yalnız Cavabdeh1 ilə bağlanmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş ödənişlərə dair yazılı sübutlarda da ödənişin Cavabdeh1 tərəfindən edilməsi müəyyən edilməkdədir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə Cavabdeh1 ilə olan səs yazısını təqdim edərək, həmin səs yazısı ilə borcun, həmçinin Cavabdeh2 tərəfindən götürülməsinin təsdiq edildiyini iddia etsə də bu fakt təsdiq olunmamışdır. Əksinə həmin səs yazısında iddiaçı ilkin 8000 manatın, daha sonra isə digər məbləğlərlə birlikdə 60000 manat borc məbləğinin Cavabdeh1 tərəfindən götürüldüyünü və borcun götürüldüyü zaman Cavabdeh1 pulun istənildiyi halda geri qaytaracağına dair öhdəlik götürdüyünü bildirməklə ona irad bildirməkdədir. Bundan başqa səs yazısında Cavabdeh1 danışığından götürülmüş borc məbləğinə görə əri olmuş Cavabdeh2 ilə münasibətlərinin pisləşməsi, boşanma həddinə çatmaları və götürülmüş borcun birgə ailə təsərrüfatı ilə bağlı xərclənməsinin Cavabdeh2 tərəfindən inkar edilməsi anlaşılmaqdadır ki, bu fakt da cavadbeh Cavabdeh2 borcun götürülməsindən və hara xərclənməsindən onun xəbərinin olmaması ilə bağlı şikayətinin dəlillərinin əsaslı olmasını təsdiq etməklə, iddiaçının cavadebhlərin nikahlarının pozulmasının formal olması ilə bağlı dəlillərini də əsassız etmişdir. Həmçinin, həmin səs yazısında iddiaçının və anasının borcun Cavabdeh2 tərəfindən də alınması təkidlə bildirilməklə, bu barədə Cavabdeh1 etirafı gözlənilsə də Cavabdeh1 bu faktı təsdiq etməməklə yanaşı, yalnız borcun müəyyən hissəsini birgə ailə təsərrüfatı ilə xərcləndiyini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlarla Cavabdeh2 birgə borcalan qismində arvadı olmuş Cavabdeh1 ilə birlikdə borc alması öz təsdiqini tapmamışdır. Buna görə də Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)- 625/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)-625/2022 saylı qətnaməsi Cavabdeh2 30000 (otuz min) manat məbləğində borcun və 180 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)-625/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(066)-625/2022 saylı qətnaməsi Cavabdeh2 30000 (otuz min) manat məbləğində borcun və 180 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar