Məhkəmə qərarları › İş №2(104)-387/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-387/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-387/2023 16.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(062)-1240/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən vurduğu ziyana görə 1749 manat və ödənilmiş 37,49 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(062)-1240/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Hümbətov) iddia təmin edilərək; zərərin əvəzi olaraq 1749 manatın və 37.49 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04 mart 2022-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Mercedes E240” markalı **-XS-*** dövlət qeyydiyat nişanlı avtomaşın ilə Tovuz şəhəri Heydər Əliyev prospektində yolnəqliyyat hadisəsi törətmiş və etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, zərbənin təsiri nəticəsində onun sahibliyində olan avtomaşının arxa hissəsi yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış üçüncü avtomaşına dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomaşına 4400 manat zərər dəymişdir. Cavabdeh barəsində inzibati protokol tərtib edilmiş və sonuncu 40 manat cərimə edilmişdir. Ona məxsus avtomaşına dəymiş zərərin 2651 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmiş, zərərin qalan hissəsi isə Cavabdeh tərəfindən könüllü şəkildə ödənilməmişdir. Hazırda Cavabdeh ona vurmuş olduğu zərəri könüllü ödəməkdən yayınır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, yol nəqliyyat hadisəsi zamanı iki maşına zərər dəymişdir. Sığorta şirkətinin işçiləri iki maşına birlikdə cəmi 5000 manat sığorta ödənişi edə biləcəklərini qeyd edərək iddiaçıya məxsus maşına görə 2651 manat, digər maşına isə 2349 manat ödəniş etmələrini bildirsədə, lakin İddiaçı bununla razılaşmamış, həmin vaxt sığorta işçiləri avtomaşınların təmirinin onlara məxsus servisdə apara biləcəklərini bildirdilər və bundan sonra İddiaçı razılaşaraq sığorta sənədlərinə imza etmiş və ona 2651 manatı sığorta ödənişi olunmuşdur. İddiaçı sonradan özünə məxsus avtomobilə 4400 manat naddi zərər dəyməsi ilə bağlı arayış alaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçının idarə etdiyi “Toyota Corolla” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vurmuş və həmin avtomobil zərbənin təsirindən yolun sağ tərəfində dayanmış vəziyyətdə olan digər atomobilə çırpılaraq sağ tərəfidə əzilmişdir. Sğorta şirkəti iddiaçıya 2651 manat ödəniş etsədə, iddiaçı avtomobilə 4400 manat ziyan dəyməsini və qalan məbləğin ondan tutulmasını tələb etmişdir. Halbu ki, iddiaçıya məxsus avtomobilə 4400 manat ziyan dəyməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 04 mart 2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. 09 mart 2022-ci il tarixli qüsur aktından müəyyən olunur ki, İddiaçı idarə etdiyi “Toyota Corolla” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4400 manat ziyan dəymişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 1096, 1108-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nətiucə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 04 mart 2022-ci il tarixdə “Mercedes E240” markalı **-XS-*** dövlət qeyydiyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə əməl etməmiş və nəticədə İddiaçı idarə etdiyi “Toyota Corolla” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vurmuş və zərbənin təsiri nəticəsində “Toyota Corolla” markalı avtomobil yolun sağ tərəfində dayanmış dığər avtomobilə çırpılaraq həm sol, həmdə sağ tərəfdən əzilmişdir. “Toyota Corolla” markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobil 4400 manat zərər dəymiş, həmin zərərin 2651 manatı sğort şirkəti tərəfindən ödənilmişdir. Dəymiş zərərin qalan hissəsi, yəni 1749 manat cavabdeh tərəfindən ödənilmədiyi üçün iddiaşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən müəyyən olunur ki, İddiaçı etibarnamə əsasında (sahibliyində və istifadəsində olan) idarə etdiyi “Toyota Corolla” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4400 manat zərər dəyməsi Cavabdeh təqsiri, yəni hüquqazid hərəkətləri nəticəsində baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, İddiaçı idarə etdiyi “Toyota Corolla” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində 4400 manat zərər dəyməsi işdə olan qüsur aktı ilə sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələr olmaqla həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(062)-1240/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar