Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-387/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(013)-2454/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(013)-1757/2020 saylı qətnaməsi ilə təyin olunmuş, hər uşaq üçün, hər ay 150 manat, cəmi 300 manat miqdarında alimentin artırılaraq, Cavabdeh onun, əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsində müəyyən edilərək onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(013)-2454/2023 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə iddia təmin edilərək, Ağdam Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(013)-1757/2020 saylı qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında İddiaçı xeyrinə tutulması, alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 26 oktyabr 2023-cü il tarixli, 2(013)- 2454/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah aktı qeydinin Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulduğunu və birgə nikahlarından dünyaya gəlmiş 2 övladının da onun himayəsinə verildiyini, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa 100 manat olmaqla cəmi 200 manat alimentin tutularaq ona ödənilməsini qət edildiyini, daha sonra alimentin artırılması tələbi ilə müraciət etdiyini və Ağdam Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(013)-1757/2020 saylı qətnaməsi ilə alimentin miqdarının artırılaraq, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində təyin edildiyini, hazırki dövrdə alimentin miqdarının uşağın müasir tələbatını ödəməyə kifayət etmədiyini, uşaqların böyüdüyünü və gündəlik tələbatlarınında artdığını Cavabdeh imkanının yaxşı olduğunu, onun Ağdam rayonu, Xındırıstan kəndində yerləşən hərbi hissədə xidmət etdiyini və təxminən 1500 manat əmək haqqı aldığını, lakin uşaqların saxlanmasında könüllü olaraq təyin olunmuş alimentdən əlavə maddi kömək göstərməkdən imtina etdiyin, halbuki cavabdehin qazancı və gəlirinin buna imkan verdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: AZ-İİİ seriyalı 109760 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; AZ-İİİ seriyalı 519636 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; AZ-İ № 442845 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikaha xx.xx.2017-ci il tarixində xitam verilmişdir. Ağdam Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(013)-1757/2020 saylı qətnaməsinin sürətindən görünür ki, həmin qətnamə ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(013)-1226/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, həmin nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 avqust 2023-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayışdan görünür ki, İddiaçı Ağdam rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.Onun əmək haqqı alması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Həmçinin qaldırılan iddiada alimentin artırılması ilə bağlı tələb irəli sürülsə də, məhkəmə qətnaməsi ilə iddianın növü dəyişdirilmişdir. Eyni zamanda onun hazırkı nikahından az yaşlı bir oğlu var. Lakin işə baxan məhkəmə tərəfindən qeyd etdiyi hallar nəzərə alınmadan iddia təmin edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini qeyd edib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər birgə nikaha daxil olmaqla ailə qurmuş və ər-arvad kimi birgə yaşamışlar. Onların rəsmi ailə münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adında uşaqları doğulmuşdur. Tərəflər sonradan ayrılmış və azyaşlılar iddiaçının himayəsində qalmışdır. Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(013)-2454/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Ağdam Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(013)-1757/2020 saylı qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2013cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında İddiaçı xeyrinə tutulması, alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 26 oktyabr 2023-cü il tarixli, 2(013)-2454/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Hazırda cavabdeh həmin məbləği ödəməkdə çətinlik çəkdiyini və qətnamənin dəyişdirilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2023-ci ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, Ağdam Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(013)- 1757/2020 saylı qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat müəyyən olunarkən cavabdehin rəsmi işləyib qazanca malik olduğuna dair faktlar məlum olmamışdır. Hazirki halda isə iddiaçı bildirdiyinə görə cavabdehin hərbi qulluqçu olmaqla yüksək əmək haqqı alır. Məhkəmə kollegiyası işin bu vəziyyətinə təyin olunmuş alimentin miqdarına təsir edə biləcək tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik kimi qiymət verir və uşaqlara cavabdehin əmək haqqının qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmasını mümkün sayır. Alimentin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulması barədə iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Alimentin miqdarı dəyişdirilərkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (hətta başqa nikaha daxi olduqda olduqda və himayəsində şəxslər olduqda belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Cavabdehin ikinci nikaha daxıl olması və himayəsində bir azyaşlı uşağının olması faktı, özlüyündə iddia tələbinin həllində nəzərə alınmalı olan diqqətəlayiq haldır. Lakin nəzərə alınmalıdır ki, bu hal alimentin artırılmasını istisna edən hal deyil, alimentin məbləğinə təsir edən xüsusatdır. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarınıı rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının qazancın və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası alimentin miqdarının dəyişdirilərək qazancın və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında müəyyən edilməsini əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən qazancın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin xx.xx.2023-cü il tarixdən tutulması barədə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(013)-2454/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-387/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-387/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver