Məhkəmə qərarları › İş №2(104)-388/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-388/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-388/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1388/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 oğli ilə İddiaçı ASC arasında bağlanmış 039CASA193590011 saylı xx.xx.2019-cu il tarixli tarixli Güzəşli Kredik müqaviləsinin lğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6335.59 manat əsas kredit borcu, 63.12 manat faiz borcu olmaqla cəmi 6398.71 manat məbləğində borc və 89.99 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1388/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbi təmin edilmiş, Cavabdeh1 oğli ilə İddiaçı ASC arasında bağlanmış 039CASA193590011 saylı xx.xx.2019-cu il tarixli tarixli Güzəşli Kredik müqaviləsi ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək 6335.59 manat əsas kredit borcu, 63.12 manat faiz borcu olmaqla cəmi 6398.71 manat məbləğində borc və 89.99 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və onun ödədiyi pullar hesablanmaqla əsas borcdan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 39CASA193590011 saylı xx.xx.2019-cu il tarixli tarixli Güzəşli Kredik müqaviləsin əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kredit istifadəyə görə haqq ödəmək şərti ilə 7735.59 manat məbləğində kredit verilmişdir. Güzəşt müddəti ərzində borclalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 039FİZAM78968201 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, o, Cavabdeh1 039CASA193590011 saylı xx.xx.2019-cu il tarixli tarixli Güzəşli Kredik müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 039CASA193590011 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredik müqaviləsinin Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə faiz məbləğini ödəməli idi. Lakin, 039CASA193590011 saylı xx.xx.2019-cu il tarixli tarixli Güzəşli Kredik müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə 6335.59 manat kredit borcu və 65 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 6398.71 manat qalmaqdadır. Mülki iş materiallarında olan: 039CASA193590011 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredik müqavilədən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kredit istifadəyə görə haqq ödəmək şərti ilə 7735.59 manat məbləğində kredit verilmişdir. 039FİZAM78968201 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 039CASA193590011 saylı xx.xx.2019-cu il tarixli tarixli Güzəşli Kredik müqaviləsi üzrə öhdəliklərinin oğlunun icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 039CASA193590011 saylı xx.xx.2019-cu il tarixli tarixli Güzəşli Kredik müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nə əsas borc üzrə 6335.59 manat kredit borcu və 63.12 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 6398.71 manat borcu vardır. Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən irəli sürülmşü iddiada qeyd edilən borcun məbləği həddindən artıq şişirdilmişdir. Onun banka ödədiyi pulların hamısı faiz borcuna silinmişdir. Ondan tələb olunan kredit borcu artıq göstərilmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və zamin qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan sübutlara (kredit müqaviləsi, ödəniş cədvəli, maliyə arayışı və s.) əsasən, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 039CASA193590011 saylı güzəştli kredit müqaviləsin bağlanması, həmin müqaviləyə əsasən sonuncuya illik 01 faizlə 60 ay müddətinə 7735,9 manat kredit verilməsi işin mübahisə olunmayan hallarıdır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində kredit borcunu mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, iddiaçının təqdim etdiyi maliyyə arayışında cavabdehin 30 mart 2022-ci il tarixə banka olan əsas borcu 6335,59 manat, faiz borcu isə 63,12 manat məbləğində təşkil edir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində ödənişlərinin hamsının faizlərə silinməsi göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı bildirir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, ödəniş qrafikini pozmuşdur. Bu səbəbdən də iddiaçı ödənişləri ilkin olaraq yığılmış faizlərə silməkdə qanunvericiliyin (Mülki Məcəllənin 432.4-cü və s. maddələri) tələblərini pozmamışdır. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1.12-ci bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada kredit borcu ödənilmədikdə bank bu bu qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizləri və vurulmuş zərərin əvəzinin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1388/2022 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar