Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-388/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2457/2023 saylı mülki iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 168 saylı Sərəncamının surətindən görünür ki, Ağdam rayonunun inzibati ərazisindən Ağdam rayonuna müvəqqəti istifadə üçün verilmiş 2 saylı qış otlaq sahəsindən 40 ha torpaq sahəsi İddiaçı 10 il müddətinə icarəyə verilmişdir. İşdə olan Ağdam Rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı arasında bağlanmış 16 yanvar 2006-cı il tarixli 244 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixli sərəncam əsasında 40 ha torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə İddiaçı istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 85000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh icarəsinə verilmiş torpaq sahəsi əvvəllər qanuni əsaslarla onun istifadəsində olmuşdur. Belə ki, Ağdam RİB-nin xx.xx.2005-ci il tarixli 168 nömrəli sərəncamına və onlarla Ağdam rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 244 nömrəli icarə müqaviləsinə əsasən Ağdam rayonu Ergi ərazisində qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə 10 il müddətinə 40 ha torpaq sahəsi ona icarəyə verilmişdir. Həmin torpaq sahəsinin 2011-ci il tarixədək “Kronko” şirkətinin istifadəsində olduğu üçün istifadə edə bilməsələr də, daha sonra həmin torpaq sahəsindən özləri istifadə etmiş, icarə müqaviləsinin vaxtı bitdikdən sonra dəfələrlə icarə müqaviləsinin uzadılması barədə Ağdam rayon İcra Hakimiyyətinə müraciətləri olmuş, sözü gedən torpaq sahəsində məskunlaşmışlar. Həmin ərazidə özlərinə daxma tikmiş, böyük həcmdə arteziyan quyusu qazdırmış, həmin torpaq sahəsinin bir hissəsini münbit hala gətirmişdir. Həmin işlərin görülməsi üçün 10000 manat, arteziyan quyusunun qazılması üçün 45000 manat və torpaq sahəsi üzərində inşa etdiyi çoban evi üçün 30000 manat olmaqla, ümumilikdə cəmi 85000 manat xərc çəkmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-2457/2023 saylı mülki iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, hazırki işdə cavabdeh olan Cavabdeh ona qarşı iddia qaldırmış və mübahisəli torpaqdan onun çıxarılmasına dair qətnamə qəbul edilməsinə nail olmuşdur. Bundan sonra dəfələrlə cavabdehdən torpaq sahəsində görülmüş işlərlə bağlı çəkdiyi xərcləri geri tələb etsə də, o hər dəfə müxtəlif bəhanələrlə həmin pulu verməkdən imtina etmişdir. Hesab edir ki, qeyd edilən torpaqda görülən işlərə çəkdiyi ümumi 85000 manat məbləğində pulu cavabdeh ona geri qaytarmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə bildirdi ki, qeyd edilən torpaqda tikilmiş çoban evi onların öz istifadəsindədir. Qazılmış artezian quyusu hazırda Suvarma Sistemləri İdarəsinin balansındadır. Əvvəllər onların icarəsinə verilmiş torpaq sahəsini isə cavabdeh istifadə edir. Həmin torpaq sahəsini müqavilə əsasında oğlu İddiaçı Ağdam rayon İcra Hakimiyyətinin Başçısından almışdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanunu Maddə 10.Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Maddə 22. İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Maddə 25. İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binaların və qurğuların müqəddəratı tərəflərin qarşılıqlı razılığı ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı mübahisəli torpaq sahəsinin münbit hala gətirilməsi və üzərində inşa edilmiş tikililərə ümumilikdə 85000 manat xərc çəkməsini, həmin xərcin cavabdeh tərəfindən ona ödənilməli olmasını iddia etsə də, kollegiya hesab edir ki, hazırki işdə cavabdeh kimi göstərilən Cavabdeh bu iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edən Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində nəzərdə tutulmuşdur ki, İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binaların və qurğuların müqəddəratı tərəflərin qarşılıqlı razılığı ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Artıq yuxarıda qeyd edildiyi kimi, mülki işin materialları ilə müəyyən olunur ki, qoyunçuluğu inkişaf etdirmək məqsədilə İddiaçı istifadəsinə verilmiş 40 ha torpaq sahəsi Ağdam Rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı arasında bağlanmış 16 yanvar 2006-cı il tarixli 244 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında verilmişdir. Göründüyü kimi, İddiaçıla hazırki işdə cavabdeh kimi göstərilən Cavabdeh arasında hər hansı bir icarə münasibətləri mövcud deyildir. Ona görə də kollegiya belə hesab edir ki, hazırki işdə cavabdeh kimi göstərilən Cavabdeh bu iddiaya cavab verməli olan şəxs deyildir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə bildirdi ki, sözügedən torpaq sahəsində tikilmiş çoban evi hazırda da onların öz istifadəsindədir. Yəni, həmin evə Cavabdeh heş bir aidiyyəti yoxdur. Qazılmış artezian quyusu hazırda Suvarma Sistemləri İdarəsinin balansındadır. Yəni, həmin artezian quyusuna da Cavabdeh heş bir aidiyyəti yoxdur. O ki, qaldi əvvəllər onların istifadəsində olmuş torpaq sahəsinin münbitləşdirilməsinə çəkilmiş xərclərlə bağlı iddia tələbinə həmin xərclərin torpaq sahəsinin iddiaçının istifadəsində olduğu zaman ərzində çəkildiyi bildirilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət omaqla, iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2457/2023 saylı mülki iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-388/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-388/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver