Məhkəmə qərarları › İş №2(104)-392/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-392/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-392/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Məmmədov Ülvü Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(125)-3392/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 (iyirmi beş min) manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tanışı Cavabdeh 2023-cü il 10 fevral tarixində 25000 (iyirmi beş min) manat borc vermişdir. Cavabdeh ona olan borcunu qısa müddətdə, yəni 23 mart 2023-cü il müddətdə qaytaracağını bildirmiş və bu öhdəliyi barədə özü tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilərək imzalanmışdır. Ancaq razılaşdırılmış müddət bitməsinə baxmayaraq, pulu qaytarmamışdır. Hazırda cavabdehdən pulunu tələb edir. Lakin cavabdeh yaxın vaxtda borcunu qaytaracağını desə də, öhdəliyini icra etmir. Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(125)-3392/2023 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlmiş, iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) isə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında ərizə təqdim edərək iddiaçı ilə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edildiyini, bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və ərizənin icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3. maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4. maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(125)-3392/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar